Özünüməşğulluq
proqramına qoşulmaq istəyirəm, bunun üçün nə etməliyəm?
Kazım
ƏHMƏDOV,
Mingəçevir
şəhəri
- Özünüməşğulluq "Məşğulluq haqqında"
Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, şəxsin müstəqil
surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. Aztəminatlı
ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq
tədbirlərinə xüsusi yer ayrılır. "Əhalinin özünüməşğulluğunun təmin
olunması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası
Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli Sərəncamına uyğun olaraq,
özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində aztəminatlı
ailələrə fərdi təsərrüfatlarının əsasını qoymaq və ya inkişaf etdirmək üçün
dövlət vəsaiti hesabına birbaşa natura şəklində mal, material və digər əmlakın
verilməsi ilə dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq kənd
təsərrüfatı, istehsal və ya xidmət üzrə əmlaklar ilə təmin edilir.
Proqrama
qoşulmaq üçün işsiz və işaxtaran vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin
yerli qurumlarına və ya DOST mərkəzlərinə müraciət etməklə növbəyə yazıla bilərlər.
İşsiz, habelə "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun
4.1.3-cü maddəsinə görə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı
olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər özünüməşğulluğa cəlb edilir.
Proqramın icrası zamanı daha çox ünvanlı dövlət sosial yardım alanlara, əlilliyi
olan şəxslərə, şəhid ailəsinin üzvlərinə, 1 ildən artıq işsiz kimi qeydiyyatda
olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən
azad edilmiş işsiz şəxslərə üstünlük verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxslərə
natura şəklində material, avadanlıq və digər əmlaklar 1 il müddətinə müqavilə əsasında
verilir.
***
Mənə töhmət
verilib, amma əsassız hesab edirəm. Bilmək istəyirən, işçinin intizam məsuliyyətinə
cəlb olunmasının əsasları hansılardır və tətbiq edilən intizam tənbehi nə qədər
müddət qüvvədə qalır?
Fazil
VƏLİYEV,
Şamaxı
rayonu
- Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, işçi bu məcəllədə və
digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə,
hüquqlarından sui-istifadə etdikdə və ya əmək müqaviləsi üzrə öhdəliklərini
icra etmədikdə intizam məsuliyyətinə cəlb edilə bilər. İşçinin əmək
funksiyasını tam və ya qismən yerinə yetirməməsi, keyfiyyətsiz yerinə yetirməsi, habelə əmək müqaviləsi və müəssisədaxili
intizam qaydalarının pozulması intizam məsuliyyətinə səbəb hesab olunur. Bu
hallarda işəgötürən işçi barəsində intizam tənbehlərindən birini tətbiq edə bilər.
Əmək Məcəlləsinin 187-ci maddəsinə görə, intizam tənbehi tətbiq edilməmişdən əvvəl
işçidən yazılı izahat alınmalıdır. İntizam tənbehi əmək və ya icra intizamının
pozulması aşkar edildiyi gündən bir ay müddətində, lakin xətanın törədildiyi
gündən altı ay keçməmiş verilməlidir. Məcəllənin 190-cı maddəsinə əsasən,
verilmiş intizam tənbehi tətbiq edildiyi gündən
6 ay müddətində
qüvvədə olur. İşçi bu dövr ərzində intizamlı davrandıqda və iş funksiyalarını
düzgün yerinə yetirdikdə, işəgötürən intizam tənbehini vaxtından əvvəl ləğv edə
bilər. Eyni zamanda işçi intizam tənbehi ilə bağlı hüquqlarının pozulduğunu
hesab edərsə, fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət etmək
hüququna malikdir.
Bundan əlavə
intizam tənbehinin qüvvədə olduğu müddətdə işçi yüksək peşəkarlıq nümayiş etdirərsə
və müəssisədaxili intizam qaydalarına əməl edərək mükafatlandırılarsa, həmin
mükafatlandırma günündən etibarən tətbiq olunmuş intizam tənbehi qüvvədən
düşmüş hesab edilir.
Sualları
cavablandırdı:
Fərhad
NƏCƏFOV,
Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının üzvü