RU

Yunanıstanda 300 min illik qədim insan kəlləsi araşdırılır

Xalkidik yarımadasında yerləşən Petralona mağarasında tapılmış kəllə insanlığın təkamülü ilə bağlı yeni mübahisələrə səbəb olub. Alimlərin araşdırmalarına görə, bu kəllənin yaşı təxminən 300 min ildir və o, nə müasir insanlara (Homo sapiens), nə də neandertallara aid edilir.

Yeni elmi məqalə Journal of Human Evolution jurnalında dərc olunub. Tədqiqatçılar bildirirlər ki, Petralona kəlləsi qədim insanların ayrıca bir qoluna məxsusdur və ehtimal ki, Homo heidelbergensis növünə aid ola bilər. Bu növün nümayəndələri Avropa və Afrikada təxminən 300 min il əvvəl yaşamış və həm Homo sapiens-in, həm də neandertalların əcdadı hesab olunur.

Kəllə ilk dəfə 1960-cı ildə aşkarlanıb və o vaxtdan bəri onun mənşəyi ətrafında elmi mübahisələr davam edir. Əvvəlki illərdə kəllə bəzən Homo sapiens, bəzən də neandertal kimi təsnif olunmuşdu. Lakin müasir metodlarla aparılan yeni morfoloji analizlər onun fərqli insan növünə məxsus olduğunu göstərir.

Oxşar tapıntılara Afrikada da rast gəlinib. Məsələn, Zambiyada aşkarlanan Kabve kəlləsi də təxminən 300 min il əvvələ aiddir və Homo heidelbergensis ilə əlaqələndirilir. Buna baxmayaraq, bu kəşflərin dəqiq təsnifatı alimlər arasında hələ də müzakirə mövzusudur.

Mütəxəssislərin fikrincə, Petralona kəlləsi insanlığın mürəkkəb təkamül tarixini daha dərindən anlamağa imkan verir. Tapıntı müxtəlif insan növlərinin eyni dövrdə mövcud olduğunu bir daha sübut edir və qədim insanların həyatına işıq salır.

S.ELAY

XQ

Избранный
21
1
xalqqazeti.az

2Источники