Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunda növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 3-cü turunda “Telstar”la qarşılaşıb.
“Volendam” səfərdə baş tutmuş bu oyunda da 1 xalla kifayətlənib – 2:2.
Ozan oyunun 46-cı dəqiqəsində, komandası 0:2 hesabıyla məğlub durumda olarkən çıxıb.
Əvvəlki turlarda da heç-heçə ilə kifayətlənmiş “Volendam” 3 turdan sonra 3 xalla 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Ozan bu oyunların hər üçündə iştirak edib, 1 qol vurub.
Xatırladaq ki, Özan Can Kökçü bu ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, 2024-cü il iyul ayından HJK-da çıxış edirdi. Ozan həmin vaxt Finlandiya klubu ilə 2,5 illik müqaviləyə imza atmışdı. Millimizin üzvü bu komandanın heyətində 26 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 13 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.