RU

Türkiyə politoloqu: Türkmənistanda keçirilən üçtərəfli görüş türk dövlətlərinin birgə inkişaf əzmini nümayiş etdirir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ankara, 24 avqust, AZƏRTAC

Türkmənistanda keçirilən üçtərəfli yüksəksəviyyəli görüş türk dövlətlərinin birgə inkişaf əzmini nümayiş etdirir. Bu fikri AZƏRTAC-ın müxbiri ilə söhbətində Türkiyə Strateji və Siyasi Araşdırmalar Vəqfi (TÜRPAV) İdarə Heyətinin üzvü Sinan Demirtürk ifadə edib.

Politoloq Türkmənistan, Azərbaycan və Özbəkistan liderləri arasında yüksəksəviyyəli görüşü “Türk dünyası üçün mühüm hadisə” və Türk Dövlətləri Təşkilatına (TDT) “inteqrasiyaya töhfə” adlandırıb.

O, Bakı, Aşqabad və Daşkənd arasında sıx qarşılıqlı əlaqənin Zəngəzur dəhlizinin bir hissəsi olduğu Asiya və Avropa arasında Orta Dəhlizə təkan verəcəyinə əminliyini ifadə edib. “Türkmənistan, Azərbaycan və Özbəkistan liderlərinin görüşü həm də Avrasiyadakı proseslərə yeni iqtisadi baxışın göstəricisidir”, - deyən TÜRPAV İdarə Heyətinin üzvü Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsindən sonra Türk dünyasında dialoqun daha da gücləndiyini xatırladıb.

O, son illər Xəzərin sərvətləri ilə bağlı Bakı və Aşqabadın mövqelərinin yaxınlaşdığını, Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında Sazişin imzalandığını qeyd edib. S.Dəmirtürk Türkiyə-Azərbaycan münasibətlərini strateji müttəfiqlik səviyyəsinə çatdıran 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsinin əhəmiyyətini də diqqətə çatdırıb. “Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq modeli bütün türk dövlətləri arasında qarşılıqlı fəaliyyət üçün əsas ola bilər”, - deyən ekspert əlavə edib ki, bu nailiyyət TDT məkanında “Türk geosiyasəti” kimi xarakterizə edilən fəal dialoq sayəsində mümkün olub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
2
azertag.az

3Источники