1994-cü ildə ABŞ və Rusiya prezidentləri Bill Klinton və Boris Yeltsin Rusiyanın NATO-ya daxil olması məsələsini ciddi şəkildə müzakirə ediblər, lakin Avropa ölkələri, xüsusən də Almaniya buna qarşı çıxıb.
“Report”un məlumatına görə, məxfi sənədləri Almaniyanın "Der Spiegel" nəşri dərc edib.
Jurnal bir sıra məxfi sənədləri, o cümlədən Almaniya kansleri Helmut Kolun Klintona məktubunu, Rusiya və ABŞ-dakı alman diplomatlarının hesabatlarını, həmçinin Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Klaus Kinkelin rəsmi sənədlərini təhlil edib.
Almaniya və Avropa ölkələri demokratik və təhlükəsiz alyansda Moskvaya yer olmadığına inanaraq Klintonun Rusiyanın NATO-ya qoşulması ideyasına qarşı çıxıblar.
Bu ideyanın həyata keçirilməsinin mümkünsüzlüyünün digər səbəbi Çin və Monqolustanla sərhəddə Rusiya Federasiyasının mühafizəsi zərurəti olub.