RU

Tarixi Zəfərin simvolu

​​​​​​​Prezident İlham Əliyev: “44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixi yaddaşına şanlı bir zəfər səhifəsi kimi həkk olunmuşdur”

 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Azərbaycan dövləti və xalqı böyük birlik, həmrəylik və iradə nümayiş etdirdi. Bu milli birliyin, Azərbaycan Ordusunun peşəkarlığının, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin və diplomatik səylərin nəticəsində 44 gün ərzində Ermənistan məğlub edildi və 10 noyabr 2020-ci il tarixində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu tarixi zəfər nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və uzun illər işğal altında qalmış torpaqlarını azad etdi. Bu, təkcə hərbi qələbə deyil, həm də siyasi və mənəvi qələbə idi. Bu, qalibiyyətin davamlılığını, onun siyasi, iqtisadi və mənəvi sahələrdə də təsdiqləndiyini göstərən bir siqnaldır. Azərbaycan artıq regionda güc mərkəzinə çevrilmiş bir dövlətdir. Bu mövqe təkcə ordu gücünə yox, eyni zamanda ayıq və ağıllı dövlət siyasətinə söykənir.

Prezident İlham Əliyevin ötən həftə Kəlbəcərə səfəri bir daha göstərdi ki, Azərbaycan yalnız müharibə meydanında deyil, həm də sülh dövründə quruculuq, inkişaf və ədalətin bərpası sahəsində də tarix yazır. Kəlbəcərə qayıdış, sadəcə bir qələbə rəmzi deyil, həm də böyük gələcəyə gedən yolun başlanğıcıdır. Bu tarixi səfər, xalqın yaddaşında və gələcək nəsillərin tarix dərsliklərində Azərbaycan xalqının qürur anı kimi əbədi yaşayacaq. Cənab Prezident Kəlbəcər şəhərinə səfəri zamanı etdiyi çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbədən, xalqımızın və ordumuzun göstərdiyi qəhrəmanlıqdan, eləcə də Kəlbəcərin işğaldan azad edilməsinin əhəmiyyətindən danışmışdır. Bu çıxış həm tarixi faktların təhlili, həm də milli ruhun gücünün təcəssümü kimi dəyərlidir.

Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixi yaddaşına şanlı bir zəfər səhifəsi kimi həkk olunmuşdur. Dövlət başçısının sözlərinə görə, Azərbaycan xalqı və dövləti bir yumruq kimi birləşərək, Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etmişdir. Bu, yalnız güclü silahlı qüvvələrin deyil, həm də möhkəm xalq-dövlət birliyinin nəticəsi idi. Prezident qeyd etdi ki, müharibə dövründə bir nəfər belə döyüş meydanını tərk etməmiş, bir nəfər belə fərari olmamışdır. Bu fakt Azərbaycan əsgərinin və zabitinin Vətən sevgisinin, yüksək mənəviyyatının və ruh yüksəkliyinin bariz nümunəsidir. Əksinə, Ermənistan ordusunda onların öz etiraflarına görə 12 min fərari olmuşdur. Bu isə düşmən tərəfdə ruh düşkünlüyünün və vətənpərvərlik hissinin zəif olmasının göstəricisidir.

Müharibə başa çatanda hələ Kəlbəcər, Laçın və Ağdamın böyük hissəsi işğal altında idi. Lakin Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi və həmin sənəd əsasında bu bölgələr bir güllə atılmadan, əlavə itkilər olmadan geri qaytarıldı. Bu fakt Azərbaycanın həm hərbi, həm siyasi meydanda üstünlüyünün sübutudur.

Kəlbəcərin bir güllə atılmadan azad olunması, həm də onun coğrafi və relyef baxımından mürəkkəb bir bölgə olduğunu nəzərə alsaq, əlamətdar hadisədir. Prezidentin qeyd etdiyi kimi, dağlıq ərazidə yerləşən Kəlbəcər istənilən hərbi əməliyyat üçün çətin şərait yaradırdı. Buna baxmayaraq, bölgə döyüşsüz, sülh yolu ilə Azərbaycan Ordusunun nəzarətinə keçmişdir. Çıxışında Prezident İlham Əliyev Kəlbəcər bölgəsi ilə bağlı şəxsi xatirələrinə də toxundu. O qeyd etdi ki, müxtəlif illərdə dəfələrlə Kəlbəcərdə olmuş, Ömər aşırımından keçərək bu bölgəyə səfərlər etmişdir. Bu, onun təkcə dövlət başçısı olaraq deyil, həm də bu torpaqlara bağlı bir vətəndaş kimi Kəlbəcər haqqında məlumatlı və həssas münasibətə sahib olduğunu göstərir.

Kəlbəcərin azad olunması yalnız coğrafi ərazi baxımından deyil, həm də milli qürur və əzmkarlığın təntənəsi baxımından böyük əhəmiyyət daşıyır. Prezidentin burada etdiyi çıxış həm bölgənin yenidən qurulması istiqamətində verilən mesaj, həm də müharibənin nəticələrinin davamlılığını təsdiq edən bəyanat kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev çıxışında vurğuladı: "Keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq." Bu ifadə Azərbaycanın müharibədən sonrakı ideoloji xəttinin əsasında duran milli yaddaşın qorunmasına xidmət edir. 30 ilə yaxın işğal dövründə Azərbaycanın torpaqları təkcə fiziki baxımdan deyil, həm də mənəvi baxımdan dağıdıldı. Kəlbəcər kimi strateji və mənəvi əhəmiyyət daşıyan bölgələrdə mədəni irs, infrastruktur, təbiət və tarixi abidələr sistemli şəkildə məhv edildi. Bu gün o dağıntılar yaddaşın bir hissəsi kimi saxlanmalı və gələcək nəsillərə ötürülməlidir.

Vətən müharibəsindən sonra Ermənistanın törətdiyi dağıntıların əksinə olaraq, Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verdi. Bugünkü Kəlbəcər, Laçın, Şuşa, Füzuli və Zəngilan şəhərləri sürətlə yenidən dirçəlir və modern infrastruktura qovuşur. Bu fərq təkcə fiziki yox, həm də ideoloji mahiyyət daşıyır – biri dağıdıb, digəri isə qurub. Bu, Azərbaycan dövlətinin mədəniyyətə, inkişafa və sülhə verdiyi dəyərin real sübutudur.

30 ilə yaxın işğal dövründə Azərbaycanın torpaqları təkcə maddi baxımdan deyil, həm də mənəvi baxımdan dağıdıldı. Kəlbəcər kimi strateji və mənəvi əhəmiyyət daşıyan bölgələrdə mədəni irs, infrastruktur, təbiət və tarixi abidələr sistemli şəkildə məhv edildi. Bu gün o dağıntılar yaddaşın bir hissəsi kimi saxlanmalı və gələcək nəsillərə ötürülməlidir. Keçmişi unutmamaq, gələcək üçün dərs çıxarmaq, milli birliyi qorumaq və inkişafı davam etdirmək – bu, müasir Azərbaycanın dövlətçilik fəlsəfəsidir. Kəlbəcər bu gün təkcə bərpa olunan bir şəhər deyil, həm də milli iradənin, əzmin və yenidən doğuluşun rəmzinə çevrilmişdir. Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə etdiyi səfər və burada səsləndirdiyi fikirlər Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. Bu çıxış 44 günlük Vətən müharibəsinin əzəmətini, xalqımızın birliyini və qəhrəmanlığını bir daha nümayiş etdirmişdir. Kəlbəcərin, Laçının, Ağdamın geri qaytarılması, xüsusilə bir güllə atılmadan əldə edilən qələbələr, Azərbaycanın həm hərbi qüdrətinin, həm diplomatik bacarığının təzahürüdür. Bu gün Kəlbəcər yenidən qurulur, abadlaşdırılır və öz sakinlərini qarşılayır. Azərbaycan xalqı bu torpaqlarda əmin-amanlıq və rifah içində yaşayacaq, gələcək nəsillər bu zəfəri fəxrlə xatırlayacaqlar.

 

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

Избранный
17
2
azerforum.com

10Источники