“Sabah”ın hücumçusu Coy-Lens Mikels İdmanxeber.az saytıına müsahibə verib. Almaniyalı futbolçu “Şamaxı” qələbəsindən və digər məsələlərdən söz açıb:
– Mövsümə qələbə ilə başladınız. Oyunu necə şərh edirsən?
Oyunla bağlı onu deyə bilərəm ki, hesabı çox erkən açdıq və bu da bizim xeyrimizə oldu. Rəqib hesabı bərabərləşdirsə də, oyundan qopmadıq, hücumlarımızı davam etdirdik və nəhayət qələbə qolunu vurmağa nail olduq.
– Şamaxı səfəri həmişə çətin olur. Uzun müddətdir burada qalib gələ bilmirdiniz…
“Şamaxı” çox yaxşı təşkilatlanmış komandadır. Üstəlik, evdə oynayırdılar ki, bu da müəyyən rol oynayır. Xatırlayıram, əvvəlki illərdə də burada oyunlarımız çətin keçmişdi və bir neçə dəfə qələbəsiz ayrılmışdıq. Bu gün isə nəhayət uğursuzluğa son qoya bildik və qalib gəldik.
– Oyunun gedişində komanda yoldaşın İqor Nuqero ilə aranızda arasında bir gərginlik yaşandı. Səbəb nə idi?
Bu sırf oyun epizodu ilə bağlı idi. Kiçik bir dialoq oldu, amma Nuqero mənim çox yaxşı dostumdur. Onunla münasibətimiz əladır, ciddi heç nə yox idi.
– Yeni mövsümün ilk oyununda 2 qola imza atmısan. Bombardirlik hədəfin var?
Təxminən 2 il əvvəl bombardirliyə çox yaxın olmuşdum. Təbii ki, istəyərdim çox qol vurum, amma əsas məsələ komandanın oyunudur və “Sabah”ın qələbələridir. Baş məşqçimizin rəhbərliyi altında oynamaq mənim üçün çox rahatdır. Ümid edirəm ki, bu da nəticələrimizə müsbət təsir göstərəcək.
– Konfrans Liqasından kənar qaldınız. Cari mövsüm avrokuboklardakı çıxışınızı necə dəyərlədirirsiniz?
“Levski” ilə oyunlar artıq geridə qalıb. Təbii ki, biz mərhələ adlamaq və daha irəli getmək istəyirdik. Onlar çox yaxşı müdafiə olunan komanda idi, qol imkanlarımız da oldu, amma istifadə edə bilmədik. İndi isə həmin oyunu unutmalı və bütün diqqətimizi çempionata yönəltməliyik.
– “Sabah”ın Azərbaycan çempionatındakı hədəfi nədir?
Əsas hədəf oyundan-oyuna inkişaf etməkdir. Rəqiblərin neçə xal toplaması bizi maraqlandırmır. Məqsədimiz hər görüşdə daha yaxşı oynamaq və lazım olan xalları toplamaqdır.
Fərid Nəsibov