RU

Qəzzadakı aclıq "bəşəriyyətin uğursuzluğudur", BMT Baş katibi

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

BMT-nin Baş katibi Antonio Guterres Qəzza şəhəri və ətraf ərazilərdə yaşanan aclığı "bəşəriyyətin uğursuzluğu" kimi təsvir edib.

O, Qəzzadakı vəziyyəti "insanların yaratdığı fəlakət" adlandırıb.

Təşkilatın dünya üzrə aclıq səviyyəsini ölçən qurumu Qəzzadakı aclıq səviyyəsini 5-ci fazaya, yəni ən yüksək və ən şiddətli mərhələyə yüksəldib.

Qurum bildirib ki, Qəzzada yarım milyondan çox insan "aclıq, yoxsulluq və ölüm" kimi "fəlakətli" vəziyyətlə üzləşib.

İsrail qurumun hesabatını "açıq-aşkar yalan" adlandırıb və ərazidə aclığın olmasını inkar edib.

BMT bildirib ki, İsrail Qəzzaya yardımların girişinə məhdudiyyət qoyur, İsrail isə bunu təkzib edir.

İsraildən gələn təkzib açıqlamaları 100-dən çox humanitar qrupların, şahidlərin, BMT-nin bir çox qurumlarının, eləcə də Britaniya da daxil olmaqla, İsrailin bəzi müttəfiqlərinin dedikləri ilə ziddiyyət təşkil edir.

BMT deyir ki, Qəzzada baş verənlərə qarşı "dərhal və böyük həcmdə cavab" verilməlidir. Əks halda aclıqdan ölənlərin sayında "qəbuledilməz artım" olacaq.

Təşkilatın proqnozlarına görə, avqustun ortasından sentyabrın sonunadək aclığın miqyası Deyr əl-Bələh və Xan Yunis məntəqələrinə kimi genişlənəcək.

Bu müddət ərzində əhalinin üçdə birinin və ya təxminən 640 mindən çox insanın 5-ci fazada "fəlakətli vəziyyətlə" üzləşməsi gözlənilir.

Bundan əlavə, dördüncü fazada "fövqəladə vəziyyət"lə üzləşmiş insanların sayı 1 milyon 140 min nəfərə çatacaq ki, bu da əhalinin 58 faizini təşkil edir.

Hesabatda qeyd olunur ki, qida çatışmazlığı 2026-cı ilin iyununa kimi 5 yaşından aşağı olan 132 min uşağın həyatını təhlükə altında qoyacaq.

Müharibə başlayandan bəri Qəzzanın Səhiyyə Nazirliyi bildirib ki, qida çatışmazlığından 271 nəfər ölüb, onlardan 112-si uşaqlardır.

Aclıq səviyyəsini hesablayan qurumun birbaşa rəsmi olaraq aclıq elan etmə ixtiyarı yoxdur. Belə bir vəziyyət, adətən, hökumətlər və ya BMT tərəfindən elan olunur.

BMT-nin yardım üzrə katibi Tom Fletcher deyib ki, aclığın qarşısı tamamilə alına bilər. Lakin o əlavə edib ki, "İsrail tərəfindən sistemli şəkildə maneələrin yaradılması səbəbindən" Fələstin ərazisinə qida keçirmək mümkün deyil.

BMT Baş katibi isə bildirib ki, "Qəzzada yaşanan cəhənnəmi təsvir etmək üçün heç bir sözün qalmadığını görəndə, yeni bir söz əlavə olundu – "Aclıq!".

O, Qəzzada yaşanan aclığın "bir sirr" olmadığını deyib və vəziyyəti "insanların yaratdığı fəlakət, mənəvi günah və bəşəriyyətin uğursuzluğu" kimi təsvir edib.

Antonio Guterres əlavə edib ki, İsrailin "beynəlxalq hüquq çərçivəsində insanların qida və tibbi ehtiyaclarının qarşılanması öhdəliyi" var.

BMT-nin Fələstinli qaçqınlar üzrə agentliyinin rəhbəri Phillipe Lazzarani bildirib ki, "bu aclıq İsrail hökuməti tərəfindən təşkil edilən və süni olaraq yaradılan aclıqdır".

Təşkilatın İnsan Haqları üzrə rəhbəri Volker Turk isə aclığın "İsrail hökumətinin birbaşa fəaliyyəti" və qida girişinə "qanunsuz məhdudiyyət" qoyması nəticəsində yarandığını bildirib.

İsrail Baş naziri Benyamin Netanyahu isə bəyanatında bildirib ki, "ölkəsinin aclıq yaratma siyasəti yoxdur, aclığın qarşısını almaq siyasəti var".

Onun sözlərinə görə, müharibə başlayandan bəri İsrail 2 milyon ton yardımın Qəzza bölgəsinə girməsinə imkan yaradıb. Bu isə adam başına bir ton yardım deməkdir.

Son aylarda İsrail Qəzzadakı aclıqla bağlı beynəlxalq qınaq obyektinə çevrilib.

Artan təzyiqlərdən sonra ötən ay İsrail ordusu Qəzzaya humanitar yardımların təyyarələrdən atılmasına razılıq verdiyini açıqlayıb. Lakin Təl-Əvivin bu addımı yardım təşkilatları tərəfindən "qeyri-insani addım atmaqla diqqəti yayındırma" kimi tənqid olunub.

Bundan əlavə, havadan yardımların atılması baş versə də, bir çox hallarda Qəzza əhalisinin təhlükəsizliyi ilə bağlı xəbərdarlıqlar edilir. Yardımları götürməyə gedən insanların vurulduğuna və öldürüldüyünə dair məlumatlar var.

BBC 10 müxtəlif ərazidə göydən yardımlar düşərkən İsrail ordusunun insanları xəbərdar edərək, o ərazilərə girməməyə çağırdığını göstərən görüntülərin doğruluğunu təsdiqləyib.

İsrail BMT-nin yardım karvanı üçün humanitar dəhliz yaratdığını bildirsə də, təşkilat Qəzzaya yardım daşımaq və oradakı aclığın qarşısını almaq üçün bunun kifayət etmədiyini bildirib.

İsrail ordusu gündəlik təxminən 300 yük avtomobilinin girişinə icazə verib. Lakin BMT deyir ki, ən azı gündə 600 yardım daşıyan yük avtomobilinin bölgəyə girməsi lazımdır.

BMT-nin hesabatı İsrail ordusunun Qəzza şəhərinə hücum planı hazırladığı vaxtda yayımlanıb.

İsrail ordusu Həmasın 2023-cü ilin oktyabrında ölkənin cənubuna hücumundan sonra Qəzzaya qarşı müharibə kampaniyası başladıb. Həmasın hücumu zamanı 1200 nəfər insan ölmüş, 251 nəfər isə əsir götürülmüşdü.

İsrailin başlatdığı müharibədən bəri isə Qəzzada 62 mindən çox insan öldürülüb, Qəzza rəsmiləri açıqlayıb.

İsrailin hücumları nəticəsində şəhərdə evlərin 90 faizi tamamilə dağıdılıb və ya ciddi zərər görüb. Şəhərin səhiyyə, su, sanitar və gigiyena sistemi məhv olub.

Избранный
73
50
bbc.com

10Источники