RU

Mənəviyyatla yoğrulmuş ömür

ain.az, 525.az saytına istinadən bildirir.

Ömür heç kimə sonsuza qədər vəfa etmir. Gün üstünə gün, ay üstünə ay, il üstünə il gəldikcə ömür qısalır, daralır. Amma yaşanan elə ömürlər var ki, illərlə, yaşla yox,  daşıdığı məna yükü ilə ölçülür.

Ağaddin Babayev də belə bir  mənalı ömür yolçusu olub. Onun imzası çoxlarına tanışdır. Hələ Lənkəranın Şağlaser kənd orta məktəbinin 8-ci sinfində oxuyarkən Xalq yazıçısı Hüseyn Abbaszadənin "General" romanının məktəb  kitabxanasında keçirilmiş müzakirəsi barədə bir xəbər yazıb poçtla "Leninçi" (indiki "Lənkəran" qəzetinə) göndərir. Qəzetdə çap olunan həmin xəbər onun taleyində  mühüm rol oynayır. Ordu sıralarında xidmət etdiyi illərdə də, Bakıda İncəsənət İnstitutunda  oxuduğu dövrdə də rayon qəzeti ilə  müntəzəm əlaqə saxlayır, müxtəlif  mövzulu yazıları qəzetdə öz əksini tapır. İş elə gətirir ki, 1990-cı ilin  yanvarından Ağaddin Babayev "Lənkəran" qəzetində tərcüməçi-müxbir kimi işə qəbul edilir. Eyni  zamanda N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında  ədəbi işçi kimi də fəaliyyət göstərir.

Ağaddin müəllim bu gün cismən həyatda olmasa da, yazılarında - şeirlərində, hekayə və oçerklərində, tərcümələrində yaşayır. Onun  dünya ədəbiyyatından etdiyi  tərcümələr çox gözəl və təbii  alınırdı.

Ağaddin müəllim sənət və jurnalistika üçün doğulmuşdu. Bir  var gedib təhsil alasan, hansısa  peşəyə yiyələnəsən, bir də var ki, o sənət üçün doğulasan. Ağaddin Babayev də sənət  üçün, mənəviyyat üçün  doğulanlardan idi.

 Bir müddət mərhum Məqsud  Məmmədovun sponsorluğu ilə "Prizma" qəzeti buraxdılar. Qəzet  qısa zamanda oxucuların rəğbətini  qazandı. Ağaddin Babayev APA-nın, eləcə də "Bakinski  raboçiy", "Vışka" qəzetlərinin bölgə yazarı  idi. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər  Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü olan Ağaddin  Babayev iki kitab müəllifidir.

 "Lənkəran" qəzetində Ağaddinlə bir yerdə işləmişəm. Gülərüz, xoş xasiyyətli idi, heç kimin qəlbinə dəyməzdi, mülayim, sadə və səmimi idi. Hamımız ona Ağa deyib müraciət edirdik.

Mənfur xəstəlik ondan əl çəkmək  istəmirdi. Gündən-günə Ağaddin cismən zəifləyirdi. Aldığı müalicələr də artıq gücsüz idi. Bu il iyunun 21-i sübh azanı vaxtı Ağa  gözlərini bu dünyaya əbədi yumdu və sözü, sənəti ilə əbədiyyətə qovuşdu. Şağlaser kəndi rayonumuz belə bir cəfakeş ziyalını, qələm sərrafını 69 yaşında itirdi...

...Səhərlər, sabahlar açılacaq, lakin Ağaddin bir daha bu sabahlara oyanmayacaq. Amma o, açılan səhərləri, insanların gülüşlərini, ailəsinin həyatını ruhunda hiss edəcək. Asimandan baxacaq yer üzünə. Qədirbilən oxucular əsərlərini oxuduqca, ruhuna dualar etdikcə Ağaddin Babayevin müqəddəs ruhu şad olacaq.

Rahat yat, əziz dost! Zaman gələcək  nəvələrin, nəticələrin sənin yolunun davamçıları olacaqlar. 

 Sehran YƏDULLAOĞLU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
525.az

1Источники