Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA), Gəncə Şəhər İcra Hakimiyyəti və tərəfdaş qurumların dəstəyi ilə Məhsəti Gəncəvi Mərkəzində “Qadın Sahibkarlığa Yeni Nəfəs” adlı forum keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, sahibkar qadınlar, ictimai təşkilatların rəhbərləri, media nümayəndələri və gənclər iştirak ediblər.
Forum qadın sahibkarların məhsullarından ibarət sərgini ziyarət etməklə başlayıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rəsmi açılışda AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva qadın sahibkarların potensialının reallaşdırılmasının Assosiasiyanın əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
“Qadın Sahibkarlığa Dəstək: Sənin potensialın, bizim prioritetimizdir” adlı paneldə qadın sahibkarların məşğulluq imkanlarının artırılması, dövlət dəstəyi və biznes mühitində yeni perspektivlər müzakirə olunub. Dövlət Məşğulluq Agentliyinin Gəncə–Daşkəsən Regional filialının müdiri Elməddin Qurbanov qadınların məşğulluğu və sahibkarlıq fəaliyyətinə dəstəyin dövlət proqramlarının prioritet istiqaməti olduğunu bildirib.
Gəncə KOB Dostu Anar Əliyev isə qadın sahibkarların biznes mühitində öz yerini tapması üçün mövcud mexanizmlərin geniş tətbiq olunmasının vacibliyini vurğulayıb. İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Mühafizəsi Mərkəzinin direktoru Sitarə Hacıyeva Gəncədə qadın sahibkarlığın inkişafı istiqamətində AQSİA tərəfindən atılacaq bütün addımlara dəstək olacağını bildirib. Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Mehrac Sərxanlı isə paneldə çıxış edərək “ABB Biz” proqramı çərçivəsində qadın sahibkarlara təqdim olunan maliyyə dəstəyi və imkanlar barədə məlumat verib, bu proqramın qadınların biznes fəaliyyətinə inteqrasiyasında mühüm rol oynadığını qeyd edib.
Forum çərçivəsində qadın sahibkarların həmrəyliyinin sahibkarlığın inkişafında açar rol oynadığı vurğulanıb.
AQSİA İdarə Heyətinin üzvü, Vyana Şokolad evinin təsisçi rəhbəri Pərvanə İsgəndərova çıxışında qeyd edib ki, qadın sahibkarların gücü həmrəylikdən qaynaqlanır və qadın qadına dəstək olduqda inkişaf daha da sürətlənir.Nergiz Klinikasının direktoru və Fitoterapevtlər İctimai Birliyinin sədri Məlahət Qəhrəmanova qadın sahibkarların sağlamlıq, sosial sahə və xidmət sektorunda yeni imkanlardan yararlanmasının vacibliyini vurğulayıb.AQSİA Tovuz nümayəndəliyinin rəhbəri, “Qərb Yenilikləri” kənd təsərrüfatı istehsal və istehlak kooperativinin rəhbəri Taliyə Mənsimova isə region qadınlarının sahibkarlığa böyük maraq göstərdiyini və onların düzgün istiqamətləndirilməsinin vacibliyini diqqətə çatdırıb. “Loqos” Gəncə filialının rəhbəri Günay Hüseynova qadın sahibkarların peşəkar inkişafı və maarifləndirici təşəbbüslərdə fəal iştirakının önəmini qeyd edib.
Forum qadın sahibkarların uğur hekayələrinin paylaşılması, onların bir-birini dəstəkləməsi, dövlət qurumları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb. Tədbir iştirakçılar tərəfindən qadın sahibkarlığının gələcək inkişafına mühüm töhfə kimi qiymətləndirilib.







