RU

Kənd təsərrüfatında sudan israfçılığın qarşısı necə alınır?

Azərbaycanda quraqlığa davamlı məhsul sortlarının yetişdirilməsi istiqamətində ilkin uğurlu nəticələr var

Dünyada ciddi narahatlıq yaradan su qıtlığı artıq qlobal  problemdir. Xüsusilə su israfının qarşısının alınması üçün indi bir çox ölkələrdə ciddi elmi araşdırmalar və pilot layihələr həyata keçirilir. Bu araşdırmalar nəticəsində məlum olub ki, ən çox su israfçılığı kənd təsərrüfatı sahəsində qeydə alınır. Məhz bu sahədəki sözügedən israfçılığın qarşısının alınması üçün yeni və innovativ metodlardan istifadəyə başlanılıb.

Bəs bu istiqamətdə ölkəmizdə hansı yeniliklər mövcuddur? Qeyd edək ki, artıq aqrar sektorun modernləşdirilməsi istiqamətində ilkin addımlar atılmağa başlanılıb. Belə ki, ölkə fermerlərinə subsidiyalar ayrılarkən iqlim amillərinə təsir göstərən məsələlər önə çəkilir. Yəni, fermer Azərbaycanda bağçılıq fəaliyyəti ilə əlaqədar subsidiyalara müraciət etmək istəyirsə o, mütləq damlama suvarma sistemi qurmalıdır. Digər tərəfdən, ərzaqlıq buğdanın stimullaşdırılmasına dair proqrama uyğun olaraq, həmin sahələrdə pivot suvarma sistemlərinin genişləndirilməsi də bir tələb kimi irəli sürülür.

Buna görə fermerlərə əlavə olaraq buğdanın hər tonuna görə 100 manatdan çox məhsul subsidiyası verilir. Eyni zamanda pivot suvarma sistemləri qurmaq istəyən təsərrüfatların elektrik enerjisi ilə təmin olunması və suvarma ilə bağlı infrastruktur xərcləri dövlət tərəfindən qarşılanır. Məqsəd təsərrüfatlarda idarə olunan suvarma sistemlərinin həcminin genişləndirilməsidir. Bu sistemlər artırıldıqca artıq adaptiv bir mühit qurulur və sonrakı təsərrüfat fəaliyyətlərində daha qənaətli və daha məhsuldar bir təsərrüfatçılıq yaranır.

Bəli, məhz ən çox su tələb edən kənd təsərrüfatı sektorunda sudan qənaətlə istifadə edilsə, həm su resurslarının faydalı istifadəsinə, həm də qorunmasına şərait yaranar. Torpaq resurslarının vəziyyəti də suyun səmərəli istifadəsindən çox asılıdır. Məsələn, selləmə suvarmadan istifadə torpaq resursunu korlayır, deqradasiyaya uğradır. Resurslardan optimal istifadə edilməsi doğru mühitin formalaşmasına səbəb olur.

Bundan başqa, qeyd etdiyimiz kimi, su resurslarından səmərəli istifadəyə nail olmaq üçün qarşıda duran digər məsələ suyun itkisiz nəqlidir. Bununla bağlı dövlət başçısının müvafiq sərəncamı ilə ölkəmizdə 2020-ci ildən Su Komissiyası fəaliyyət göstərir. Həmin komissiyanın nəzarəti altında son dörd ildə ciddi infrastruktur layihələrinin qurulmasına dair qərarlar qəbul olunub. İşğaldan azad olunmuş ərazilərdə «Zabuxçay» su anbarının qurulması yekunlaşmaq üzrədir. Həmçinin  bir neçə kanalın betonlanması işləri həyata keçirilib. 2 ən böyük magistral kanal – Qarabağ və Şirvan kanallarının (keçmiş Yuxarı Şirvan) yenidən qurulmasına dair ölkə rəhbərinin müvafiq sərəncamlarının icrasına başlanılıb.

Mütəxəssislərin proqnozlarına görə, suyun nəqli zamanı torpağa hopması bir çox problemlər yaradır. İlk növbədə ciddi su itkiləri baş verir. Bəzi yerlərdə bu itkinin həcmi 60 faizə qədərdir. Digər tərəfdən, kanallardakı həmin filtirasiya olunmuş su ətrafdakı torpaqları şorlaşdırır, sıradan çıxarır. Ona görə də Kənd Təsərrüfatı Nazirliyinin (KTN) hədəfindəki  layihə harada suyu toplamaq mümkündürsə, həmin yerdə rezervuar qurmaqdır. Bu rezervuarlardan suyun nəqli imkan daxilində qapalı şəbəkələrdə, yəni borularla  aparılmalıdır. Həmçinin fermerlərə su yüksək təzyiqlə verilməlidir. Bundan sonra isə onlardan idarə olunan suvarma sistemlərinin quraşdırılması tələb olunmalıdır.

Xatırladaq ki, fermerlərə əkin üçün ayrılan subsidiyalardan başqa, suvarma sistemini qurmaq üçün də güzəştlər mövcuddur. Bu gün idarə olunan suvarma sistemləri dəstini alan fermer onun dəyərinin 20 faizini ilkin ödəniş etməklə, yerdə qalan 40 faizini uzunmüddətli kreditlə ödəyə bilir. Dəstin dəyərinin 40 faizini isə dövlət qarşılayır. Bu layihənin tətbiqi uğurla davam edir. Yəni, hazırda fermerlərə ərzaqlıq buğda proqramı çərçivəsində də əlavə infrastruktur dəstəkləri göstərilməklə bu qaydalar tətbiq olunur.

Bəs hazırda yeni metodla nə qədər kənd təsərrüfatı torpaqları suvarılır? Kənd Təsərrüfatı Nazirliyinin mətbuata açıqlamasında bildirilir ki, bu gün ölkə üzrə Elektron Kənd Təsərrütafı İnformasiya Sistemində bəyan edilən idarə olunan suvarma sistemlərinin həcmi 120.000 hektar həcmindədir. Lakin məlumdur ki, ölkədə 1,5 milyon hektar suvarılan torpaq var. Yeni sistem ümumi suvarılan torpaq sahələrinin təxminən 8,5 faizini təşkil edir.

Ancaq son illərin statistikasına diqqət yetirdikdə burada ciddi artımlar müşahidə olunur. Həyata keçirilən təşviq siyasəti artıq idarə olunan suvarma sistemlərinin artırılması zərurəti yaradır. Ona görə də yaxın zamanlarda bu sahədə artımaların davam edəcəyi gözlənilir. Yeni sistemə keçid, təbii ki, kənd təsərrüfatı sektorunun dəyər potensialını artıracaq. Nəticədə kənd təsərrüfatı məhsullarının ÜDM-dəki payı yüksələcək.

O da məlumdur ki, ölkəmizdə əkinə yararlı ərazilərimizin (xüsusən payızlıq əkin, taxıl əkinləri) 50-55 faizi dəmyə sahələrdir. Dəmyə əkinçiliyinin ümumi kənd təsərrüfatı məhsullarının istehsalında payı təxminən 10 faizə qədərdir. Adından da göründüyü kimi, burada suvarma olmadığına görə ciddi məhsul əldə olunması mümkün olmur və bu kənd təsərrüfatında ən riskli fəaliyyət istiqamətidir. Çünki son illərdə yağışların azalması müşahidə edilir ki, bu da ciddi quraqlıq deməkdir. Buna görə də həmin ərazilərlə bağlı yeni konsepsiya üzərində iş aparılır.

Xüsusilə belə bir şəraitdə quraqlığa davamlı yeni sortların yetişdirilməsi də aktuallaşır. Artıq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki  müvafiq institutlarda quraqlığa, istiyə davamlı olan sortların alınması üzərində işlər aparılır. İlkin müsbət nəticələr mövcuddur. Belə ki,  artıq KTN-in  Əkinçilik İnstitutunun sahələrində quraqlığa davamlı yeni sortlar yaradılıb və çox yaxşı nəticələr əldə olunub.Həmçinin iri aqrar şirkətlər də beynəlxalq təcrübəni araşdıraraq iqlimə uyğun olan sortları Azərbaycana gətirirlər.

Elçin Zaman, «İki sahil»

Избранный
37
ikisahil.az

1Источники