RU

Qərbi Azərbaycan İcmasının fəaliyyətinin dövlətlərarası münasibətlərlə əlaqəsi yoxdur

Xəbər verildiyi kimi, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini irəli aparan Birgə Bəyannamə imzaladılar. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” on yeddi maddədən ibarət Saziş paraflandı. Bundan sonra belə bir xəbər yayıldı ki, guya bütün bunların fonunda Qərbi Azərbaycan İcması öz fəaliyyətini davam etdirməyəcək. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini alqışladığını bildirən Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli mətbuata açıqlamasında bildirdi ki, rəhbərlik etdiyi icmanın fəaliyyətinin dövlətlərarası münasibətlərlə, sülh sazişi ilə birbaşa əlaqəsi yoxdur: "Bizim fəaliyyətimiz dinc yolla öz dədə-baba yurdlarımıza qayıtmaqdan ibarətdir. İcma heç vaxt Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə qarşı çıxmayıb. Cənab Prezidentin vurğuladığı kimi, biz Qərbi Azərbaycana tanklarla yox, maşınlarla qayıdacağıq”. Onun fikrincə, sülh gündəliyinin irəliləməsi Qərbi azərbaycanlıların dinc yolla öz yurdlarına dönməsinə şərait yaradacaq. Bu isə o deməkdir ki, Qərbi Azərbaycan İcması bu sahədə fəaliyyətini bundan sonra da daha mükəmməl formada davam etdirəcək. Bu da bir zamanlar keçmiş ittifaq rəbərliyi tərəfindən öz dədə-baba yurdlarından məcburi deportasiya edilmiş minlərlə insanın öz evinə, elinə-obasına qayıtmaqda qəti şəkildə israrlı olduğunu göstərir. Xatırladaq ki, Qərbi Azərbaycanda – Ermənistan ərazisində 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə sistemli və total şəkildə etnik təmizləmə həyata keçirilib və təcavüzkar ölkədə bir nəfər belə soydaşımız qalmayıb.

Artıq onların bu niyyətini beynəlxalq qurumlar da dəstəkləyirlər. Hətta artıq Ermənistandan zaman-zaman deportasiya olunmuş Qərbi azərbaycanlıların ata-baba yurdlarına qaytarılması, onların hüquqlarının bərpası hazırda beynəlxalq aləm tərəfindən də dəstəklənməkdədir. Məsələn, İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iyunun 21-22-də Türkiyənin İstanbul şəhərində keçirilmiş 51-ci sessiyasının yekun Bəyannaməsinə Qərbi Azərbaycan məsələsi barədə bənd daxil edilib. Bu, 3-4 iyul tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşünün nəticəsində qəbul edilmiş Xankəndi Kommünikesində də öz əksini tapıb. BMT katibliyi Prezident İlham Əliyevin 2025-ci il mayın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb. Çünki tələb haqlıdır, ədalətlidir və beynəlxalq hüquq prinsiplərinə, tarixi gerçəkliklərə söykənir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, azərbaycanlıların vaxtilə deportasiya edildikləri tarixi yurdlarına qayıtmaq haqları var və bunu heç kəs inkar edə bilməz.

Yeri gəlmişkən, Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ölkə başçısına göndərdikləri məktubda Amerika Birləşmiş Ştatlarında əldə olunan böyük nailiyyətləri suverenlik tariximizin yeni və ən möhtəşəm uğurlarından biri kimi xarakterizə ediblər: “Qazanılan bu nailiyyətlər dünya ictimaiyyətinin gözü qarşısında baş verdi və Zati-alinizin təkcə Azərbaycan üçün deyil, bütün Qafqaz regionu və Türk dünyası üçün çalışdığına hər kəs şahidlik etdi”.

Qeyd edək ki, Qərbi Azərbaycan İcması Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan birlikdir. İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların hüquqlarının beynəlxalq müstəvidə bərpası, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. “Qərbi Azərbaycan” dedikdə etnik təmizləməyə məruz qalmış azərbaycanlıların Ermənistana dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı nəzərdə tutulur.  Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Belə ki, 2022-ci il 3 avqustda "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin ümumi yığıncağında "Qərbi Azərbaycan İcması" adlanmağa başlayıb. 

Qvami Məhəbbətoğlu, “İki sahil”

Избранный
14
ikisahil.az

1Источники