RU

Fransada Baş nazir Fransua Bayru hökuməti etimad səsverməsinə çıxarılacaq

Paris, 26 avqust, AZƏRTAC

Fransa Baş naziri Fransua Bayru sentyabrın 8-də Milli Assambleyada hökumətinin etimad səsverməsinə çıxarılacağını açıqlayıb. Bu qərar ölkənin böhrana doğru gedən maliyyə vəziyyəti fonunda qəbul edilib və Bayru bunu maliyyə məsələlərinə nəzarətin əsas amili kimi əsaslandırıb.

AZƏRTAC xəbər verir ki, Baş nazirin məlumatına görə, Prezident Emmanuel Makronun razılığı ilə sentyabrın 8-də Milli Assambleyanın fövqəladə sessiyası çağırılacaq. O, bu sessiyada yeni bir siyasi proqram bəyan edəcək və onun ardınca etimad səsverməsi keçiriləcək. Əgər səsvermədən keçə bilməzsə, hökumət istefa verməli olacaq.

“Bu səsvermə, dövlət büdcəsində 44 milyard avroluq qənaət planının vacibliyini təsdiqləyəcək”,- deyə Bayru bildirib. Baş nazir iyul ayında təqdim etdiyi qənaət tədbirlərinin məqsədinin, ölkəni xroniki borc asılılığından qurtarmaq olduğunu vurğulayıb.

“İndi qərar verməliyik. Büdcəmizi tarazlaşdırmaq və dörd il ərzində – 2029-cu ilə qədər – borca nəzarəti bərpa etmək istəyirik, ya yox?”, - deyə Bayru əlavə edib. Onun sözlərinə görə, bu milli təcili məsələdir, çünki ölkə “borc lənətinə” qərq olur.

Bayrunun qənaət planına daxil olan iki bayram gününün ləğvi kimi bəzi təkliflər, ictimaiyyət və müxalifət tərəfindən kəskin tənqidlərə səbəb olub. Baş nazir buna cavab olaraq bildirib ki, bütün təkliflər etimad səsverməsindən sonra açıq şəkildə müzakirə olunacaq. Onun fikrincə, əvvəlcə əsas məsələdə, yəni istiqamət üzrə minimal razılaşma əldə edilməlidir. “Əgər bu razılaşma yoxdursa, heç nə dəyişməyəcək, biz məqsədimizə çatmayacağıq”,- deyə o bildirib.

Bayrunun bu addımı dərhal müxalifət partiyalarının sərt reaksiyası ilə qarşılanıb.

Solçu "La France insoumise" (Qeyri-itaətkar Fransa) və Fransa Kommunist Partiyası hökumətin devrilməsi üçün səs verəcəklərini açıqlayıblar. Yaşıllar Partiyası (Ekoloqlar) da eyni mövqedədir və bildiriblər ki, bu səsvermə əslində istefa anlamına gəlir.

Ən güclü sağ müxalifət qüvvəsi olan Milli Birlik (Rassemblement National) partiyası da hökumətə etimad göstərməyəcəyini açıqlayıb. Partiyanın lideri Jordan Bardella isə hökumətin sonu gəlib deyib.

Yeganə qeyri-müəyyən mövqe isə Sosialist partiyasına aiddir. Baş nazir onlardan kompromis dəstəyi gözləyir, lakin partiya hələ rəsmi mövqe bildirməyib.

Fransa hökuməti siyasi və maliyyə baxımından kritik bir mərhələyə qədəm qoyur. Sentyabrın 8-də keçiriləcək səsvermə, yalnız siyasi prosedur deyil, həm də Bayrunun və hökumətinin gələcəyini müəyyən edəcək. Müxalifətin birləşmiş təzyiqi qarşısında Bayrunun dəstək tapa bilib-bilməyəcəyi hələ ki, açıq qalır.

Избранный
20
1
azertag.az

2Источники