RU

Milli təəssübkeşlik örnəyi

Humanizm, xeyirxahlıq, xoş əməllər sahibi olmaq Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın genetik kod yaddaşı, nəcib ailəsindən ona ötürülən mənəvi irsdir. Yüksək insani dəyərlərin daşıyıcısı olan Mehriban xanım Əliyevaya bu ali keyfiyyətlər, milli-mənəvi ideallar, həm də doğulub böyüdüyü və yetişdiyi mühitdən əxz olunub.

Dinindən, dilindən, irqindən asılı olmayaraq, insanlara dayaq-dəstək olmağı, onların üzünü güldürməyi, sözün əsl mənasında, həyat amalı sayan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyat fəlsəfəsini elə özünün söylədiyi bu bir neçə kəlmə aydın ifadə edir: "Mən tam əminəm ki, mehribanlıq və səxavətlik dünyamızı daha da yaxşılaşdıra bilər. Mən inanıram ki, humanizm, mərhəmət və sevgi bizim həyatımızı daha da xoşbəxt edir".

Mehriban xanım Əliyeva humanizmə köklənmiş çoxşaxəli fəaliyyəti ilə Azərbaycan xalqının, hər bir vətəndaşın qəlbində özünəməxsus yer tutub. Sosial statuslarından asılı olmayaraq, bütün vətəndaşlarımız Mehriban xanımın timsalında özünün ən böyük hamisini, himayədarını görür. Hansısa çətinliyə düçar olan, problemlərlə üzləşən, nəyəsə ehtiyacı olan insanların üz tutduğu birinci güvənc yeri məhz Mehriban xanım Əliyevadır. Hər kəs bilir ki, Mehriban xanım ona edilən heç bir müraciətə qeydsiz qalmır, xahişi cavabsız qoymur, sidq ürəklə əlindən gələn qədər çalışır ki, insanlar naümid, çarəsiz vəziyyətdə qalmasın. 

Əbəs yerə deyil ki, valideyn himayəsindən məhrum uşaqlar Mehriban xanım Əliyevanı özlərinin mənəvi anası sayırlar. Çünki Mehriban xanım Əliyeva mütəmadi olaraq uşaq evlərində onlara baş çəkir, ünsiyyətdə olur, gələcək həyatlarında uğurlu olmaları üçün dəstək verir. Azərbaycanın birinci xanımı insanların xoşbəxt yaşamaları üçün onlara həyatın bütün sferalarında dayaq olur, təhsil, səhiyyə sahələrində əlindən gələn köməyi edir, sosial şəraitlərinin yaxşılaşdırılmasına çalışır. 

Keçmiş məcburi köçkünlərin yurd nisgillərini bölüşəndə də, şəhid analarını bağrına basıb kövrələndə də, valideyn himayəsindən məhrum uşaqları sevindirəndə də, xoş günlərdə onlarla birgə şənlənəndə də, qol götürüb oynayanda da xanım Mehriban Əliyevanı daim  xalqının yanında, onların sevincinə də, kədərinə də şərik olan görürük. 

Gücünü xalqının sevgisindən, hörmətindən, doğmalığından alan Mehriban xanım Əliyevanın Azərbaycan xalqının xoşniyyət, gülərüz, mehriban qızı olaraq əlamətdar günlərlə, bayramlarla bağlı etdiyi müraciətlərinin sonunda qürurla "Sizin Mehriban" imzasını qoyması da əbəs deyil. 

Ötən illər ərzində dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasına dayanan və uzaqgörən siyasəti sayəsində ölkəmiz tarixindəki ən qüdrətli dövrünü yaşayır. Torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü, suverenliyini tam təmin edən Azərbaycan bu gün dünyanın sayılıb-seçilən, nüfuzlu ölkələri sırasındadır. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti uzun illərdən sonra bölgəmizə barış gətirib. Bu il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyannamə imzalamaları həm Cənubi Qafqaza uzunmüddətli sülh vəd etməsi, həm də ölkəmizin möhtəşəm diplomatik qələbə qazanması baxımından böyük tarixi əhəmiyyətə malikdir. 

Azərbaycanın bugünkü qələbələr zirvəsinə ucalması birbaşa Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düzgün və düşünülmüş uğurlu siyasətin nəticəsidir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva dövlətimizin rifahına xidmət edən bu inkişaf və uğurlu strategiyaya hər zaman Prezident İlham Əliyevlə çiyin-çiyinə, onun yaxın silahdaşı kimi sidq ürəklə xidmət edir. Milli maraqlarımız uğrunda yorulmaz fəaliyyət göstərən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti çoxşaxəliliyi ilə seçilir. Hələ 2005-ci ildən etibarən üç çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmiş xanım Mehriban Əliyevanın millət vəkili kimi fəaliyyəti də praqmatik addımlarla yadda qalıb. Seçicilərinə xüsusi diqqət və qayğı ilə yanaşan Mehriban xanım Əliyeva Milli Məclisin müzakirəsinə təqdim etdiyi layihələrlə milli qanunvericiliyimizin təkmilləşməsinə əhəmiyyətli töhfələr bəxş edib. Təşəbbüskarı olduğu amnistiya aktı layihələri əsasında minlərlə insanın azadlığa çıxması xanım Mehriban Əliyevanın humanizm ideyalarına dayanan əməllərinə növbəti nümunədir. 

Azərbaycanın inkişafına, dünyada təbliğinə töhfələr verən ictimai-siyasi xadim Mehriban xanım Əliyeva fədakar silahdaş olaraq Prezident İlham Əliyevin ona həvalə etdiyi bütün vəzifələri uğurla yerinə yetirir. Onun təşkilatçılığı ilə Azərbaycan dövlətinin beynəlxalq miqyaslı neçə-neçə tədbirə layiqli şəkildə evsahibliyi etməsinin şahidi olmuşuq. İstər "Avroviziya" mahnı müsabiqəsi, istərsə də I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi tərəfindən qısa müddət ərzində yüksək təşkilatçılıq nümunəsini ortaya qoyub.

Azərbaycanda könüllülük hərəkatının inkişafında və bu sahədə qazanılan uğurlarda Birinci vitse-prezidentin böyük rolu var. Məhz hörmətli Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində yuxarıda sadaladığımız və ölkəmizin müvəffəqiyyətlə ev sahibliyi etdiyi digər mötəbər beynəlxalq tədbirlərdə, xüsusilə nəhəng iqlim sammiti COP 29-da on minlərlə könüllünün fəaliyyətinə şərait yaradıldı.

Azərbaycanın birinci xanımının ölkə idmanının inkişafında da mühüm xidmətləri var. Azərbaycan Gimnastika Federasiyasının inkişafı isə birbaşa Mehriban Əliyevanın adı ilə bağlıdır. 

2017-ci il fevralın 21-də Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması ilə Azərbaycanın siyasi idarəetmə tarixində yeni bir səhifə açılmış oldu. Buna qədər hərtərəfli və humanizm dəyərlərini əsas tutan missiyası ilə Vətənə layiqli xidmət edən Mehriban xanım Əliyevanın Prezident İlham Əliyev tərəfindən Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi təsadüfi xarakter daşımırdı, olduqca geniş, çoxşaxəli və məzmunlu fəaliyyətə əsaslanırdı. 

Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyeva fəaliyyətində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi aparıcı siyasi kursun prinsip və şərtlərinə uyğun olaraq respublikamızın inkişafını, xalqımızın sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsini prioritet götürüb.  Həmin vaxtdan ötən dövr ərzində Prezident İlham Əliyevin yüksək etimadını doğruldan təqdirəlayiq fəaliyyəti ilə Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi xalqımızın böyük inamını və sonsuz sevgisini qazanıb. Başqa cür desək, Mehriban xanım Əliyeva Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və yeni öhdəliklər götürərək onların reallığa çevrilməsi istiqamətində atdığı addımları ilə qədirbilən xalqımızın Ona olan sevgisini, məhəbbətini  daha da artırıb. Milli və ictimai məzmunlu işləri, çoxşaxəli və səmərəli fəaliyyəti ilə xanım Mehriban Əliyeva həm də Birinci vitse-prezidentlik institutunda nümunə, məktəb  yaradıb. 

 Çoxşaxəli fəaliyyətində sosial məsələlərin həllinə geniş yer ayıran Azərbaycanın Birinci vitse-prezidenti genişmiqyaslı və ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsində mühüm təşəbbüslər irəli sürüb. Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ yaradan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədilə yaradılan DOST layihəsi də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir. 

Azərbaycanın layiqli evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu da fəal iştirakı ilə xüsusi diqqət çəkdi. Təbiətin mühafizəsinə fəaliyyətində geniş yer ayıran Birinci xanım Mehriban Əliyeva BMT-nin nüfuzlu tədbiri çərçivəsində "yaşıl zona"da "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində" mövzusunda təşkil olunan konfransda etdiyi çıxışında da "yaşıl dünya"nın vacibliyini xüsusi vurğuladı. COP29-un keçirildiyi ərazidə - "yaşıl zona"da yerləşən Heydər Əliyev Fondu və qardaş Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüskarı və rəhbəri olduğu Sıfır Atık Fondunun birgə yaratdıqları Həmrəylik Mərkəzi təbiətə həssas yanaşmanı,  həqiqətən də özündə əks etdirirdi. 

Ölkəmizin rifahı naminə çalışan, bu yolda Prezident İlham Əliyevə əsl silahdaş olan Mehriban xanım Əliyevanın fəaliyyətində diqqətçəkən mühüm məqamlardan biri də onun təkcə doğma xalqımızın deyil, xalqların  inkişafına hesablanmış və çoxdan sərhədlərimizi aşan xoşməramlı missiyasıdır. Dünyada çoxsaylı müharibələr gedir, vaxtaşırı pandemiyalar yayılır, dəhşətli təbiət hadisələri baş verir. Qlobal fəlakətlərlə mübarizə və onların fəsadlarının aradan qaldırılması istiqamətində  bu gün də Mehriban xanım Əliyeva yorulmaz fəaliyyət göstərir. 

2023-cü ildə Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və göstərişi ilə zəlzələdən zərərçəkənlərə yardım və zəruri ehtiyaclar göndərildi ki, bu xoşməramlı əməl özündə təkcə humanitar yox, zəngin mənəvi çalarlar daşıyırdı. Bundan əvvəl, 2005-ci ildə Pakistanda baş verən və xeyli sayda insan tələfatına səbəb olan dəhşətli zəlzələ zamanı Müzəffərabad şəhərində  dağılmış 150 nəfərlik məktəbin yerində 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən 500 nəfərlik müasir məktəb binası inşa edilmişdir. 2012-ci ildə isə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva adına yenidən əsaslı təmir olunmuş qızlar məktəbinin açılış mərasimi keçirilmişdir. Həmçinin Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Parisdə Luvr muzeyində islam mədəniyyəti bölməsinin təşkili, Romada Müqəddəs Marçellinio və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpası və bu kimi çoxsaylı və bəşəri irsin qorunmasına xidmət edən xoşməramlı missiyası dünyada geniş rezonans doğurmuşdur. 

Mehriban xanım Əliyevanın yorulmaz və örnək götürüləsi fəaliyyətinin əsasını xalqımıza məxsus mənəvi dəyərlərin qorunması, ölkəmizin həqiqətlərinin dünyada təbliği, milli maraqlarımızın qətiyyətli müdafiəsi istiqamətində gördüyü işlər təşkil edir. Azərbaycan xalqı olaraq biz buna 27 sentyabr 2020-ci ildə başlayan zəfər yolçuluğumuz zamanı da yaxından şahid olduq. 44 günlük Vətən müharibəsinin hər günündə Mehriban xanım Əliyeva Birinci vitse-prezident olaraq bir dövlət xadimi, torpağını sevən bir azərbaycanlı kimi şanlı ordumuza, qəhrəman  xalqımıza daim dəstək nümayiş etdirdi. Həmin çətin, sınaqlarla dolu mübarizə günlərimizdə Mehriban xanım Əliyeva  haqq işimizin beynəlxalq aləmə duyurulması istiqamətində yorulmadan fəaliyyət göstərdi. Düşmənin cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və kəndlərimizi raket atəşinə məruz qoyaraq mülki əhalimizi hədəf almasını beynəlxalq aləmə çatdırdı. 

Həmin günlər rəsmi "İnstaqram" səhifəsində etdiyi paylaşımların birində Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edən birinci xanım Mehriban Əliyeva vurğulayırdı ki, bu gün xalq niyyəti, hərəkət və duaları ilə misli görünməmiş birlik göstərir: "Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!" Birinci xanımın bu duası həm də ana torpağımızın Mehriban xanım Əliyevanın qəlbində hansı əlahiddə müqəddəs məqamda olduğunun zərif təcəssümü idi. 

Haqq uğrunda Vətən savaşına çıxdığımız 44 günlük müharibə zamanı cəbhədən gələn qələbə müjdələri ilə yanaşı, şəhid xəbərləri alıb dərindən kədərlənirdik. Həmin ağır günlərdə daim xalqının yanında olan, onlarla birgə sevinib, birgə kədərlənən Mehriban Əliyeva şəhid yaxınlarına ən böyük dayaq oldu. "Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm", - deyə keçirdiyi ağır sarsıntıları, şəhid ailələrinin dərdinə şərik olmasını, onların kədərlərini bölüşməsini bu cür kövrək sözlərlə ifadə etmişdi əziz Mehriban xanım. 

Ümummilli Lider Heydər Əliyevin milli ideyalarına əsaslanan və Mehriban xanım Əliyevanın uğurla rəhbərlik etdiyi Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi dövrdə  ölkənin ictimai həyatının bütün sahələrində vacib işlərə imza atıb. Heydər Əliyev Fondu uzun illərdir təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir. Təhsil sahəsindəki "Yeniləşən Azərbaycana yeni məktəb", "İnternat məktəblərinin inkişaf proqramı", "Təhsilə dəstək" kimi layihələr də bu qəbildəndir.

Artıq 5 ildir ki, Heydər Əliyev ideyalarının daha bir təntənəsi Qarabağda və Şərqi Zəngəzurda yaşanır. İşğaldan azad edilmiş bu torpaqlar indi yenidən qurulur, onlara yeni həyat verilir. Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə indiyədək görülmüş işlərin miqyası böyük və həm də qürurvericidir. Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən görülən işlər xüsusi diqqətə layiqdir. Fondun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Qarabağda, Zəngəzurda həyata keçirilən quruculuq işləri azad edilmiş ərazilərin bərpası prosesinə böyük təkan və yaddaqalan töhfələr verir.

Vətən müharibəsindən sonra Prezident İlham Əliyevlə birlikdə  işğaldan azad olunan ərazilərimizə mütəmadi səfərlər etməsi Mehriban xanım Əliyevanın tarixi ərazilərimizin bərpası və keçmiş məcburi köçkün vətəndaşlarımızın öz yurdlarına qaytarılmasına göstərdiyi həssas münasibətin təzahürüdür. Dövlətimizin başçısı ilə birgə o yerlərə səfər edən Mehriban xanımın dağıdılmış ərazilərimizlə bağlı çəkib paylaşdığı videogörüntülər erməni vandallığını bir daha dünyaya tanıtdı. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu işğaldan azad edilən torpaqlarımızdakı quruculuq işlərinə dəstək verir, xüsusilə də düşmən tərəfindən vəhşicəsinə dağıdılan tarixi, mədəni, dini irsimizin bərpası ilə əlaqədar mühüm fəaliyyət göstərir. 

İşğaldan azad edilmiş ərazilərdə Heydər Əliyev Fondu tərəfindən ilk bərpaolunan abidələrdən biri böyük şair Molla Pənah Vaqifin məqbərəsidir. Görkəmli şairin Şuşada yerləşən büstü də Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulub. Cıdır düzündə yerləşən Mir Möhsün Nəvvab Qarabağinin məzarı və qəbirüstü abidəsi, məşhur tarzən, bəstəkar Sadıqcanın vaxtilə yaşadığı ev, "Şirin su" hamamı bərpa olunub, Milli Xalça Muzeyinin Şuşa filialı yenidən qurulub, Şuşa Yaradıcılıq Mərkəzi, Mehmandarovların malikanə kompleksi təmir-bərpadan sonra istifadəyə verilib. Üzeyir bəy Hacıbəylinin Şuşada yerləşən heykəli Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanıb. 

Heydər Əliyev Fondu Şuşada Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa, Saatlı, Mamayı və Çöl Qala məscidlərini bərpa edərək dini ayinlərini icra etmələri üçün şuşalıların ixtiyarına verib. Şuşada təməli Prezident İlham Əliyev tərəfindən qoyulan yeni məscidin tikintisi də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Həmçinin Ağdam Cümə məscidi əvvəlki görkəminə qaytarılıb, Zəngilan məscidində də Heydər Əliyev Fondu bərpa-tikinti işləri həyata keçirib.

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu Qarabağ və Şərqi Zəngəzurda tarixi mədəni ənənələrin bərpasını da həyata keçirir. Zəfər qalamız Şuşada - Cıdır düzündə fond tərəfindən keçirilən "Xarıbülbül" Musiqi festivalları bu ərazilərə milli ruhumuzun qayıdışını simvolizə edir. 

Mehriban xanım Əliyevanın vətənə xidmət qayəsinin mükəmməl örnəyini həm də qədim tarixə malik Naxçıvan Muxtar Respublikasının  timsalında da görürük. Birinci xanımın müxtəlif vaxtlarda Prezident İlham Əliyevlə birgə bu ulu diyara səfərləri muxtar respublikanın inkişafında yeni tarix yazıb. Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevlə birlikdə Əshabi-Kəhf ziyarətgahını ziyarət etməsi, 2008-ci ildə Türkiyənin o zaman baş naziri vəzifəsində çalışan Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsində onun xanımı Əminə Ərdoğanla birlikdə Naxçıvan Dövlət Universitetində olması, 2009-cu ildə Prezident İlham Əliyevlə birlikdə Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyində iştirakı Naxçıvan ictimaiyyəti tərəfindən hər zaman minnətdarlıqla xatırlanır.

2009-cu ildə Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın Naxçıvan şəhərində Heydər Əliyev Sarayının yenidənqurmadan sonra açılış mərasimində iştirakı, həmçinin Naxçıvan şəhərində "Badamlı" mineral sular zavodunun, Naxçıvan şəhərində yeni inşa olunmuş Şahmat Mərkəzinin, eləcə də Şərur rayonunda Olimpiya-İdman Kompleksinin açılışlarında iştirak etməsi də buna bariz numunələrdir. 

2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə məhdud fiziki imkanlı insanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi yaradılaraq istifadəyə verilib. Mehriban xanım Əliyevanın muxtar respublikaya böyük hədiyyəsi olan mərkəzin açılışı zamanı Prezident İlham Əliyev də Heydər Əliyev Fondu tərəfindən yaradılan bu mərkəzin vacib əhəmiyyət daşıdığını vurğulamışdı: "Burada fiziki imkanları məhdud olan uşaqlar üçün bütün şərait yaradılıbdır. Bildiyiniz kimi, Heydər Əliyev Fondu çox böyük fəaliyyətlə məşğuldur. Azərbaycanın bütün bölgələrində məktəb tikintisi, xəstəxanaların avadanlıqla təchiz edilməsi, mədəni irsimizin qorunması sahəsində böyük işlər görür. Eyni zamanda uşaqlar, yeniyetmələr, kimsəsiz uşaqlar üçün şərait yaradılır".

Xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vətən müharibəsində şəhid olmuş naxçıvanlı övladlarımızın ailə üzvlərinə, qazilərə yaxından diqqət və qayğısı isə qədirbilən naxçıvanlıların yaddaşından heç vaxt silinməyəcək.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti və digər sahələrdəki çoxvektorlu fəaliyyəti göstərir ki, Mehriban xanım Əliyeva Azərbaycan dövlətinin, xalqının rifahı və inkişafı naminə yorulmadan və səylə xidmət göstərir. Onun fəaliyyətinin qısa xronikasından da göründüyü kimi, bütün bu işlər Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının gerçəkləşməsi yönündə həyata keçib. 

Bəxtiyar ƏSGƏROV,

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri

Избранный
30
1
azerbaijan-news.az

2Источники