RU

Laçının bugünkü dirçəlişi Böyük Qayıdışın uğur göstəricisidir

Bu gün ən yeni tariximizin önəmli günlərindən biri olan 26 Avqust – Laçın Şəhəri Günü qeyd olunur. Laçının təcavüzkar Ermənistan dövləti tərəfindən işğalı 28 il davam edib. Lakin bu müddət ərzində istər Azərbaycan xalqı, istərsə də ölkə rəhbərliyi bir gün də olsun tarixi ədalətin zəfər çalacağına inamını, ümidini itirməyib. Bu faktı da xüsusi olaraq qeyd etməliyik ki, biz beynəlxalq qanunların aliliyini və tarixi ədaləti özümüz bərpa etməli olmuşuq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq Qələbə nəticəsində 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, kapitulyasiya etmiş Ermənistan dekabrın 1-də Laçın rayonunu bizə döyüşsüz qaytardı. Bu, dünya hərb tarixində həqiqətən də unikal hadisələrdən biridir.

Lakin Laçın Şəhəri Günü dekabrın 1-də yox, hər il avqustun 26-da qeyd olunur. Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli, tarixi torpağımız olan Laçın rayonu 44 günlük Vətən müharibəsinin sonunda hərbi-siyasi yolla işğaldan azad olunsa da, Laçın şəhəri və bir neçə kəndlərimiz isə məlum səbəblər üzündən Rusiyanın keçmiş “sülhməramlı” qüvvələrinin nəzarəti altında qalmaqda davam edirdi. Lakin 2022-ci ilin avqustun 26-da bu prosesə də son qoyuldu. Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi və Zabux və Sus kəndlərini nəzarətə götürməsi ilə Laçının tam olaraq öz azadlığına qovuşması prosesi uğurla başa çatıb. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 26 avqust tarixi Laçın şəhəri günü kimi müəyyən olundu. 26 avqust – Laçın Şəhəri Gününün təsis edilməsi şanlı Zəfərimizin təsdiqi kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Biz bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsini hörmətlə anır və Böyük Qayıdışın uğurla davam etməsinə sevinirik. Böyük Qayıdışın ilk və əsas ünvanlarından biri də məhz Laçın rayonudur. Bu gün “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu da azad edilmiş digər yurd yerlərimiz kimi sürətlə bərpa olunur, rayonun mərkəzində və kəndlərində genişmiqyaslı quruculuq işləri aparılır. 30 illik işğal dövründə Ermənistan tərəfindən viran edilən, mədəni irsinə böyük zərbə vurulan, tarixi-mədəni və dini abidələri, məscidləri dağıdılaraq vandalizmə məruz qalan Laçın indi büsbütün yenidən bərpa edilir, dirçəlir, canlanır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun hər yerində olduğu kimi Laçında da aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində artıq yüzlərlə fərdi və çoxmənzilli yaşayış binaları inşa edilib, istifadəyə verilib. Eyni zamanda, Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir.

Onu da qeyd etməliyik ki, dövlət başçısı Laçın şəhərinin yenidən bərpa edilməsinə xüsusi diqqət yetirir. Laçın şəhəri son üç il ərzində inanılmaz dərəcədə dəyişib, gözəlləşib. Prezident İlham Əliyevin “Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” vədi Laçının simasında əyani surətdə öz təsdiqini tapır. Dövlətimizin başçısı çıxışlarından birində Laçının bugünkü siması barədə bunları demişdi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Laçının simasında işğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulması, bərpa edilməsi istiqamətində dövlətimizin gördüyü böyük işlər hər birimizdə dərin qürur hissi doğurur. Böyük Qayıdışın uğurla davam etməsi hamımızı sevindirir. Laçının bugünkü dirçəlişi Böyük Qayıdışın uğur göstəricisidir. Laçınlı soydaşlarımızı 26 Avqust – Laçın Şəhəri Günü münasibətilə təbrik edirik. Gününüz mübarək olsun, əziz laçınlılar!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Избранный
41
40
ictimairey.az

10Источники