RU

Sülhə inanan və inanmayanlar: İki xalq arasında etimad yaratmaq asan olmayacaq - SORĞU

BAKI, 26 avqust TELEQRAF

Azərbaycanla Ermənistan arasında sülh istiqamətində atılan addımlar region üçün uzun müddətdən sonra böyük perspektivlər vəd edir. On illiklər boyu bir-birinə qarşı nifrət hissi ilə yaşamış cəmiyyətlərin barışması üçün zaman lazım olacaq. Azərbaycan və Ermənistan cəmiyyətlərində sülhə dair ümidlər olsa da, tarixi travmalar və milli emosiyalar bu prosesi ləngidə bilər. Ona görə də yalnız hökumətlərin deyil, cəmiyyətlərin də bu prosesi dəstəkləməsi vacibdir.

Teleqraf-a açıqlamasında Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev ABŞ Prezidentinin iştirakı ilə sülh sazişinin paraflanmasını geriyə dönüşü olmayan bir prosesin başlanğıcı kimi dəyərləndirib.

Partiya sədri hesab edir ki, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə sülh sazişinin paraflanması və Zəngəzur dəhlizinin açılmasına dair əldə olunan qərarlar tarixi əhəmiyyət kəsb edir: “Regiona sülh lazımdır. Kommunikasiyaların açılması ölkələrin inkişafına, iqtisadiyyatın artmasına səbəb olacaq. İndiyə qədər böyük maliyyə korporasiyaları regiona sərmayə qoymaqdan çəkinirdilər. Çünki bölgədə müharibə təhlükəsi hələ də qalırdı. Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması bölgəyə sərmayədarların gəlməsinə imkan yaradacaq”.

Razi Nurullayevə görə, bir il və ya ilyarım ərzində yekun razılaşmanın imzalanması Cənubi Qafqazın dünya xəritəsində önəmli bölgəyə çevrilməsinə səbəb olacaq: “Artıq ABŞ-nin də sərmayəsi bölgəyə gəlir. Cənubi Qafqaz artıq Amerikanın maraq dairəsindədir. Bölgə təkcə Rusiyanın təsir dairəsində qalmaqdan çıxır. Azərbaycan istədiyinə nail oldu”.

AĞ Partiya başqanı Tural Abbaslı isə ermənilərlə davamlı sülh məsələsinə pessimist yanaşdığını bildirib:

Onun sözlərinə görə, ermənilər atdıqları imzaya, verdikləri vədə əməl etməyən xalqdır: “Cənubi Qafqazda Azərbaycan üstün mövqeyə malik olduğu müddətdə sülh olacaq. Regiondakı stabillik, inkişaf və sabitlik Azərbaycanın iqtisadi və hərbi gücü sayəsində təmin ediləcək. Bölgədə güc balansı dəyişəcəyi təqdirdə ermənilər sülhü pozan addımlar ata bilərlər”.

Tural Abbaslı bildirib ki, Gürcüstanın Cavaxetiya adlanan ərazisində ermənilərin sepratizm xarakterli addımlar atdığını vaxtaşırı hamımız görürük: “Bu baxımdan sülh olacaqsa, bu, ancaq Azərbaycanın gücü hesabına qorunub saxlanacaq. Paşinyanın bu gün hansısa sənədə imza atması, başqa birinin sülh göyərçinləri uçurması bizim üçün aldadıcı olmamalıdır”.

Müsavat Partiyasının Məclis sədri Arif Hacılı bildirib ki, indiki sülh gündəliyi uzun müddət davam edən prosesin nəticəsidir.

Məclis sədrinə görə, Azərbaycan ordusunun qələbəsi, onun iqtisadi baxımdan güclənməsi, ciddi müttəfiqlərinin olması keçmiş münaqişənin taleyini həll edən məsələdir: “Eyni zamanda son dövrlərdə daha çox işlədilən sülhəməcburetmə siyasətinin nəticəsi olaraq avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasındakı sülh mətninin paraflanması mümkün oldu”.

Arif Hacılı hesab edir ki, yekun sülh sazişi imzalanana qədər bu istiqamətdə səylər davam etməlidir: “Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə təmin etmək və təhlükəsizliklə bağlı təminat məsələsi daim gündəmə olmalıdır. Yeni dünya düzəninin formalaşdığı məqamda ölkəmizin təhlükəsizliyi haqqında düşünməliyik”.

ReAl Partiyasının sədri Natiq Cəfərli hesab edir ki, Azərbaycanın sülh və təhlükəsizliklə bağlı tələbləri qəbul edilibsə, sülh şəraitinin bərqərar olması mümkündür.

“Yəni, sülhə maneə olacaq bütün şərtlər aradan qalxıb, ATƏT-in Minsk Qrupu buraxılıbsa, kommunikasiya xəttlərinin açılması ilə bağlı razılaşma varsa, nədən sülh olmasın deyə suallar yaranır. Azərbaycan yeni reallıqda sülhdən yararlanan ölkələrdən biri olacaq. Ermənistan konstitusiyasındakı ərazi iddiaları aradan qaldırıldıqdan sonra yekun sülhə nail olmaq mümkündür”, - deyə o qeyd edib.

Natiq Cəfərliyə görə, cəmiyyətlər arasında etimad mühitinin formalaşmasında sülh əsas amildir: “Cənubi Qafqazın ən böyük ölkəsi kimi Azərbaycan bu istiqamətdə əmək sərf edə bilər. Əgər Ermənistanda revanşistlər hakimiyyətə gələcəksə və vəziyyət dəyişəcəksə, bunun günahkarı Azərbaycan olmayacaq. Sözsüz ki, bu kimi cəhdlər cavabsız qalmayacaq. Amma bütün hallarda sülhə inam böyükdür”.

Azərbaycan Xalq Partiyasının (AXP) sabiq sədri Pənah Hüseyn Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması və digər razılaşmaların irəliyə doğru atılan addım olduğunu deyib.

Onun fikrincə, sənədlər razılaşdırıldıqdan və hər iki tərəfdən parlamentlər tərəfindən təsdiq edildikdən sonra diplomatik əlaqələrin müəyyən formaları gerçəkləşə bilər: “Zəngəzur dəhlizinin açılması, vaxtilə Ermənistan ərazisindən deportasiya edilmiş azərbaycanlıların geri dönüşü ilə yanaşı, hər iki ölkədə bir-birinə qarşı müharibə və nifrət təbliğatının dayandırılması vacib amillərdəndir. Bu, xüsusi ilə Ermənistana aiddir. Çünki bu ölkədə hələ də revanşist qüvvələr var”.

Pənah Hüseyn bildirib ki, Vaşinqton razılaşmasından sonra tərəflər arasında ritorika dəyişib: “Bu amillər etimad mühitinin yaranmasına xidmət edir. Dövlətlər və xalqlar arasındakı münasibətlərin əsas əlifbası hansısa sənəd və razılaşmadan daha üstün etimad məsələsidir. Əslində ən çətin məsələ budur. Bunun üçün zaman lazım olacaq”.

Избранный
39
teleqraf.com

1Источники