RU

Pedaqoji Universitetin qəbul planı 99.7 faiz dolub

2025/2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə tələbə qəbulunun birinci turunun nəticələrinə əsasən Pedaqoji Universitetin (ADPU) 2705 plan yerindən 2696-sı dolub (99.7 faiz). Universitetdə müxtəlif bölmələr üzrə qəbul aparılan 42 ixtisasdan (Azərbaycan bölməsi üzrə 24, rus bölməsi üzrə 11, ingilis bölməsi üzrə 7) yalnız rus bölməsi üzrə Təhsildə sosial-psixoloji xidmət ixtisasında 9 plan yeri ikinci yerləşdirməyə qalıb.

Bu barədə Operativ Media-ya ADPU-nun mətbuat katibi Taleh Mirzəyev məlumat verib.

Məlumata görə, universitetə qəbul olunanların 56,68 faizi dövlət sifarişi əsasında, 43,32 faizi isə ödənişli əsaslarla qəbul olunublar.

Qeyd edək ki, hər il olduğu kimi bu il də yüksək nəticələrlə Pedaqoji Universiteti seçən gənclərin sayı kifayət qədərdir. 5 nəfər müsabiqədənkənar qaydada beynəlxalq yarışlardakı nəticələrinə əsasən, 4 nəfər isə 600 baldan yüksək nəticə ilə ADPU-nu seçib. Qəbul olunanların 14 faizindən çoxu (380 nəfər) 500 baldan yüksək, 55 faizə qədəri isə (1469 nəfər) 400 baldan yüksək nəticə göstərənlərdir. Cari il üçün subbakalavriat səviyyəsindən universitetə qəbul olan olmayıb.

ADPU üzrə 2025/2026-cı tədris ili üçün orta qəbul balı ötən illə müqayisədə 9 bal qalxaraq 391,18 bal təşkil edir.

Pedaqoji Universitet və filiallarında 13 ixtisasın dövlət sifarişi üzrə keçid balı 500-dən çox olub. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə dövlət sifarişli yerlərin keçid balı həm ADPU-da, həm də universitetin beş filialının hər birində 500 balın üzərindədir. Bu ixtisasa ADPU və filialları üzrə dövlət sifarişli yerlərdə minimal keçid balı 522.7 balla 559.4 bal arasında dəyişir.

Bu nəticələr ölkəmizdə müəllimlik peşəsinin artan nüfuzu, dövlətin düşünülmüş təhsil siyasəti və Pedaqoji Universitetdə müasir müəllim hazırlığı istiqamətində aparılan ardıcıl işlərin məntiqi nəticəsi hesab oluna bilər.

Избранный
42
3
operativmedia.az

4Источники