RU

II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun iştirakçıları Şuşa və Xankəndi şəhərlərində olublar — FOTOLAR

Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) ICESCO ilə birgə təşkil etdiyi “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr edilən II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun iştirakçıları Şuşa və Xankəndi şəhərlərində olublar.

Demokraat.az xəbər verir ki, forumun iştirakçıları Xankəndi şəhərinə gələrək, burada aparılan abadlıq-quruculuq işləri ilə tanış olublar.

Daha sonra Forum iştirakçıları BBMM-in şöbə müdiri İrina Kuninanın “Azərbaycan Multikulturalizm modelinin xüsusiyyətləri” mövzusunda mühazirəsini dinləyiblər. O diqqətə çatdırıb ki, Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapıb. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Mühazirə Forum iştirakçıları tərəfindən maraqla qarşılanıb və müzakirələrlə davam edib.

Forum çərçivəsində iştirakçılar Milli Məclisin deputatı siyasi elmlər doktoru Rizvan Nəbiyevin “Bakının sülh diplomatiyası: beynəlxalq hüquqda qayıdış hüququ və Azərbaycan konteksti” mövzusunda mühazirəsini də dinləyiblər. Deputat çıxışında 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar, Prezident İlham Əliyevin sülh təşəbbüsləri, Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, həmçinin 2025-ci ildə Vaşinqtonda imzalanmış üçtərəfli Bəyannamə barədə danışıb. O, Azərbaycanın sülh diplomatiyasının Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayıb. Məruzədə ABŞ-la strateji əməkdaşlıq, 907-ci düzəlişin tətbiqinə verilən imtinanın uzadılması, işğalın nəticələri və məcburi köçkünlərin geri dönüş hüququ kimi məsələlər də diqqətə çatdırılıb.

R.Nəbiyev, həmçinin uzun illər davam edən işğalın nəticələri – şəhər və kəndlərin dağıdılması, mina təhlükəsi, 700 minə yaxın məcburi köçkünün geri dönüş hüququ, habelə itkin düşmüş və taleyi naməlum olan 4 minə yaxın şəxsin faciəsi ilə bağlı faktları da qeyd edib. Eyni zamanda, 1980-ci illərdə Ermənistandan qovulmuş 300 min azərbaycanlının qayıdış hüququnun təmin olunmamasına toxunaraq bu hüququn beynəlxalq sənədlərlə tanındığını vurğulayıb.

Forum iştirakçıları “Müasir konfliktlər zamanı sülhün bərpasında dinin rolu" mövzusunda interaktiv müzakirə aparıblar.

Sonra “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr edilən II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun iştirakçılarının Şuşa şəhərinə ekskursiyası təşkil olunub. Ekskursiya çərçivəsində gənclərə şəhərin tarixi, mədəni və dini abidələri barədə ətraflı məlumat verilib. İştirakçılar Xurşidbanu Natəvanın evi və Bülbülün muzeyini ziyarət ediblər. Onlara bu görkəmli şəxsiyyətlərin Azərbaycan mədəniyyətindəki yeri və işğal dövründə abidələrə vurulmuş zərərlər haqqında məlumat verilib.

Daha sonra qonaqlar Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi və Vaqifin məqbərəsini gəzib, restavrasiya və bərpa işləri ilə tanış olublar. Ekskursiya zamanı gənclərə Şuşanın Azərbaycanın musiqi və poeziya beşiyi olması, şəhərin çoxmillətli mədəniyyət mərkəzi kimi tarixi əhəmiyyəti, habelə işğaldan azad olunmasından sonra həyata keçirilən yenidənqurma layihələri barədə məlumat verilib. Forum iştirakçıları, həmçinin Cıdır düzünü ziyarət edərək Qarabağın gözəl təbiəti ilə tanış olublar və burada xatirə şəkilləri çəkdiriblər.

Forum çərçivəsində “Öz xalqını təqdim et” adlı musiqili axşamlar da təşkil olunub. Burada iştirakçılar öz xalqlarının mədəniyyəti, adət-ənənələri ilə bağlı məlumat veriblər.

Qeyd edək ki, “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr olunan II Beynəlxalq Multikulturalizm Gənclər Forumuna avqustun 22-də start verilib. Bakı, Şuşa və Xankəndi şəhərlərində keçirilən Foruma dünyanın 50-dən çox ölkəsindən 70-dək iştirakçı qatılıb.
































Избранный
15
11
demokrat.az

10Источники