RU

Səyyar Gənclər Xidməti bu dəfə Goranboy gəncləri üçün fəaliyyətə başlayıb-FOTOLAR

2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində gerçəkləşdirilən “Səyyar Gənclər Xidməti” bu dəfə Goranboy rayonunda öz missiyasını davam etdirir. “Suveren dövlət, vətənpərvər gənclik” şüarı ilə keçirilən layihə 25-29 avqust tarixlərində rayon gənclərinə xidmət göstərəcək.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə ölkənin müxtəlif şəhər və rayonlarında, ucqar kəndlərində reallaşdırılan layihənin əsas məqsədi Ali Baş Komandanın rəhbərliyi altında qazanılmış tarixi Qələbənin əhəmiyyətini, dövlət müstəqilliyimizin dəyərini və suverenliyimizin bərpasının məzmununu gənclərə daha geniş şəkildə təqdim etməkdir. Eyni zamanda, layihə gənclərin Vətənə bağlılıq, dövlətçilik prinsiplərinə sədaqət və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasına töhfə verməklə yanaşı, dövlət gənclər siyasəti çərçivəsində mövcud imkanların və yeni təşəbbüslərin region gəncləri üçün daha əlçatan və faydalı olmasını hədəfləyir.

Səyyar Gənclər Xidmətinin Goranboydakı açılış mərasiminin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev öz çıxışlarında layihənin gənclərə yeni biliklər qazandırması ilə yanaşı, həm də onların dövlətçilik dəyərlərinə sadiq, öz potensialını kəşf edən və sosial mühitdə daha güclü gənc kimi formalaşmalarına şərait yaratdığını bildiriblər.

Açıq hava şəraitində keçirilən layihənin zəngin proqramı çərçivəsində Müdafiə Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, eləcə də Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gənclərlə müxtəlif istiqamətlər üzrə maarifləndirici görüşlər keçiriblər. Bununla yanaşı, təşkil edilən müxtəlif sessiyalarda gənclər peşə seçimi və karyera yolları, şəxsi inkişaf və motivasiya, könüllülüyün əhəmiyyəti, süni intellekt texnologiyalarının yaratdığı imkanlar, sağlam və təhlükəsiz həyat tərzi barədə faydalı biliklər əldə ediblər.

Layihə çərçivəsində yaradılmış “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və “Əyləncə” adlı xüsusi zonalar isə iştirakçılara yaradıcılıqlarını nümayiş etdirmək, intellektual potensiallarını artırmaq və bacarıqlarını inkişaf etdirmək üçün geniş şərait yaradıb. Bu zonalarda gənclər interaktiv təlimlərdə, vörkşoplarda, intellektual yarışlarda, sərgilərdə və master-klasslarda fəal iştirak ediblər. Komanda işinə yönəlmiş yarışlar, stolüstü oyunlar və digər əyləncəli fəaliyyətlər isə gənclərin həm asudə vaxtlarını səmərəli dəyərləndirməsinə, həm də yeni dostluqlar quraraq ünsiyyət bacarıqlarını möhkəmləndirməsinə imkan yaradıb. Günün sonunda xüsusi fəallığı ilə seçilən gənclər hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, bu ilin oktyabr ayının sonunadək ölkənin 15 şəhər və rayonunu, eyni zamanda ən ucqar kəndlərini əhatə edəcək olan “Səyyar Gənclər Xidməti” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.

 

Избранный
10
4
editor.az

5Источники