RU

Terroru maliyyələşdirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi: Pulu Suriyaya sədəqə kimi göndərirdik

Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Aytən İsayeva deyib ki, təqsirləndirilən şəxslərdən Xəqani Ömərovu tanıyır: "Xəqani qardaşımın qaynıdır. Mən 2013-cü ildə qızımla Suriyaya getmişdim, 2023-cü ildə oradan qayıtmışıq. Suriyada olanda ehtiyac olduğu üçün Xəqani bizə yardım göndərirdi. Xəqaninin Azərbaycanda hansı işlə məşğul olduğunu bilmirdim".

Şahid Məlahət Mustafayeva da deyib ki, təqsirləndirilən şəxslərdən Xəqani Ömərovu tanıyır. Şahidin sözlərinə görə, cinayət işində adı hallanan Elşən Mustafayev onun oğludur.

"Biz Suriyaya getmişdik, bir il qalandan sonra qayıtmaq istəyirdik. Elşən Azərbaycan vətəndaşıdır. Suriyadakı evi 11 min 500 dollara satmışdıq. Xəqani ilə Elşən arasında razılaşma var idi. Bu razılaşmaya görə Xəqani bizə satılan evin qarşılığında 30 min manata yaxın pul vermişdi. Qalan məbləğin haradan gəldiyini bilmirəm", - deyə şahid bildirib.

Təqsirləndirilən Xəqani Ömərov deyib ki, onlara verdiyi 30 min manatın müəyyən hissəsini tanımadığı adamlar sədəqə kimi onun kart hesabına atıb.

Prosesdə ifadə verən şahid Zəminə Adıgözəlova deyib ki, təqsirləndirilən şəxslərin heç birini tanımır: "Biz 10 il Suriyada yaşamışıq. Mənə kart göndərmişdilər, həmin karta yardım məqsədilə 100 manat pul göndərmişdim. Kart Aytən İsayevaya məxsus idi. Biz də Suriyada olanda yardım üçün 300-400 dollar göndərilmişdi. Bu pula ərzaq alıb ehtiyacı olan şəxslərə paylayırdıq. 2021-ci ildə yoldaşım orada vəfat etdi, 2022-ci ildə Azərbaycana qayıtdıq. Biz qayıdanda da Suriyada müharibə davam edirdi".

Şahid İsmayıl Məmmədov deyib ki, Xəqani Ömərovun kartına ayrı-ayrılıqda 350 və 900 manat pul köçürüb: "Onu tanımıram. Pulu da sədəqə kimi köçürmüşdüm. Ümumilikdə 1250 manat pul göndərmişdim. Bu kartı Sultan adlı bir gənc vermişdi. Atdığım pulların hansı təyinatla xərcləndiyini soruşmadım".

Избранный
31
2
aznews.az

3Источники