RU

Diplomsuz stomatoloq işdən çıxarıldı, klinikaya protokol tərtib edildi

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Həkim diplomu olmadan stomatoloq işləyən iki şəxs barədə iddialar araşdırılıb, onlardan birinin əmək müqaviləsinə xitam verilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib.

Qeyd olunub ki, "L.A. Dent" klinikasında çalışan Turab Məmmədli və Qaragözova Tibb Mərkəzində çalışan Hafiz İsazadənin diş həkimi işləmək üçün heç bir təhsilinin olmadığı barədə iddialar AEM-in işçi qrupu tərəfindən araşdırılıb. Məlum olub ki, tibb kadrlarının vahid dövlət registrində olan məlumata əsasən, Hafiz İsazadə (diş texniki) və Turab Məmmədli (ortoped-stomatoloq) orta tibb təhsillidirlər.

"Hafiz Faiq oğlu İsazadənin vəzifə səlahiyyətləri araşdırılan zaman onun 12.04.2028-ci il tarixinədək qüvvədə olan dövlət sertifikasiya şəhadətnaməsi əsasında stomatologiya ixtisası üzrə diş texniki praktik tibb fəaliyyəti ilə məşğul olması müəyyən edilib. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, diş texniki Hafiz Faiq oğlu İsazadənin praktik tibb fəaliyyəti məqsədəmüvafiq hesab edilir.

Həmçinin mediadan edilən müraciətlərlə əlaqədar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 27 ünvanda yerləşən "L.A.Dent diş klinikası" MMC-yə məxsus özəl tibb müəssisəsində əməkdaşlarımız tərəfindən plandankənar (növbədənkənar) yoxlama keçirilib.

Yoxlama zamanı Turab Məmmədlinin əmək müqaviləsi üzrə diş texniki vəzifəsinə götürülməsi və sertifikatsız tibb fəaliyyəti ilə əlaqədar MMC barədə inzibati tənbeh tədbiri seçilərək, İnzibati Xətalar Məcəlləsinin (İXM) 215.1 (lisenziyadankənar fəaliyyət) və 215.4-cü (sertifikasiyadan keçməyən şəxsin praktik tibbi fəaliyyətə buraxılması) maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilib.

Qeyd edək ki, bu gündən etibarən həmin klinikada Turab Məmmədlinin əmək müqaviləsinə xitam verilib", - məlumatda deyilir.

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
4
oxu.az

5Источники