RU

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbirləri təşkil edib  

Avqustun 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bakının müxtəlif əyləncə məkanlarında uşaqlar üçün şənliklər keçirilib.

AZƏRTAC xəbər verir ki, şənliklərdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları, eləcə də valideyn himayəsindən məhrum, internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyac duyan uşaqlar iştirak ediblər.

İstirahət məkanlarına xüsusi avtobuslarla gətirilən uşaqlar onlar üçün təşkil edilən əyləncələrdən zövq alıb, müxtəlif oyunlara, ustad dərslərinə qatılıb, rəqslərə qoşulublar.

İsti yay günündə uşaqlar həm də hovuzda doyunca əylənib, müxtəlif oyunlarda, o cümlədən köpük şouda iştirak ediblər.

Günboyu davam edən tədbirlər çərçivəsində uşaqlar üçün nahar süfrəsi də təşkil olunub.

Ad günləri bugünkü tarixə təsadüf edən uşaqlar isə bu özəl günü həmyaşıdları ilə birlikdə şənlənərək qeyd ediblər.

Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

AZƏRTAC-ın müxbirləri tədbirdə iştirak edən uşaqların təəssüratlarını öyrəniblər.

Əyləncə tədbirində iştirak edənlərdən biri də Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Şəhriyar Quliyevin 9 yaşlı oğlu Camal Quluzadə olub. O, AZƏRTAC-a müsahibəsində İdrak liseyində təhsil aldığını, atasının 2020-ci il oktyabrın 23-də Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olduğunu deyib.

C.Quluzadə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən əyləncədən xüsusi zövq aldığını vurğulayıb. Şənlik zamanı vaxtını səmərəli keçirdiyini və yeni dostlarla tanış olduğunu deyən şəhid oğlu tədbirin yüksək səviyyədə təşkilatçılığında əziyyəti keçən hər kəsə minnətdarlığını bildirib.

2023-cü ilin sentyabrında antiterror əməliyyatları zamanı Xocalı istiqamətində şəhid olan polkovnik-leytenant Əkbər Şadmanovun oğlu Araz Şadmanzadə həssas təbəqədən olan uşaqlar üçün təşkil edilən əyləncədən çox razı qaldığını, burada vaxtının yaxşı keçdiyini qeyd edib. O, tədbirin təşkilatçısı olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edib.

Şənlikdə iştirak edən səkkiz yaşlı Zəhra Quliyeva bu günün onun üçün əla keçdiyini və əyləncələri çox bəyəndiyini bildirərək deyib: "Bu gün həm hovuzda əyləndim, həm də köpük şouda iştirak etdim. Sonda mənə hədiyyə də verdilər. Buna görə çox sevinirəm".

On üç yaşlı Adil Həsənov isə günün onun üçün hər zamankından fərqli keçdiyini diqqətə çatdırıb. O qeyd edib: “Bu gün müxtəlif oyunlar oynadım, yeni dostlar qazandım, onlarla doyunca əyləndim. Sonda isə hədiyyə təqdim edildi. Bu gün yaddaşıma maraqlı və qeyri-adi bir gün kimi yazıldı”.

Qeyd edək ki, Heydər Əliyev Fondunun gördüyü işlər sırasında valideyn himayəsindən məhrum, eləcə də xüsusi qayğıya ehtiyac duyan uşaqların, həmçinin şəhidlərimizin bizə əmanəti olan övladlarının diqqətdə saxlanılması, həssas kateqoriyaya aid uşaqların hərtərəfli qayğı ilə əhatə edilməsi xüsusi yer tutur. Fond mütəmadi olaraq bu uşaqlar üçün əyləncəli tədbirlər keçirir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində səylərini davam etdirir.

Избранный
24
2
azerbaijan-news.az

10Источники