Babək şəhərində şəhid leytenant Hacıyev Şükür Bayram oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olunub.
Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində konstitusiyamızda bəyan edilən ali məqsədlərdən biri – ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. O, şəhidlərimizin qanı və canı bahasına qazanılmış zəfərin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını vurğulayıb.
Digər çıxış edənlər də Şükür Hacıyevin qəhrəmanlığından söz açaraq onun şücaətinin gələcək nəsillər üçün örnək olduğunu qeyd ediblər.
Məktəblilər vətənpərvərlik mövzusunda qələmə alınmış şeirlər səsləndiriblər.
Sonda şəhidin anası Fatma Şükür ova çıxış edərək tədbir iştirakçılarına göstərilən diqtə görə minnətdarlığını bildirib.
Şəhid üçün ehsan süfrəsi açılıb.
Şükür Bayram oğlu Hacıyev 25 avqust 1999-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək şəhərində anadan olub. 2005-ci ildə Babək şəhər tam orta məktəbin 1-ci sinifinə daxil olub, 8-ci sinfi bitirdikdən sonra 2013-2016- ci illərdə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi liseydə təhsil alıb. 2016-ci ildə hərbi liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2020-cu ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib.
Azərbaycan Ordusunun leytenantı olan Şükür Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşan (Tərtər) istiqamətində gedən döyüşlərdə iştirak edib.
12 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Şükür Hacıyev ölümündən sonra "Vətən uğrunda", “ Döyüşdə fərqlənməyə görə", Azərbaycan “Suqovuşanın azad olunmasına görə”, Kəlbəcərin azad olunmasına" medalları və 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilib.
Ruhu şad olsun
Bəxtiyar ƏLİYEV
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü