RU

İqtisadi əlaqələrin artımı Azərbaycan-Rusiya siyasi gərginliyinə necə təsir göstərə bilər...


Rusiya Azərbaycanın enerji resurslarından asılı olmasa da, kənd təsərrüfatı məhsulları, logistika-tranzit və regional bazar çıxışları baxımından Azərbaycandan müəyyən dərəcədə asılıdır

Rusiyanın Həştərxan şəhərində iqtisadi əməkdaşlıq üzrə Azərbaycanla Rusiya arasında Hökumətlərarası Komissiyanın 23-cü iclası keçirilir. İclasda ənənəvi protokol imzalanıb - nəqliyyat və energetika sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi hədəflənir.

Qeyd edək ki, Cənubi Qarqazın digər ölkəsi olan Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsi 2025-ci ilin ilk yarısında əhəmiyyətli dərəcədə azalıb.

2024-cü ildə ümumilikdə ticarət dövriyyəsi rekord səviyyəyə - təxminən 124 milyard dollar çatmışdı.

2025-ci ilin ilk 6 ayında (yanvar-iyun) Ermənistanın ümumi ticarət dövriyyəsi təxminən 9.67 milyard dollar olmuşdu, bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 45% azalma deməkdir. Həmin dövrdə Rusiya ilə ticarət dövriyyəsinin miqdarı 3.41 milyard dollar təşkil etmişdi ki, bu da ötən illə müqayisədə təxminən 54.8% azalmadır.

2024-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi təxminən 4,799 milyard ABŞ dolları olub.

2024-cü ildə Azərbaycandan Rusiyaya ixrac 1,178 mlrd dollar, Rusiyadan Azərbaycana idxal 3,621 mlrd dollar təskil edib, yəni Azərbaycanın Rusiyaya müsbət deyil, təxminən 2,443 mlrd dollar mənfi ticarət balansı olub.

2025-ci ilin I yarısında (yanvar–iyun) iki ölkə arasındakı ticarət dövriyyəsi təxminən 2,52 milyard dollar olub ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən təxminən 16.2% artım deməkdir. 2025-də Azərbaycan Rusiyaya təxminən 590.5 mln dollarlıq mal ixrac edib, Rusiyadan idxal isə təxminən 1.93 mlrd dollar olub.

Bütün bu qeyd edilənlərin fonunda demək olar ki, Ermənistanla Rusiya arasında iqtisadi münasibətlər bəzi amillərin təsiri altında tənəzzül etdiyi dövrdə Azərbaycanla iqtisadi münasibətlər inkişaf mərhələsinə qədəm qoyub. Eyni zamanda Həştərxanda keçirilən dövlətlərarası komissiyasının iclas protokollarında da iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri təsbit olunub. Lakin bildiyimiz kimi, son zamanlar Rusiya ilə Azərbaycan arasında siyasi münasibətlər gərgin fazada inkişaf etməkdədir.

İqtisadi əlaqələrin bu cür artımıAzərbaycan-Rusiya siyasi gərginliyinə necə təsir göstərə bilər? Rusiya iqtisadi ehtiyacları üzündən AZAL təyyarəsinin vurulmasına görə üzr istəyə, məsuliyyəti olan məmurları cəzalandıra və zərərçəkən tərəflərə kompensasiya ödəyə bilərmi?

“Bakı-Xəbər” qəzetinə görə, beynəlxalq münasibətlərdə iqtisadi əlaqələr çox vaxt siyasi gərginliyin azaldılmasına xidmət edir. Bunun bir neçə səbəbi var. Asılılıq faktoru belə məsələlərdə öncül rola malik olur. Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi, enerji, kənd təsərrüfatı məhsulları, nəqliyyat-tranzit əməkdaşlığı hər iki tərəfə iqtisadi fayda gətirir. Gərginliyin artması bu gəlirlərə zərbə vurduğu üçün tərəflər siyasi dialoqda daha yumşaq mövqe tutmağa məcbur ola bilirlər.

Rusiyanin sanksiyalardan yayınma məntiqi həmisə güclü işləyir. Rusiya hazırda Qərbin ciddi sanksiyaları altındadır və Azərbaycan onun üçün həm tranzit, həm də məhsul ixrac-idxal kanallarından biridir. Moskva bu kanalı itirməmək üçün gərginliyi daha çox dərinləşdirməkdə maraqlı olmamalıdır.

Bu məsələdə ictimai və beynəlxalq imic önəmli faktorlardandir. Əgər Rusiya iqtisadi maraqlarına görə daha rasional addım atmaq məcburiyyətində qalarsa, məsələn, AZAL təyyarəsinin vurulması kimi ağır insident baş verərsə, Moskva iqtisadi əlaqələrin pozulmasını istəmədiyindən müəyyən yumşaldıcı addımlar ata bilər. Məsələn, rəsmi üzr istəyə, məsuliyyət daşıyan hərbi və ya inzibati şəxslərin cəzalandıra və zərərçəkənlərə kompensasiya ödəyə bilər. Əslində rasional düşüncəyə malik dövlət bunu dərhal etməlidir.

Tarixdə oxşar presedentlər də var. Məsələn, ABŞ 1988-ci ildə İran sərnişin təyyarəsini vurduqdan sonra rəsmi üzr istəməsə də, BMT səviyyəsində məsələni müzakirə etdi və daha sonra kompensasiya ödəməyə məcbur oldu. Rusiya da 2001-ci ildə Sibir Airlines-in “Tu-154” təyyarəsinin Qara dəniz üzərində vurulması zamanı (Ukrayna hərbi təlimi səbəbindən) oxşar formada kompensasiya ödənilməsində iştirak etmişdi.

Yəni iqtisadi əlaqələrin intensivliyi və qarşılıqlı asılılıq Moskvanı sərt mövqedən çəkindirə, diplomatik və yumşaldıcı addımlara meylləndirə bilər.

Rusiyanın Azərbaycandan iqtisadi asılılığı çox yüksək səviyyədə olmasa da, bəzi sahələrdə mühüm dərəcədə mövcuddur.

Rusiya özü böyük enerji istehsalçısıdır, buna görə Azərbaycan neft və qazından birbaşa asılı deyil. Amma Azərbaycan qazının Avropaya çıxışı (BTC, TANAP, TAP vasitəsilə) Rusiyanın Avropa qaz bazarındakı payına dolayı rəqabət yaradır. Bu, Moskvaya strateji təsir göstərir.

Rusiya üçün Azərbaycan üzərindən keçən Cənub dəhlizi önəmli tranzit alternatividir.

2024-cü ildə Azərbaycan-Rusiya ticarət dövriyyəsi təqribən 4-5 milyard ABŞ dolları olub. Bu, Rusiyanın ümumi xarici ticarətində kiçik paydır (1%-dən az). Amma Azərbaycanın idxalında Rusiyanın payı böyükdür (təqribən 20%-ə yaxın). Rusiyadan, xüsusilə ərzaq, taxıl, un, metallurgiya və sənaye malları idxal edirik. Bu, daha çox Azərbaycanın Rusiyadan asılılığını göstərir.

Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracında əsas bazar kimi çıxış edir (xüsusən pomidor, xiyar, nar, üzüm və s.). Rusiya kənd təsərrüfatı idxalında Azərbaycandan nəqliyyat baxımından asılıdır, çünki bu məhsullar Rusiya bazarında böyük tələbat görür.

Rusiya üçün Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas halqasıdır. İran və Hind okeanı bazarlarına çıxışda Azərbaycan ərazisindən keçən yol ən qısa və təhlükəsiz marşrut sayılır. Bu dəhliz strateji baxımdan Rusiyanın Azərbaycandan asılılığını artırır.

Rusiyalı şirkətlər Azərbaycanda fəaliyyət göstərir, amma Azərbaycanın enerji sektoru əsasən Qərb və Türkiyə investisiyalarına bağlıdır. Buna görə Rusiyanın Azərbaycandan maliyyə asılılığı azdır. Əksinə, bəzi hallarda Rusiya kapitallarını Azərbaycana yönəltməklə sanksiyalardan yan keçməyə çalışır.

Rusiya Azərbaycanın enerji resurslarından asılı olmasa da, kənd təsərrüfatı məhsulları, logistika-tranzit və regional bazar çıxışları baxımından Azərbaycandan müəyyən dərəcədə asılıdır. Əsas iqtisadi asılılıq Azərbaycanın Rusiyadan idxalda yüksək paya sahib olmasıdır.

Akif NƏSİRLİ

Избранный
4
baki-xeber.com

1Источники