RU

Erməni diplomatlarına Azərbaycanla bağlı həmişəkindən fərqli kurs verildi...


Məhəmməd Əsədullazadə: “Prezident səviyyəsində bu bəyan edilirsə, deməli ortada praktiki istək var”

“Beynəlxalq təşkilatlardakı nümayəndələrimizi əvvəlki münaqişə və ya hərbi gündəmdən iqtisadi inkişaf gündəliyinə keçirmək lazımdır”. Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan deyib.

Onun fikrincə, davamlı sülh Ermənistan üçün böyük iqtisadi potensialı açacaq, dəyişən geosiyasi mənzərələr və sürətli texnoloji tərəqqi dövründə ölkəsinin prioritetləri müasir çağırışlara cavab verməlidir: “Bölgədə, eləcə də dünyada vəziyyət çox sürətlə dəyişir. Mövcud xarici siyasətin şaxələndirilməsi siyasəti ilə yanaşı, xaricdəki səfirlərimizin də prioritetlərinə yenidən nəzər salmaq lazımdır. Bu baxımdan Körfəz regionu, Aralıq, Qara və Xəzər dənizləri, eləcə də Mərkəzi Asiya ilə iqtisadi və nəqliyyat əlaqələrinin təmin olunması və dərinləşdirilməsi Ermənistanın prioritetləri sırasındadır. Beynəlxalq təşkilatlardakı nümayəndələrimizi əvvəlki münaqişə və ya hərbi gündəmdən iqtisadi inkişaf gündəliyinə keçirmək lazımdır”.

Burada diqqəti çəkən məqam odur ki, Ermənistanın beynəlxalq təşkilatlardakı nümayəndələri işini əvvəlki kimi Azərbaycana qarşı təbliğat üzərində qurmayacaq. Ermənistan prezidenti buna eyham vurur. Hansı ki, əvvəl xarici siyasətlərini bunun üzərində kökləmişdilər.

“Bu o deməkdir ki, rəsmi İrəvan öz xarici siyasətində ölkəmizə qarşı düşmənçilik siyasətindən əl çəkir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanla Azərbaycan arasında Vaşinqtonda keçirilmiş görüş və orada əldə edilən razılaşmalar yeni reallıq yaradıb: “Artıq Ermənistan tərəfi də üzərinə öhdəlik götürüb ki, Azərbaycana qarşı beynəlxalq təşkilatlarda kampaniya aparmayacaq. Beynəlxalq qurumlarda, xarici səfirliklərdə diplomatik korpuslarda tamamilə iqtisadi və digər sahələrdə əməkdaşlıq gündəmdə olacaq. Bir sözlə, anti-Azərbaycan siyasəti gündəmdən çıxarılacaq. Təbii ki, bütün bunlar müsbət yanaşmadır. Bu o deməkdir ki, rəsmi İrəvan öz xarici siyasətində ölkəmizə qarşı düşmənçilik siyasətindən əl çəkir. Ermənistan prezidenti səviyyəsində bu bəyan edilirsə, deməli ortada praktiki istək var. Çünki son dövrlərə qədər Ermənistanın xarici siyasətində Azərbaycanın hədəf alınması prioritet təşkil edib. Artıq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün bunlar həm sülh sazişinin imzalanmasını yaxınlaşdırır, həm də qarşılıqlı etimadı artırır. İndi digər mühüm məqam odur ki, erməni lobbi qrupları da analoji mövqedən çıxış etsinlər. Çünki erməni diasporu timsalında biz bunu görmürük. O baxımdan Ermənistan hökuməti bu yöndə lobbi ilə işləməlidir ki, onlar da düşmənçilikdən əl çəksinlər. İdeoloji müstəvidə bizə qarşı təbliğat aparmasınlar. Ermənistan normallaşan münasibətlər çərçivəsində Azərbaycan üzərindən Orta Asiya ölkələri ilə tranzit əlaqələri genişləndirmək istəyir. Bu da Azərbaycanla sülh şəraitində mümkündür. Bu baxımdan görünən odur ki, Ermənistan reallıqları qəbul edir və sülh gündəminə sadiq qalmaq istəyir. O üzdən, Ermənistan səylərini bir az da artırmalıdır”.

Vidadi ORDAHALLI

Избранный
16
baki-xeber.com

1Источники