RU

“Kayrat"ın tarixi zəfəri: Qazaxıstanın qəlbindən elit futbol vitrininə

Avropa futbolunda yeni bir hekayə yazıldı. Qazaxıstanın ən köklü klublarından olan “Kayrat” Çempionlar Liqasının pley-off mərhələsində dünya futbolunun tanınmış nəhənglərindən biri olan Şotlandiyanın “Seltik” klubunu məğlub edərək tarixi uğura imza atdı. Bu nəticə təkcə bir idman hadisəsi deyil, həm də bir millətin futbol arzularının gerçəkləşməsidir.

Almatıda keçirilən cavab matçı dramatik gərginliklə yadda qaldı. Əsas və əlavə vaxt qolsuz bərabərliklə başa çatdı. Cütün taleyinə penaltilərdə aydınlıq gətirildi. O an bütün diqqət “Kayrat”ın qapısında idi. Komandanın gənc qolkiperi Temirlan Anarbekov meydanda möhtəşəm performans sərgilədi.

Penaltı seriyası başlayanda heç kim bu gənc qapıçının tarix yazacağına inanmazdı. Anarbekov penaltilərdə əsl möcüzə göstərdi – üç zərbəni dəf edərək komandasını Çempionlar Liqasının Liqa mərhələsinə daşıdı. Bu, sadəcə təsadüfi uğur deyildi: bu, uzun illərin zəhmətinin, psixoloji möhkəmliyin və komandaya inamın bəhrəsi idi.

“Seltik” kimi tarixi klubu mübarizədən kənarlaşdırmaq asan deyil. Onların təcrübəsi, avrokuboklarda keçdiyi uzun yol, azarkeş təzyiqi hər kəsi qorxuda bilərdi. Amma “Kayrat” meydanda qardaşlıq ruhu, birlik və qələbə əzmi nümayiş etdirdi. Bütün komanda sanki bir ürək kimi döyündü. Müdafiəçilərin fədakarlığı, yarımmüdafiənin intizamı və ən əsası qapıçının qəhrəmanlığı oyunun taleyini həll edən əsas faktorlar oldu.

Bu zəfər Qazaxıstan futbolu üçün yeni bir səhifə açdı. Artıq “Kayrat” yalnız ölkəsində deyil, Avropada da tanınacaq. Temirlanın adı klub tarixinə qızıl hərflərlə yazılacaq. Onun fantastik qurtarışları illərlə xatırlanacaq.

Hadisənin emosional tərəfi də diqqətdən kənarda qalmamalıdır. Matç bitən kimi stadionun qazonuna damcılayan sevinc göz yaşları, azarkeşlərin “Kayrat” şüarları ilə meydanı titrətməsi futbolun nə qədər möhtəşəm olduğunu sübut etdi. Bu, təkcə idman qələbəsi yox, bir toplumun, bir xalqın qürur anı idi.

“Kayrat”ın bu uğuru Azərbaycan azarkeşləri üçün də doğmadır. Qazaxıstan və Azərbaycan arasında dərin tarixi, mədəni və mənəvi bağlar mövcuddur. Bizim üçün onların qələbəsi bir qardaş ölkənin sevincidir. Bu cür nəticələr türk dünyasının futbol potensialını da ortaya qoyur. Bu, həm də kiçik büdcə və məhdud imkanlarla böyük arzulara çatmağın nümunəsidir.

Bundan sonra “Kayrat”ın qarşısında daha çətin sınaqlar olacaq. Amma bu komanda artıq sübut etdi ki, əzm və inamla istənilən rəqibi məğlub etmək mümkündür. Anarbekov kimi qəhrəman qapıçılar, iradəli futbolçular və sadiq azarkeşlər olduğu müddətdə “Kayrat”ın yolu açıqdır.

Daha öncə "Astana"nı ÇL-in qrupunda görmüş qazaxların növbəti böyük futbol zəfəri bir daha isbatladı ki, futbol təkcə 90 dəqiqə meydanda gedən mübarizə deyil, bir duyğu fırtınası, emosiya vulkanıdır. “Kayrat”ın “Seltik” üzərindəki qələbəsi qazaxlar üçün futbolda BÖYÜMƏK yolunda okduqca böyük addımdır.

Kamil Xudiyev

Избранный
12
fanat.az

1Источники