RU

“Ermənistan bu dəyişikliyi etdikdən sonra sülh sazişi imzalanacaq” –PREZİDENT

“Təqribən beş il bundan əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Bundan sonra prosesdə müəyyən bir boşluq yarandı, çünki o zaman vasitəçilər artıq hansı addımı atmalı olduqlarını bilmirdilər və məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etdi. Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq”.

AzPost bildirir ki, bu sözləri Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib: “Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır”.

Dövlət başçısı qeyd edib ki, danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı: “Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var – Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal sülh sazişi də imzalanacaq”.

“Lakin fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır”-deyə Prezident vurğulayıb.

AzPost.az

Избранный
7
36
azpost.info

10Источники