Bu ilin 7 ayı ərzində 34 mindən çox Çin vətəndaşı ölkəmizə gəlib ki, bu da 56 faiz artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən “China Ready” proqramının təqdimatında deyib.
“2024-cü ildə Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 2023-cü illə müqayisədə 93 faiz artaraq 44 min 800 olub. Bu gün biz ölkəmizə gələn çinli turistlərin daha rahat qonaqlamasını təmin etmək üçün hazırlıq səviyyəsinin artırılmasına istiqamətlənmiş “China Ready” konsepsiyasını təqdim edirik. “China Ready” proqramı beynəlxalq səviyyədə tanınan təlim və sertifikatlaşdırma sistemidir. Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi şəkildə tanınır və çinli turistlərin qəbulu üçün vacib tələbləri müəyyənləşdirir. 2002-ci ildə yaradılan proqram bu gün də Çin turizm bazarında rəqabət qabiliyyətini artırmaq istəyən ölkələr və təşkilatlar üçün nümunəvi model olaraq qalmaqdadır. Biz də öz növbəmizdə ölkəmizdə turizm sənayesi nümayəndələrinin çinli ziyarətçilər üçün tam hazırlıqlı olması məqsədilə proqramın tətbiqinə dəstək veririk”, - deyə Fuad Nağıyev bildirib.
F.Nağıyev qeyd edib ki, layihə çərçivəsində hotellər, nəqliyyat xidmətləri, bələdçilər və hava limanı işçiləri daxil olmaqla turizm sənayesi nümayəndələrinə təlimlər təşkil ediləcək.
“Əminəm ki, bu layihə mövcud və gələcək əməkdaşlığın möhkəmlənməsi, ikitərəfli turizm əlaqələrinin yeni səviyyəyə yüksəlməsinə öz töhfəsini verəcək.
Bir daha qeyd edim ki, Çin bizim üçün əsas turizm bazarlarından biridir və Dövlət Turizm Agentliyi bu istiqamətdə fəaliyyətini daha da genişləndirmək niyyətindədir”, - deyə Fuad Nağıyev yekunlaşdırıb.