RU

""Qarabağ" "Ferantsvaroş"un əsəbləri ilə oynamalıdır" -ŞƏRH

Bu gün UEFA Çempionlar Liqasında pley-offun daha bir sıra cavab oyunları keçirləcək. Azərbaycan təmsilçisi "Qarabağ" (Azərbaycan) "Ferensvaroş" (Macarıstan) klubunu qəbul edəcək.

Redaktor.az-a oyunun necə gedə biləcəyini şərh edən idman eksperti Natiq Muxtarlı bildirdi ki, bu, bəlkə də, “Qarabağ”ın tarixində ən çətin qarşılaşmadır.

"Baxmayaraq ki, səfərdə 3:1 hesablı sanballı qələbə qazanılıb. Ancaq bu qələbə rəqibin zəif olması anlamına gəlmir. Bu mərhələdə zəif rəqib olmur. Sadəcə az səhv edən, şanslardan maksimum yararlanan komanda qalib gəlir ki, ilk oyunda bunu “Qarabağ” bacardı. 

“Ferentsvaroş”u təhlükəli edən ikinci məqam odur ki, itiriləsi heç nələri qalmayıb. Meydanda ikiqat əzmlə oynayacaq və aqressiv olacaqlar. Rəqibin heyətində usta oyunçular var. O futbolçular heç nədən qol vurmağı bacarırlar. Elə ilk oyunda vurulan qol da “heç nədən” yaradıldı. “Qarabağ” bir an da olsun boşluğa yol verməməlidir. İntizamlı oyun rəqibin əl-qolunu bağlayacaq əsas amil olmalıdır. Böyük ehtimalla, məşqçilər korpusu futbolçularla bu yöndə ciddi söhbət aparıblar".

Onun sözlərinə görə, “Qarabağ”ın müsbət tərəfi böyük hesablı qələbə olanda da, rəqibə etinasız yanaşmamasıdır.

"Bu gün “Qarabağ”ın ənənəvi oyun sistemindən imtina edəcəyini gözləmirəm. Rəqib isə yəqin ki, topu əldə etmək üçün güclü pressinqə üstünlük verəcək. Üstəlik, hücuma atılmağa da məcburdurlar. Bu da o anlama gəlir ki, meydanda boş sahələr buraxacaqlar. Bu,“Qarabağ” üçün əla fürsət olacaq. Qol şansları mütləq olacaq. Onlardan maksimum yararlanmaq lazımdır ki, rəqibi təslim olmağa vadar edə bilsinlər. Bütün hallarda, “Qarabağ” avantüraya yol verməməli, səbirli davranmalı, topu özündə saxlamalı və “Ferantsvaroş”un əsəbləri ilə oynamalıdır. Belə olsa, rəqibin emosiyaları tab gətirməyəcək, nizamı pozulacaq", - deyə Natiq Muxtarlı fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Избранный
3
redaktor.az

1Источники