RU

Zülfüqar Hüseynzadə mükafatı müsabiqəsinin I yer qalibi İlhamə Rəsulovanın yazısı

Moderator.az oxucularına “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinin qaliblərinin yazılarını təqdim edir.
 
Xatırladaq ki, müsabiqə tanınmış jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəsinə həsr olunub və qələm sahiblərinin yaradıcılığını dəstəkləməyi və milli jurnalistikanın dəyərlərini təbliğ etməyi qarşısına məqsəd qoyub.
 
 
Bu dəfə oxucularımıza I yerin qalibi İlhamə Rəsulovanın yazısını təqdim edirik:
 
"İnsan məskən salır
 
Ön söz
 
Əslində, bir neçə gün öncə bu məqaləni tamam başqa şəkildə yazmağı planlamışdım. Tarixi faktlara əsaslanacaqdı, çoxlu sayda məlumatları əks etdirəcəkdi, hər nə qədər bədii ifadələrlə bəzəmyə çalışsam da, bəlkə bir az quru, bir az sıxıcı, bəlkə sonu bir qədər pafoslu olacaqdı. 
 
Amma Ucarın Şahlıq kəndində şahid olduğum, eşitdiyim hadisələrdən sonra anladım ki, könlüm başqa sözlər pıçıldayır. “Ucar hara, böyük qayıdışa həsr olunmuş yazı hara?” düşüncəsindəsinizsə, yanılırsınız. İki millət döyüşürsə bu savaşın  toxunmadığı ailə olmur. Müharibədən heç kim sağ çıxmır, hərə bir şəkildə yara alır. Ön cəbhədən nə qədər uzaq olursansa ol.
 
Qarabağ hadisələri, daha doğrusu Ermənistanın torpaqlarımıza qarşı dəhşətli (bu qədər qan-qadaya, ölümə, acıya səbəb olduğu üçün mən buna sərsəm iddia deyə bilmirəm)  Azərbaycanın taleyindən bir nəsil insanı oğurlayıb. Uşaqlığı, gəncliyi qaçqınlıqda, köçkünlükdə, müharibənin gətirdiyi sıxıntılarda itənləri, illərlə gedənlərinin yolunu  gözləyənləri, həsrətə, qubara bürünüb qarıyanları var var bu millətin. Xalqımıza qarşı aparılmış bu dəhşətli siyasət minlərlə, milyonlarla insanın sadəcə insan kimi rahat yaşamaq hüququnu əlindən aldı.
 
İki yurd yeri, üç Şahlıq
 
Ucarın Şahlıq kəndində isti yay günlərindən biri idi. Gün günortaya yaxınlaşırdı. Əl-ayaq çəkilmiş, quşlar, heyvanlar belə istidən kölgəliklərdə gizlənmişdi. 
 
Həyətindəki tut ağacının altında, talvarda mürgüləyən Rəhim kişini darvazasının döyülməsi oyandırdı. Yad bir səs gəldi- Ay ev yiyəsi.
 
Qapını döyənləri tanıya bilmədi. 1 orta yaşlı kişi və bir gənc qız  maraqlı baxışlarla ətrafı kəşf edirdilər.
 
Rəhim kişi salam verib maraqla gələnlərin üzünə baxdı. Özü deməsə də, gözləri “nə lazımdı, siz kimsiniz?” deyə soruşdu.
 
“Qardaş, buralara yad adamlarıq, kəndin girişində ilk qapı sizinki olduğuna görə sizin qapını çaldıq. Ayaqüstü söhbət deyil bizimki. Köməyinizə ehtiyacımız var”.
Rəhim kişi daha heç nə soruşmayıb əl qapısını axıra qədər açdı, buyur etdi.
 
Hər Azərbaycan kəndində olduğu kimi, el adətincə dərhal samovara od salındı, qonaqlara soruşulmadan ev sahibləri yemək tədarükünə başladılar.  Rəhim kişi qonaqlarla üz-üzə oturub, kəhrəba təsbehini şaqqıldada-şaqqıldada onların  söhbət açmasını gözləməyə başladı. O an bilmirdi ki, bu söhbəti ömrü boyu unutmayacaq və nəvələrinə danışacaq ki, nəsildən-nəsilə ötürülsün.Qonaq çox gözlətmədən sözə başladı:
 
“Qardaş, bizim əslimiz Qafanın Çiriş kəndindəndir. Dədə- babalarımız oralarda yaşayıb, bizə görmək qismət olmadı, inşallah tezliklə görəcəyik (bunu da çox əminliklə dedi). 1948-ci ildə Stalinin əmri ilə kənd camaatı Ermənistandan zorla deportasiya ediləndə bizimkiləri gətirib bu yerlərdə Aran çöllərinə töküblər. Heyvandarlıqla məşğul olan insanlar idilər, sizin bu kənddən bir az aralıda köç salıblar. Aclıq illəri, səfalət, köçürüləndə əllərində olanı-alanı ermənilər tutub alıblar, babamgil Şahlıq kəndinə gələndə çox çətin vəziyyətdə olublar. Amma camaat dayaq durub, hərə bir tərəfdən əl tutub, onlarda çobanlıqla əkinçiliklə bir təhər ayaqda qalmağa çalışıblar.
 
 Dağ ətəyindən gəlmiş insanlar bu isti aran çöllərinə çətin alışıblar. Neçə-neçə körpə elə yol gələndə qızıdırmadan ölüb, yaşlılarımızın da çoxu ilqimə, yurd yerinin qubarına dözməyib həlak olub. Babamın ailəsi bura köç edəndə o 15 yaşında imiş. Xəstə nənəsi, anası da bu torpaqlarda can verib, torpağa tapşırılıb. Kənddə onun-bunun qapısında bir qarın çörəyə işləyib, naxırçılıq edib. Könül vara-dövlətə, yoxluğa baxmaz. Gün gəlib bu kənddən bir qıza aşiq olub. Çox sevib onu, amma kasıb, kimsəsiz olduğuna görə qızı babama verməyiblər. Babam onu ömrünün axırına qədər unutmadı, eləcə “İsmi pünhan” deyərmiş hərdən. Sevdiyi qızı kənddə birinə ərə verəndən sonra o bu yerlərdə qərar tuta bilməyib, baş alıb gedib. Di gəl nə Şahlığı unudub, nə də şahlıqlı qızı. 60-cı illərdə köç yenidən Çirişə qayıdanda babam da dönüb, ailə qurub, öz qızının adını həm o İsmi Pünhanın xətrinə, həm də yaşadığı bütün acıları unutmamaq üçün Şahlıq qoyub. Di gəl 80-ci illərdə ermənilər bizimkiləri yenə yurdlarından dərbədər ediblər.Əvvəlcə Laçında məskunlaşıblar, sonra işğal illərində ordan da köç edib  məcbur olub bir hissəsi Ağcabədi, bir hissəi Kürdəmir çöllərinə tökülüblər”.
 
Rəhim kişi, qaşları düyünlü halda dinləyə-dinləyə beş dəqiqəyə sığışdırılmış bu hekayənin içinə  ağrı-acılı bir ömrün sığışdığını düşünürdü. 
 
“Babamız ölməzdən öncə vəsiyyət etmişdi ki, torpaqlar geri alınmasa, onu Şahlıqda dəfn edək. Torpaqlar  azad olunanda isə gəlib  bu kənddə qurban kəsək, ehsan verək. Biz babamız Eyvaz kişini də, onun qızı Şahlığı da bu Şahlıq kəndindəki məzarlıqda dəfn etmişik. Qızım da Şahlıq nənəmizin adını daşıyır, ikinci Şahlıqdır”.
- Rəhim kişi gülümsündü. Yox, kəndin adını da nəzərə alsaq, bu balamız artıq üçüncü Şahlıqdı. Bəs yaxşı, torpaqlar 5 ildi azad edilib, nə əcəb indi gəlmisiz?
- Bir qurbanı Şuşa azad olanda kəsdik, qardaş. Amma əmin idik ki, Zəngəzura da qayıdacağıq, bir qurbanı da o gün kəsəcəyik. Avqustun 12-də Prezidentimiz Amerikada Zəngəzur dəhlizi ilə bağlı sənəd imzalayanda dedim durun gedək, qurbanımızı kəsək,  daha qayıtmağımız çox yaxındır. Gəldik ki, həm Şahlıq kəndinə olan borcumuzu verək, ehsanlarımızı paylayaq. Həm də ölənlərimizin qəbrini ziyarət edək. Biz gedəcəyik, onlar bura əmanət. Nə fərqi var, vətən vətəndir. Sizdən istədiyim odur ki, icazə verin qapınızda qurban kəsək, Şahlıq qızımız öz əli ilə çay süfrəsi qursun, ehsan paylasın”.
 
Həmin gün Zəngəzurdan, Qarabağdan çox uzaqlarda yerləşən bir Aran kəndində işğaldan azad olunmuş torpaqların şərəfinə süfrə quruldu, ehsanlar verildi, yurd yerinə qovuşmaq arzusunda olan insanların başqa bir yurdda, başqa bir eldə ocaqları tüstüləndi. Elin-obanın o başı, bu başı olmaz deyirlər. Gözlənilməz qonağın dediyi kimi o ocaqlar çox yaxında mütləq  Çiriş kəndində qalanacaq.
 
Amma bu kəndin yaddaşında yalnız köçlər yox, müharibənin buraxdığı silinməz yaralar da yaşayır.Şəhidləri çoxdur bu elin. Bu gün onlardan yalnız birindən, daha doğrusu sağ ikən ömrünü  qurban eləmiş şəhid doğmalarından bəhs edəcəm.
 
 Qayıdan torpaqların, qayıtmayan oğulları
 
Hekayəmin ikinci qəhrəmanları da bu kəndin, eyni zamanda da Qarabağın övladlarıdırlar.
 
1991-ci iln qarlı, şovğunlu bir qış günündə yenicə polis leytenantı rütbəsi almış Səid Sultanov iş saatında evə gələrək anasına və 6 aylıq hamilə olan xanımına Qarabağa ezam edildiyini bildirdi. Sanki axşama qayıdıb gələcəkmiş kimi sakit idi, duyğularını bəlli edib qadınları həyəcanlandırmaq istəmirdi. Ürəyindən çox söz keçirdi, “Sizi bir-birinizə əmanət edirəm. Körpəmin doğulmasını görməsəm, ona mənsizliyi hiss etdirmiyin” demək istəyirdi, amma sözər boğazında düyünlənmişdi. Anasının isti çörək qoxuyan saçlarından, xanımı Aidənin qara tale yazılmış ağ alnından öpərək evdən çıxdı. Ana ürəyi o anda bənövşə ləçəyi kimi titrəmişdi.Qarabağa hansı gedən geri dönürdü? Udurdu nər kimi oğullarımızı şər qüvvələrdən güc alan ordu. Tanklara qarşı əli yalın döyüşən igidlərin çoxu dönmürdü. Səid də dönmədi. İllər boyu nə öldüsü bilindi, nə qaldısı. Şuşanın işğalından sonra İtkin düşdü. Gəlin-qaynana bir dam altında hər qapı tıqqıltısına səksənib, xəbər gözlədilər aylarla. Sona qarı “oğlum gələr, bilmərəm deyib” o gündən sonra addımını həyətindən çölə atmadı. Düz 33 il. Qapısını gecələr də kilidləmədi ki, Səid gələr qapını bağlı görüb geri qayıdar. Aidə Səidin gedişindən sonra doğulmuş balasını da götürüb Ucardan Bakıya, qohumlarının yanına köçdü. Məqsəd qaynanansını tək qoymaq deyildi, ərini axtarmaq idi. O nələr eləmədi bu uğurda. Doxsanıncı illərdə  itkin düşənlərini tapmaq üçün əsir mübadiləsi aparılırdı, can bazarı gedirdi. Ora-bura əl atıb bir yaralı erməni əsirə öz evində düz 5 ay qulluq eləmişdi. Demişdilər Səid əsir götürülüb, yaralanıb, onunla dəyişəcəksən. Erməni ölməsin deyə gecə gündüz qulluğunda durmuşdu, Səidlə onun dəyişdiriləcəyi günü iplə çəkmişdi. Sonra günün birində erməni gənc demişdi ki, o əslində heç ermənistanlı deyil, Rusiya vətəndaşıdır. Gürcüstandan keçəndə öz soydaşları onu tutub əsir alıb, pulla azərbaycanlılara satıblarmış. Aidə həmin erməni əsiri Qırımızı Xaç cəmiyyətinə təhvil vermiş, əsirlər siyahısında Səidin adının olmadığını öyrənmişdi. Ağır, xaos dolu illər idi o illər.
 
Düz 33 il “Səid” deyə-deyə döymədiyi qapı qalmadı. Torpaqlarımız azad ediləndən 3 il sonra,ərinin şəhidlik xəbəri gələnə qədər. Səid Şuşa ətrafında döyüşlərdə həlak olmuşdu. Cəsədinin qalıqları doğulduğu kəndə gələn günü Sona qarının da həsrətlə döyünən ürəyi aram tapdı, balasından xəbər eşidəndən sonra köçdü getdi dərddən başqa bir şey yaşamadığı bu dünyadan. Qoşa dəfn olundu oğlu ilə.
 
Aidə isə yol mühəndisi olmuş balası ilə birlikdə Xankəndinə köçüb, indi orada yaşayır. Deyir əzizlərimizin qanı tökülüb bu torpaqlara. Elə ona görə bütün azərbaycanlılar qarabağlıdırlar.
 
Səidin oğlu Xasay da 44 günlük müharibədə iştirak edib, döyüşlərdən qazi kimi qayıtması ilə fəxr edir. Bu gün Qarabağda yol tikintisi ilə məşğuldur. Bu yollar azad olunmuş, abadlaşmış kəndlərimizə aparır, uca-uca dağların başına, ordan da Zəngəzura, daha böyük, daha qüdrətli Azərbaycana aparır.
 
Bir azərbaycanlı harada məskən salırsa orada tarix yazır, oranı isti yuva edir, abadlaşdırıb nəsillərdən nəsillərə ötürür. Yenidən məskən salırıq, mübarək olsun.  Qarabağa zəfərlə dönüşümüz kimi, yenidən qayıdışımız da dastan olacaq.
 
Qeyd edək ki, bu ilki müsabiqədə "Qərbi Azərbaycana Qayıdış", "Qarabağa Qayıdış və Böyük Qayıdış Proqramı" və "Zülfüqar Hüseynzadənin jurnalistik irsi və medianın missiyası"  mövzularını əhatə edirdi."
Избранный
16
moderator.az

1Источники