RU

İran prezidentindən Bakıya qardaşlıq mesajı- Münasibətlərdə dönüş gözlənilir

İran Prezidenti Məsud Pezeşkianın son açıqlaması bölgədə geosiyasi balans baxımından diqqət çəkən hadisədir. Onun Azərbaycanla bağlı “qardaşlıq və qonşuluq” mesajı həm rəsmi Bakıya, həm də İran daxilindəki müxtəlif siyasi dairələrə ünvanlanmış mühüm mesaj kimi qiymətləndirilə bilər. Çünki iki ölkə arasında münasibətlər zaman-zaman gərginləşsə də, xalqların ortaq tarixi, mədəni və dini bağları bu münasibətlərin inkişafı üçün geniş zəmin yaradır. Pezeşkianın bəyanatı isə bu zəminin siyasi iradə ilə gücləndirilməsi baxımından əhəmiyyətli addım hesab olunur. Bu açıqlama həm də İran-Azərbaycan əlaqələrinə skeptik yanaşan qüvvələrə qarşı diplomatik mesaj kimi dəyərləndirilə bilər.

Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, bu sözlər qonşu dövlətlərlə mehriban münasibətlər qurmaq istəyən mütərəqqi liderə yaraşan açıqlamadır:

“Pezeşkianın açıqlaması Azərbaycan və İran xalqlarının mənafelərinə uyğundur. Bu, iki xalqın gələcək əməkdaşlığına və birgə yoluna çağırışdır. Onun sözlərindən yalnız Azərbaycan-İran münasibətlərinə qarşı çıxan dairələr narahat ola bilər. Əksinə, bu cür bəyanatlar iki ölkə əlaqələrində yeni mərhələ açmaq gücündədir və mövcud narazılıqların aradan qaldırılmasına təsir göstərə bilər”.

Quliyev əlavə edib ki, xüsusilə İkinci Qarabağ müharibəsi dövründə münasibətlərin tam inkişafına mane olan amillər mövcud olub:
“Bəzi hallarda İran hakimiyyətindəki dairələrin yanlış siyasəti əməkdaşlığı dərinləşdirməyə imkan vermirdi. Hələ də İsrail-Azərbaycan əlaqələrinə dair əsassız şübhələr ortaya atılır. Halbuki yaxınlarda yüksək səviyyəli bir İran rəsmisi açıq şəkildə bəyan etdi ki, Azərbaycanın İsraillə İrana qarşı yönəlmiş hər hansı münasibətləri barədə fakt yoxdur. Bu da konstruktiv yanaşmanın göstəricisidir”.

Ekspertin fikrincə, Pezeşkianın “qardaşlıq” mesajı həm də İran daxilindəki müəyyən qüvvələrə yönəlmiş ciddi mesajdır:
“Əgər İran hakimiyyətində hamı Pezeşkian kimi sağlam mövqe nümayiş etdirsə, bu, Azərbaycan-İran münasibətlərində keyfiyyətcə yeni mərhələyə yol aça bilər”.

 

//Gülnarə Abasova, Editor.az

Избранный
7
editor.az

1Источники