RU

Nizami rayonunda yanğın təhlükəli mağazanın fəaliyyəti dayandırılıb

Bakı, 27 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39A ünvanında yerləşən Babək Allahverən oğlu Qəribova məxsus işlənmiş soyuducuların təmiri və satışı mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib. Həmçinin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, elektrik avadanlıqları artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin olunmayıb, obyektin tavan hissələri yanar materialla üzlənib, obyektin daxilində yanar materialdan istifadə edilərək otaqlar quraşdırılıb. Eyni zamanda, obyektin ərazisi yanar tullantılardan təmizlənməyib və zirzəmi sahəsində ehtiyat çıxış qapısının qarşına əlavə əşyalar yığılıb, yanğın zamanı insanların təxliyəsi üçün köçürmə planı tərtib olunmayıb, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb, obyektdə əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Qanuna uyğun sığorta olunmayıb. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanlar nəzərə alınaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş B. Qəribova məxsus işlənmiş soyuducuların təmiri və satışı mağazasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Избранный
9
19
azertag.az

10Источники