RU

Deputat: “Minsk qrupunun ömrü bitmək üzrədir”

“ATƏT-in Minsk qrupu 1992-ci ildən mövcud olduğu təxminən 28 il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin dondurulması ilə məşğul oldu. Bu qurum mandatı çərçivəsində heç bir nəticə vermədi, əksinə, işğalın möhkəmlənməsinə xidmət edən siyasət həyata keçirdi. Bu da ermənipərəst mövqenin göstəricisi idi”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

O qeyd edib ki, bu gün isə artıq de-fakto Minsk qrupu mövcud deyil:

“Lakin hələ də tam ləğv olunmayıb və Azərbaycan-Ermənistan münasibətlərində əsas tələblərdən biri məhz onun fəaliyyətinə son qoyulmasıdır. ATƏT-də qərarlar konsensus prinsipi əsasında qəbul olunur. Buna görə də hər iki tərəfin eyni mövqedən çıxış etməsi vacibdir. Sevindirici haldır ki, ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan birlikdə ATƏT-in baş katibliyinə müraciət edərək bu məsələni gündəmə gətirib. Artıq məlumata görə, Minsk qrupu ilə əlaqədar strukturların bağlanması barədə müraciət ATƏT ölkələrinə göndərilib”.

Deputat diqqətə çatdırıb ki, yaxın vaxtlarda bu qərarın qəbul ediləcəyi gözlənilir:

“Əgər bu təşəbbüsü yalnız Azərbaycan irəli sürsəydi, müsbət qərar almaq mümkün olmazdı. Amma indi həm rəsmi Bakı, həm də rəsmi İrəvan eyni mövqedən çıxış edir. Bu səbəbdən məsələ ATƏT-in iş prinsiplərinə uyğun olaraq hər iki tərəfin iradəsinə əsasən həll ediləcək. Yəni, çox yaxın zamanda ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən son qoyulacaq. Onun ömrü demək olar ki, bitmək üzrədir”.


Leyla Turan
Demokrat.az
Избранный
7
1
demokrat.az

2Источники