RU

Zəlzələ Bakıya çatdı – bizi nə gözləyir?

Xəbər verdiyimiz kimi, Xəzər dənizinin sahillərində 5,7, eləcə də Dağıstanda 5,5 maqnitudalı zəlzələ qeydə alınıb. Titrəyişlər Azərbaycanda – Quba, Xınalıq, Qusar, Bakı və Sumqayıt daxil olmaqla bir sıra bölgələrdə 3-4 bal gücündə hiss olunub. Bu hadisə ictimaiyyətdə “ölkədə güclü zəlzələ ola bilərmi?” sualını gündəmə gətirib. Seysmoloqlar hesab edir ki, sözügedən aktivlik müəyyən risklər yarada bilər.

Xəzərdə müşahidə olunan seysmoloji aktivlik güclü zəlzələnin baş verməsi ilə nəticələnə bilərmi? Bakı üçün təhlükə varmı?

Globalinfo.az-a danışan “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib ki, 6 bal gücündə zəlzələlər adətən dağıdıcı olmur:

“Cənubi Qafqaz gənc dağəmələgəlmə zonası olduğuna görə burda seysmik aktivlik daim müşahidə olunur. Xəzərdə mütəmadi olaraq 3 bala qədər zəif titrəyişlər qeydə alınır və onlar çox vaxt hiss olunmur, yalnız seysmoqraflarla müəyyən edilir. Hazırda Azərbaycanın müxtəlif bölgələrində müasir seysmoloji avadanlıqlar quraşdırılıb və bu cihazlar həm ölkə, həm də dünya üzrə baş verən zəlzələlər barədə dərhal məlumat ötürür”.

qorxmaz

Qorxmaz İbrahimli

Ekoloq qeyd edib ki, Bakının yerləşdiyi torpaq quruluşu dağıdıcı zəlzələ üçün əlverişli sayılmır:

“Buna baxmayaraq, paytaxt və Abşeron üzrə proqnozlar mütəmadi yenilənməlidir. Daha böyük təhlükə ehtimalı Şamaxı, Gəncə və Zaqatala bölgələrində müşahidə olunur. Respublika Seysmoloji Mərkəzi həmin ocaqlardakı vəziyyətlə bağlı ictimaiyyətə daimi məlumat verməlidir. Kamçatkada baş verən zəlzələ müəyyən narahatlıq yaradaraq yüksək maqnitudalı zəlzələlərə hazırlıq baxımından yenidən baxmağı zəruri etdi. İnsanlar artıq tikililərin təhlükəsizliyinə diqqət yetirirlər. Bakıda tikililər əsasən 8 bal gücündə zəlzələyə hesablanıb. Ümumiyyətlə, Abşeron yarımadasında 5,5–6 bal gücündə yeraltı təkanlar mümkün olsa da, onlar dağıdıcı xarakter daşımır. 8 bal gücündə zəlzələ ehtimalı isə çox azdır. Bununla belə, güclü təkan baş verərsə, binalar dağılmasa da, insanların panik vəziyyətdə küçələrə çıxması, nəqliyyatda tıxacların yaranması əlavə risklər yarada bilər”.

Избранный
8
6
turkustan.az

7Источники