Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə birgə təşkil etdiyi “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr edilən II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi olub.
Tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Forumun mövzusu - “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” özünü sözün əsl mənasında doğrultdu.
"İştirakçıların fikirləri, enerjisi bir daha göstərdi ki, gənclər sülhün davamlılığında, müxtəlifliyin təşviqində, xalqlar, mədəniyyətlər, dinlər arasında qarşılıqlı hörmətin möhkəmləndirilməsində əvəzolunmaz rola malikdirlər. Forum müddətində iştirakçılar Bakı, Xankəndi və Şuşada bir araya gələrək faydalı müzakirələr aparıb, müxtəlif baxış bucaqlarını bölüşüblər və bir daha əmin olduq ki, gənclər bu gün multikultural dünyada sülh quruculuğunun əsas qüvvəsidir. Forumun Bakı ilə yanaşı Xankəndidə və mədəniyyət beşiyimiz Şuşada keçirilməsi sülhün davamlılığını, bu ərazilərdə birgəyaşayışın yenidən qurulması zərurətini simvolizə edir. Qürur hissi ilə deyə bilərik ki, bu Forum vasitəsilə dünyanın müxtəlif guşələrindən gəlmiş gənclər multikulturalizmin Azərbaycan nümunəsini yaxından gördülər. Onlar şahid oldular ki, burada multikulturalizm sadəcə bir şüar deyil, dövlət siyasəti, gündəlik həyat tərzi və birgəyaşayış fəlsəfəsidir,” – deyə Rəvan Həsənov vurğulayıb.
İcraçı direktor diqqətə çatdırıb ki, dünya bu gün dözümsüzlük, radikalizm, ksenofobiya və mədəniyyətlərarası anlaşılmazlıqlar kimi ciddi çağırışlarla üz-üzədir. Ancaq belə forumlar göstərir ki, gənclər ədalətli, inklüziv və sülhpərvər gələcəyə aparan yolun önündə getməyə qadirdirlər.
Gənclər və idman naziri Fərid Qayıbov gənclərin Azərbaycan hökuməti üçün əhəmiyyətindən bəhs edib.
ICESCO-nun Bakı regional ofisinin direktorunun müavini Məryəm Qafarzadə deyib ki, mədəniyyətlərarası dialoqun və sülhün təşviqinə sadiqlik ruhlandırıcı və təqdirəlayiqdir.
Nordik Münaqişələrin Transformasiyası Mərkəzinin direktoru Noufal Abboud və Stirlinq Fondunun regional direktoru Mohamed Dahab Forumun əhəmiyyətinə toxunaraq, tədbirin gənclər üçün faydalı olduğunu bildirib.
Sonda forum iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.
Xatırladaq ki, “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr olunan II Beynəlxalq Multikulturalizm Gənclər Forumuna avqustun 22-də start verilib. Bakı, Şuşa və Xankəndi şəhərlərində keçirilən Foruma dünyanın 50-dən çox ölkəsindən 70-dək iştirakçı qatılıb. İştirakçılar Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Heydər məscidini və Tolerantlıq Evini ziyarət ediblər. Forum iştirakçıları üçün ICESCO və onun Bakı Regional Ofisinin rəhbərliyi, Afrika İttifaqının Afrika Miqrasiya Müşahidə Mərkəzi və Nordik Münaqişələrin Transformasiyası Mərkəzinin tərəfdaşlığı ilə “Müxtəlifliyin gücü: Gənclər sülh və qarşılıqlı anlaşmanın hərəkətverici qüvvəsi kimi” mövzusunda seminar keçirilib.
İştirakçılar Xankəndi şəhərində aparılan abadlıq-quruculuq işləri ilə tanış olublar. Onlar BBMM-in şöbə müdiri İrina Kuninanın “Azərbaycan multikulturalizm modelinin xüsusiyyətləri” və Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyevin “Bakının sülh diplomatiyası: beynəlxalq hüquqda qayıdış hüququ və Azərbaycan konteksti” mövzusunda mühazirələrini dinləyiblər.
Forum çərçivəsində iştirakçılar üçün “Müasir konfliktlər zamanı sülhün bərpasında dinin rolu” mövzusunda interaktiv məşğələ aparılıb və onlar “Öz xalqını təqdim et” musiqili axşamlarda öz ölkələrinin mədəniyyətlərini təqdim ediblər. Şuşaya ekskursiya zamanı şəhərin tarixi və mədəni abidələri ilə tanış olub, Natəvanın evi, Bülbülün ev-muzeyi, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi, Vaqifin məqbərəsi və Cıdır düzünü ziyarət ediblar. Ekskursiya zamanı iştirakçılara işğaldan sonrakı bərpa və yenidənqurma işləri barədə məlumat verilib.