RU

Fransada etimad səsverməsi: Emmanuel Makron siyasi meydanda tək qala bilər  

Fransua Bayru sentyabrın 8-də Milli Assambleyadan etimad almasa, Fransa Prezidenti Emmanuel Makron siyasi fırtınanın mərkəzinə düşəcək. Artıq arxasında onu qoruyan bir sədd yoxdur. O, tək qalacaq və birbaşa məsuliyyət daşıyan yeganə siyasi fiqur olacaq.

Fransua Bayrunun sentyabrın 8-də etimad səsverməsinə çıxacağı xəbəri bir çoxlarını təəccübləndirsə də, Makron üçün sürpriz olmayıb. O, əvvəldən xəbərdar idi. Rədd edə bilərdi, amma ideyanı təsdiqləyib, işlərin yaxşı getmədiyini dərhal anlayıb. Başqa sözlə, əgər bu, siyasi intihardırsa, Prezident də bu prosesin bir hissəsidir.

AZƏRTAC xəbər verir ki, bu vəziyyətin yaranmasının başlıca səbəbi onun 2024-cü ilin iyununda parlamenti buraxmasıdır.

Bu gün Nazirlər Şurasını çağıran Makronun hansı tonla çıxış edəcəyi və necə cavab verəcəyi maraqla gözlənilir. O, qürurla, yoxsa təslimiyyətlə cavab verəcək? Gözlənilməz bir addım atacaq, yoxsa susaraq dayanacaq?

Mütəxəssislərin fikrincə Makronun qarşısında üç seçim var:

- İstefa vermək - bu, ən az ehtimal edilən ssenaridir. Makron heç zaman qapını çırpıb çıxan lider olmayıb. Amma küncə sıxışdırılmış, zəiflədilmiş və nifrət edilən prezident nə edə bilər? Solçular artıq onun vəzifədən kənarlaşdırılmasını tələb edirlər.

- Yeni Baş nazir təyin etmək - bu, hazırda ən real seçimdir. Əgər Bayru istefa verərsə, Makronun yeni bir simanı irəli sürə biləcəyi ehtimal olunur. Bu baxımdan həmişə eyni adlar çəkilir: Sebastyan Lekornu? Jerald Darmanən? Yoxsa Respublikaçılar Partiyasından bir fiqur? Bu, sadəcə, bir “kastinq” məsələsidir və prezidentin artıq seçimi ola bilər.

- Parlamentin yenidən buraxılması - bu, ən riskli variantdır. Konstitusiyada bu alət mövcuddur. Rəsmi olaraq prezident bundan istifadə etmək istəmir, amma səlahiyyətlərindən də könüllü əl çəkməz. Deyilənlərə görə, bu ssenarini istisna etmək olmaz. Milli Birlik Partiyası (RN) bu seçimi açıq şəkildə tələb edir. Amma Marin Le Pen yarışa qatılmasa belə bu riskin nəticəsi RN-in parlament çoxluğunu qazanması ola bilər.

Bayrunun devrilməsi Makronu siyasi meydanda tamamilə tək buraxa bilər. Sentyabrın 10-na planlaşdırılan ümummilli etiraz aksiyaları artıq gündəmdədir. Əgər Bayru sentyabrın 8-də etimad almasa, Makron bu etirazların tək simasına çevriləcək.

Cəmi bir həftə əvvəl Makronun Baş nazirinə – “dostum, yoldaşım 2027-yə qədər birlikdə davam edəcəyimizə inanıram” sözləri ilə ünvanladığı təriflər və sadiqlik çağırışları artıq aktuallığını itirib.

Ətrafındakı mənbələrin sözlərinə görə, Prezident gələcəyi düşünməyə vaxt ayırmağı demokratiya üçün ölümcül xəstəlik adlandırır. Bu halda sual yaranır: Emmanuel Makron gələcəyi nəzərə almır, yoxsa, sadəcə onu idarə edə biləcək bir planı yoxdur?

Sentyabrın 8-i Fransa siyasi tarixində dönüş nöqtəsinə çevrilə bilər. Hökumətin buraxılması halında Emmanuel Makron həm tək qalan lider, həm günahlandırılan prezident, həm də xalqın qəzəbi ilə üz-üzə gələn sima olacaq. Onun seçəcəyi yol isə yalnız ölkənin siyasi gələcəyini deyil, həm də öz liderlik mirasının taleyini müəyyən edəcək.

Избранный
2
4
azerbaijan-news.az

5Источники