RU

Rus ordusuna qarşı yeni plan hazırlanır

Rus

Polşa və Finlandiya Rusiyanın mümkün hücumuna qarşı müdafiə vasitəsi kimi keçilməz bataqlıqlardan istifadə etməyi planlaşdırırlar. Bu ideya ekologlara, eləcə də bəzi hərbçilərə maraqlı görünsə də, fermerlərin ciddi narazılığına səbəb olub.

Reyting.az
"Politico" nəşrinə istinadla xəbər verir ki, bir neçə Avropa ölkəsi Rusiya ordusunun ehtimal edilən hücumuna qarşı müdafiə xətti kimi bataqlıqların yenidən bərpası imkanlarını öyrənirlər. Söhbət vaxtilə Finlandiya ərazisində, həmçinin Polşada kənd təsərrüfatı sektoruna böyük dəstək məqsədi ilə sahələrin genişləndirməsi üçün qurudulmuş keçilməz bataqlıqların yenidən canlandırılmasından gedir.

İdeya mənbəyi Ukraynadır. 2022-ci ilin əvvəlində rus qoşunlarının sürətli şəkildə Kiyevi ələ keçirmə planını pozmaq üçün Ukrayna ordusu İrpen çayındakı bəndi partladaraq çay yatağını su altında qoymuş və bu ərazini tanklar üçün keçilməz etmişdi.

Məlumata görə, NATO-nun Rusiya, eləcə də Belarusla sərhədləri boyu ən böyük Avropa bataqlıqları yerləşir. Mütəxəssislərin fikrincə, hətta çoxdan qurudulmuş iri bataqlıqlar belə drenaj kanallarının bağlanması ilə bir-iki ilə öz-özünə bərpa olunur.

Finlandiya hökuməti artıq bununla bağlı parlament sorğusuna cavab məqsədilə bataqlıqların yenidən bərpasını rəsmi şəkildə müzakirəyə çıxarıb. Digər Avropa ölkəsi Polşa isə "Şərq qalxanı" adlanan sərhədin möhkəmləndirilməsi layihəsi çərçivəsində təxminən 2 milyard avrodan çox vəsait ayırıb və burada "bataqlıqlar və meşələr zolağının formalaşdırılması" nəzərdə tutulur.

Baltik ölkələri sərhədlərin müdafiəsi üzrə bənzər ortaq bir proqram qəbul etsələr də, hələ bataqlıqların bərpası gündəmdə deyil. Halbuki keçmişdə Estoniya, Litva və Latviya ərazilərinin təxminən 10 faizi bataqlıqlardan ibarət olub.

Ekoloqlar ideyanı iqlim dəyişikliyinə qarşı mübarizə arqumenti ilə dəstəkləyirlər. Hazırda bataqlıqlar quru ərazilərin cəmi 3 faizini təşkil etsə də, dünyadakı karbon ehtiyatlarının üçdə birini özündə saxlayır. Onların qurudulması isə atmosferə 4 faiz qlobal istixana qazlarının buraxılmasına səbəb olur (müqayisə üçün: bütün dünya aviasiyasının payı 2,5%-dir).

Mütəxəssislər deyiblər ki, təbii halda saxlanılan belə bataqlıqlar karbon qazını meşələrdən daha effektiv udur və oksigen istehsalını artırır. Üstəlik, Avropa İttifaqı hərbi səbəblərdən asılı olmayaraq 2030-cu ilədək qurudulmuş bataqlıqların 30 faizini, 2050-ci ilə qədər isə təxminən 50 faizini bərpa etməyi hədəfləyir.

Bununla belə, bu ideyanın əleyhdarları da çoxdur. Almaniya Silahlı Qüvvələrinin nümayəndəsi "Politico"-ya bildirib ki, bu cür dərin bataqlıqlar yalnız düşməni deyil, eyni zamanda müttəfiq qoşunların hərəkətini də çətinləşdirəcək. Bu fakt NATO qüvvələrinin Qərbi Avropadan Şərqi Avropaya qoşunlarını göndərməsini ləngidə bilər. Üstəlik, bataqlıqlar tankları dayandırsalar da, raket və dronlara qarşı təsirsizdir.

Oqtay QORÇU
Избранный
3
1
reyting.az

2Источники