RU

Vətən sizinlə öyünür...

Azərbaycan deyəndə ayağa qalxan, silaha sarılan oğullardan biri, Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynovun döyüş yolu gənclərimiz, gələcək  nəsillər üçün örnəkdir. Qəhrəmanların ömür salnaməsinin hər saatı  belə tarixdir.

Vətən Müharibəsi  Qəhrəmanı  Zaur  Hüseynov 26 avqust  1987-ci ildə Salyan rayonunda  hərbçi ailəsində anadan olub. Rənglər dünyasına sonsuz  sevgisi olsa belə, yalnız hərbi paltarın rənginə könlünü verib. Uşaq yaşlarından  hərb yoluna çıxıb. 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsil alıb.  2005-ci ildə Heydər Əliyev adına  Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur.  2009-cu ildə Ordu  yarışlarında qazandığı 29 medalla ali hərbi məktəbi  fərqlənmə diplomu ilə qurtarmışdır. 2009-2010-cu illərdə  Silahlı Qüvvələrin   Təlim-Tədris  Mərkəzini zabit kimi bitirərək orduya yollanıb. 2010-cu ildə Qazax rayonunun müdafiəsində  Tank əleyhinə  taqım komandiri kimi  xdməti borcunu şərəflə yerinə yetirib.  2011-ci ildə  Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kursunu  bitirərək , Xüsusi Təyinatlı Qüvvələr mənsubu kimi xidmətə başlayıb. 

2016-cı ildə Aprel döyüşlərində qəhrəmanlıqla  vuruşub. 2017-ci ildə  Türkiyə respublikasında   “Beynəlxalq  Dalğıc” kursunu bitirmiş, 2018-ci ildə isə  dalğıc təcrübəsini təkmilləşdirmək məqsədi ilə Türkiyədə təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. 

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin “Sədaqətim  Şərəfimdir!” şüarı Zaur kimi qəhrəmanların and yeri olub. 

2020-ci ilin Vətən Müharibəsində  Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azad olunmasında döyüş tapşırığını qəhrəmanlıqla  yerinə yetirdiyinə, igidlik və mərdlik nümunəsi  göstərdiyinə görə Prezident İlham Əliyevin  9 sentyabr  2020-ci il tarixli Sərəncamına əsasən  Zaur  Hüseynova “ Vətən Müharibəsi Qəhrəmanı” adı  verilmişdir.

Şərəfli tərcümeyi-halı ilə tarix yazan  Zaur Hüseynov kimi  cəngavər oğullarla Vətən hər zaman fəxr edir, öyünür və qürur duyur.

Kəmalə ABDİNOVA

Избранный
15
1
xalqqazeti.az

2Источники