RU

Goranboyda gənclik maarifləndirilir: “Səyyar Xidmət”lə dəyərlərə doğru

Goranboyda gənclər bu gün həm dövlətin ali dəyərləri, həm də öz gələcəkləri üçün mühüm bir prosesin içindədirlər. “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi Goranboy rayonunun Tatarlı kəndində təntənəli şəkildə işə başlayıb. Bu layihə sadəcə bir təlim deyil, bu, vətəndaşlıq düşüncəsinin, milli şüurun, maarifçiliyin kənd məktəbinin sinif otaqlarından yüksəlməsidir.

25–29 avqust tarixlərini əhatə edən maarifləndirici təlimlər Goranboy Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Layihənin əsas hədəfi region gənclərinin maarifləndirilməsi, onların hüquq və vətəndaşlıq biliklərinin artırılması, sağlam həyat tərzi və milli dəyərlərə bağlılığın gücləndirilməsidir.

Tədbirin açılış mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Gənclər Fondunun icraçı direktor əvəzi Yusif Vəliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev və digər rəsmi şəxslər iştirak ediblər. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədr müavini Tanrıverdi Aydınovun iştirakı və çıxışı isə tədbirə mühüm məzmun qatıb.

Gənclərlə keçirilən görüşlərdə yalnız hüquqi və sosial mövzular deyil, həm də dövlətçilik ənənələri, şəhid ailələrinə və qazilərə hörmət, milli-mənəvi dəyərlər kimi fundamental məsələlər önə çəkilib. Tədbirdə iştirak edən şəhid ailələri və qazilər, vətənə xidmətin yalnız cəbhədə deyil, həm də biliklə, şüurla, maariflənmə ilə baş verdiyini bir daha gənclərin diqqətinə çatdırıblar.

Tatarlı kənd məktəbinin siniflərində gənclərlə aparılan bu təlimlər, gələcəyin məsuliyyətli, məlumatlı və vətənə bağlı vətəndaşlarını formalaşdırmaq məqsədi daşıyır. Çünki bu gün gəncə verilən bilik sabah dövlətin sabitliyinə, cəmiyyətin inkişafına çevriləcək.

“Səyyar Gənclər Xidməti” -gəncliyə verilən bir mesajdır: Siz bu dövlətin gələcəyi, bu torpağın qoruyucuları və bu bayrağın daşıyıcısısınız. İndi isə bu gələcək maariflənir, güclənir və aydın bir sabaha hazırlanır.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Goranboy

 

Избранный
13
1
xalqqazeti.az

2Источники