RU

Vaşinqton sənədindən sonra İran "3+3" formatından daha bərk yapışdı... Niyə?


Əli Orucov: "İran artıq anlayır ki, regionu narahat edən problemlər onun iştirakı və rəyi nəzərə alınmadan nizamlanır"

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik brifinqdə Cənubi Qafqaz bölgəsində "3+3" formatının rolunu dəyərləndirərkən bildirib ki, bu mexanizm regional məsələlərin müzakirəsi və həlli baxımından uzunmüddətli və təsirli çərçivədir.

Onun sözlərinə görə, bu, region ölkələri, o cümlədən Azərbaycan və Ermənistan arasında mübahisələrin həllinə kömək edən regiondaxili mexanizm kimi özünü doğrultmuş formatdır.

“Cənubi Qafqazın problemlərinin həlli ilə bağlı regiondan kənarda baş verən hadisələrdən asılı olmayaraq, bu gün, bəlkə də keçmişdə olduğundan daha çox, region ölkələri belə qənaətə gəliblər ki, mübahisələrin həlli və regiondankənar aktorların müdaxiləsinin qarşısını almaq üçün bu mexanizmlər aktiv saxlanılmalı və onların daha səmərəli olması üçün səylər göstərilməlidir”, - deyə, Bəqayi vurğulayıb.

İran Vaşinqton görüşlərindən sonra bu "3+3" formatından nəyə görə belə möhkəm yapışıb?

Politoloq Əli Orucov məsələ ilə bağlı baki-xeber.com-a açıqlamasında bildirib ki, "3+3" formatı ilk baxışdan cəlbedici görünsə də, həmin formatın uğur qazanacağı və işlək mexanizmə çevriləcəyi şübhə doğurdu: "Çünki regionun üç dövləti - İran, Rusiya və Ermənistan regionun problemlərinin həllində konstruktiv yanaşma sərgiləmirlər. Xüsusən də Moskva və Tehran Cənubi Qafqazda immunitet və xüsusi imtiyaz sahibi olmaq iddiasındadır. Əgər İran doğrudan da regionun problemlərinin region ölkələrinin maraqları çərçivəsində və "3+3" formatında çözülməsini istəyirdisə, bölgə üçün vacib əhəmiyyət daşıyan ziddiyyətlərin aradan qaldırılmasına dəstək verərdi. Lakin biz bunun tamam əksinin şahidi olmaqdayıq. Cənubi Qafqaza sülh, əminamanlıq və rifah gətirəcək Zəngəzur dəhlizinin açılmasına, həmçinin Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına qarşı çıxmazdı. Tehran rejimi, xüsusən də ayətullahlar Azərbaycanla qarşı bu gün də təhdid və şantaj dilində danışmaqla Bakını hədələməkdədir. Belə bir atmosferdə və aqressiv fonda əməkdaşlıqdan danışmaq absurd səslənir. Bakı təzyiq altında haqlı olaraq regional məsələlərin müzakirəsinə getməz və bu üsulla da heç bir müsbət nəticə də hasil olunmaz.İran artıq anlayır ki, regionu narahat edən problemlər onun iştirakı və rəyi nəzərə alınmadan nizamlanır. Bu da Tehranın yürütdüyü regional yanlış siyasətin nəticəsidir. İranda real və faktiki iqtidarda olan ali dini liderə bağlı mühafizəkar qanad ideoloji və siyasi cəhətdən Azərbaycanla mehriban qonşuluğu qəbullanmır. Belə dözümsüzlük və qısqanclıq nəticə etibarı ilə Bakını məsafəli davranmağa məcbur edir".

Ekspert bildirdi ki, Moskva da region ölkələrinə bərabərhüquqlu tərəfdaş kimi deyil, müstəmləkəsi və ənənəvi təsir zonası kimi yanaşır: "O zaman məntiqi olaraq "3+3" formatında əməkdaşlıq mexanizmləri də, bu platformada problemlərin həlli yolları da, həmçinin faydalanmalar da istənilən effektiv nəticəyə neqativ təsirini göstərməyə bilməz. İranın indi üzərində dayandığı "3+3" formatını aktuallaşdırmaq üçün ilk növbədə bunu əngəlləyən səbəblər aradan qalxmalıdır".

Dəniz NƏSİRLİ

Избранный
12
baki-xeber.com

1Источники