RU

Afərin, Paşinyan! - Qarabağ revanşçılarına tarixdə görmədikləri zərbə...


Elşad Həsənov: “İndi gərək erməni cəmiyyəti də bunu doğru dəyərləndirsin”

Qarabağdan könüllü köçmüş və Ermənistanda müvəqqəti dövlət müdafiəsinə götürülmüş erməniəsilli şəxslər 2025-ci il sentyabrın 1-dən vətəndaşlıq almaq üçün ödənilən dövlət rüsumundan azad ediləcək. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti məlumat yayıb.

Qeyd edilən qərarın qəbulu Ermənistanda 2025-ci il yanvarın 22-də “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliklər nəticəsində mümkün olub. Bu addımlar Qarabağı tərk etmiş şəxslərin vətəndaşlıq alması prosesini sadələşdirmək və sürətləndirmək məqsədi daşıyır.

Burada diqqəti çəkən məqam odur ki, Qarabağdan könüllü köçmüş ermənilərə Ermənistan vətəndaşlığı verilməsi prosesinin sürətləndirilməsi Baş nazir Nikol Paşinyanın avqustun 18-də xalqa müraciətində söylədiyi fikirlərin həyata keçirilməsinə başlanıldığını göstərir. Həmin çıxışında Paşinyan bildirib ki, Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanın müstəqilliyini və dövlətçiliyini inkişaf etdirməsinə imkan verməmək üçün bir alət kimi istifadə olunub: “Qarabağdan gələn ermənilərin Azərbaycana qayıdışı qeyri-realdır və sülh üçün təhlükəlidir”.

“Doğru olaraq, Paşinyan bu məsələnin qapanmasını istəyir və Qarabağ ermənilərinə Ermənistan vətəndaşlığı verir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, son illərin hadisələri onu göstərir ki, artıq Ermənistan rəhbərliyi ölkənin inkişafının Azərbaycan və Türkiyədən asılı olduğunu anlayır: “İllərdir iki ölkə arasında mövcud olan münaqişənin səbəbi məhz Qarabağ məsələsi olub. Qarabağ məsələsindən Rusiya həm Ermənistana, həm də Azərbaycana qarşı istifadə edib. Moskva hər iki ölkəni bununla təhdid edib. Artıq hamı bunu anlayır. Ermənistan siyasi rəhbərliyi də anlayır ki, Qarabağ kartından hər zaman erməniləri və azərbaycanlıları vurmaq üçün istifadə olunub. Ona görə də Paşinyan avqustun 18-də xalqa müraciətində bildirdi ki, Qarabağ söhbəti artıq bitib. O cümlədən, ermənilərin Qarabağa qayıtması qeyri-realdır və ən məqbul variant onların Ermənistan vətəndaşlığını qəbul etmələridir. Çünki Qarabağ məsələsini saxlamaq cəhdi Ermənistanın dövlət müstəqilliyinə ciddi zərbədir. O üzdən, doğru olaraq Paşinyan bu məsələnin qapanmasını istəyir və oradan olan ermənilərə Ermənistan vətəndaşlığı verir. Doğru olan da budur. Çünki bunun əksi Ermənistana və erməni xalqına böyük fəlakət vəd edir. Növbəti dəfə buna getsələr, Ermənistanda bir erməni qalmayacaq. Paşinyan bütün bunların fərqində olduğu üçün həm ermənilərə çağırış edir, həm də gərəkən addımları atır. Nikol istəyir ki, Qarabağı könüllü şəkildə tərk edən ermənilər sürətli şəkildə Ermənistan vətəndaşlığını alsın. Rusiya Qarabağ ermənilərindən Azərbaycan və Ermənistana qarşı bir təzyiq vasitəsi kimi istifadə edə bilməsin. Fikrimcə, bütün bunlar müsbət göstəricilərdir. Ermənistanın real gələcəyinin qurulması bu məsələni birdəfəlik bağlamaqdan keçir. Hakimiyyət bunu anlayır. İndi gərək erməni cəmiyyəti də bunu doğru dəyərləndirsin. Gələn il keçiriləcək parlament seçkilərində fəlakət vəd edən, Rusiyaya bağlı revanşistlərə yox, Paşinyanın komandasına səs verməlidilər”.

Vidadi ORDAHALLI

Избранный
3
baki-xeber.com

1Источники