RU

Ərəb Qaz kəmərinə Azərbaycanın yolu açılır - Suriya üzərindən İordaniya, Misir, Livan...


Məlum olduğu kimi, Azərbaycanın Suriyaya qaz ixracına başlaması bu Yaxın Şərq ölkəsinin enerji sahəsində üzləşdiyi problemin çözümü baxımından müstəsna əhəmiyyətə malikdir. Digər tərəfdən bu, təkcə iqtisadi deyil, həmçinin geosiyasi baxımdan tarixi bir hadisədir. İlk dəfədir ki, Azərbaycan qazı Yaxın Şərq regionuna, konkret olaraq Suriyaya nəql edilir.

Suriya uzun illər müharibə şəraitində olmuş, infrastruktur baxımından ciddi dağıntıya məruz qalmış ölkədir. Azərbaycan qazı bu ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu, həm də Azərbaycanın beynəlxalq nüfuzunun və enerji diplomatiyasının uğurudur. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Suriyanın enerji təhlükəsizliyində daha böyük rol oynamağa da hazırdır.

Qeyd olunan məsələ ilə bağlı prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib ki, Azərbaycan Suriyaya qazın həcmini artıra bilər: “Bizim Suriyaya təbii qazı elektrik enerjisinə çevirməyə kömək etmək üçün Azərbaycan, Suriya, Türkiyə və Qətər arasında dördtərəfli razılaşmamız oldu. Bu prosesin açılış mərasimi avqustun 2-də keçirildi. Azərbaycan qazı Türkiyə ərazisindən Suriyaya təchiz edilir və Qətər hökuməti bunun üçün vəsait ayıraraq öz səxavətini göstərdi. Hələ ki, 1,2 milyard kubmetr qazın Suriyaya təchiz edilməsi üzərində razılığa gəlinib. Lakin onlara daha çox qaz tələb olunur. Ona görə də gələcəkdə biz qazın həcmini artıra bilərik ki, onlarda daha az qıtlıq olsun”. Lakin Azərbaycan Yaxın Şərqin enerji bazarında təkcə Suriay ilə məhdudlaşdırmağı düşünmür. “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları vasitəsilə digər ölkələri qazla təchiz edə bilər: “Sözsüz ki, təbii ehtiyatlarımızla Yaxın Şərqə daxil olmaq bizim üçün ilk təcrübədir. Artıq qeyd etdiyim kimi, düşünürük ki, Suriyaya qazın həcmini artıra bilərik. Biz, həmçinin Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları vasitəsilə digər ölkələri qazla təchiz edə bilərik. Biz, həmçinin enerji resurslarının ticarətini həyata keçiririk. Biz neft və qazımızı satmaqla yanaşı, beynəlxalq ticarətçi kimi fəaliyyət göstəririk. Bizim potensialımız təsəvvür ediləndən daha böyükdür. Bu nöqteyi-nəzərdən düşünürəm ki, bu, mühüm amildir”. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın Yaxın Şərq ölkələri ilə, əsasən Körfəz Əməkdaşlıq Ölkələri ilə əlaqələri çox yaxşıdır - dostcasına və nəticəyönümlüdür: “Bu ölkələrlə çox güclü tərəfdaşlığımız var. Yeri gəlmişkən, bizim bərpaolunan enerjidə əsas sərmayədarlar Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan şirkətlərdir. Onlar bizim əsas sərmayədarlardır. Onlar indi investisiya yatırırlar”.

İndiyədək Azərbaycanın qaz ixrac etdiyi ölkələrin əksəriyyəti Avropa İttifaqının üzvüdür. Türkiyə üzərindən Suriyaya qaz ixracı isə perspektivdə İordaniya, Misir və hətta Livana qədər uzana bilər. Suriyanın dağılmış infrastrukturunun bərpası fonunda bu kəmərlərin işə salınması Azərbaycan qazının coğrafiyasını xeyli genişləndirəcək. Ərəb Qaz Kəməri bu fonda mühüm rola malikdir. O, Yaxın Şərqdə yerləşən və Misirdən başlayaraq İordaniya, Suriya üzərindən Livana qədər uzanan regional qaz kəməri layihəsidir. Layihə 2000-ci illərin əvvəllərində reallaşdırılıb, ümumi uzunluğu təxminən 1 200 km, illik ötürmə gücü isə 10 milyard kubmetr civarındadır. Son illərdə Suriya və bölgədəki müharibələr səbəbindən kəmərin fəaliyyəti məhdudlaşıb. Buna baxmayaraq, ABŞ və Avropa İttifaqı son dövrlərdə bu kəmərin yenidən bərpasına maraq göstərirlər, çünki məqsəd Livan və Suriyanı enerji böhranından çıxarmaqdır. Prosesə artıq Azərbaycanın da cəlbi xüsusi diqqət mərkəzindədir. Azərbaycan regional enerji mərkəzi olaraq belə təşəbbüslərdə iştirak edərək həm Avropa, həm də Yaxın Şərq bazarlarına çıxış imkanlarını genişləndirə bilər. Ərəb Qaz Kəməri ilə bağlı perspektivlərə nəzər saldıqda, Azərbaycanın maraqları aşağıdakı istiqamətlərdə özünü göstərə bilər: Şərqi Aralıq dənizi ilə əməkdaşlıq: Azərbaycan SOCAR vasitəsilə İsrail, Misir və digər ölkələrin enerji bazarları ilə əlaqələr qura bilər. Gələcəkdə Azərbaycan qazı bu bölgənin infrastrukturuna inteqrasiya edilə bilər. Alternativ bazarlara çıxış: Əgər Ərəb Qaz Kəməri tam bərpa olunsa, Azərbaycan üçün Yaxın Şərq ölkələrinə əlavə qaz ixrac marşrutu formalaşa bilər. Bu, həm bazarların şaxələndirilməsinə, həm də ixrac gəlirlərinin artmasına xidmət edər. Geosiyasi mövqelərin güclənməsi: Azərbaycan Cənubi Qafqaz və Xəzər hövzəsinin enerji mərkəzi kimi Yaxın Şərqdə də mühüm oyunçuya çevrilə bilər. Bu isə ölkənin beynəlxalq nüfuzunu artırar. Ərəb Qaz Kəməri hazırda əsasən regional layihə olsa da, onun bərpası və gələcəkdə genişləndirilməsi Yaxın Şərqin enerji bazarını canlandıra bilər. Azərbaycan üçün bu kəmərə birbaşa qoşulmaq qısa müddətdə real görünməsə də, dolayısı yollarla – sərmayələr, tərəfdaşlıqlar və tranzit imkanları vasitəsilə əməkdaşlıq perspektivləri mövcuddur. Belə bir addım Azərbaycanın enerji ixracını daha da şaxələndirəcək, beynəlxalq nüfuzunu möhkəmləndirəcək və onu həm Avropa, həm də Yaxın Şərq enerji təhlükəsizliyinin əsas oyunçularından birinə çevirəcək.

Ramil QULİYEV

Избранный
39
baki-xeber.com

1Источники