RU

Polşa prezidenti Ukraynaya qarşı gözlənilməz siyasətə başladı - Ukrayna əleyhinə yeni cəbhə?


Ramil Məmmədli: “Bu cür siyasət mənfi nəticələr doğura bilər”

Polşanın avqustun əvvəlində vəzifəsinin icrasına başlayan yeni prezidenti Karol Navrotski oktyabrın 1-dən Ukraynaya "Starlink" peyk internetinin maliyyələşdirilməsi üçün yardım ayrılmasını faktiki olaraq dayandırıb. Prezident Navrotski ukraynalı vətəndaşlara yardım haqqında qanuna veto qoyub və həmin qanuna bu təklif də daxildir.

Navrotski avqustun 25-də bildirib ki, parlament tərəfindən təsdiqlənmiş və Polşada yaşayan ukraynalı qaçqınların uşaqlarına ödənişlərin uzadılmasını nəzərdə tutan qanun layihəsinə veto qoyub. Prezident Navrotski Ukrayna əleyhinə digər bir neçə təşəbbüs də irəli sürüb. O, Polşada vətəndaşlıq üçün müraciət müddətini üç ildən 10 ilə qədər, üç dəfədən çox artırmağı təklif edib.

O da məlumdur ki, Polşa Almaniyadan sonra ən çox Ukraynadan olan qaçqının məskunlaşdığı ölkədir. Üstəlik, Qərbin verdiyi silahlar məhz Polşa vasitəsilə Ukraynaya çatdırılır. Polşanın yeni millətçi prezidentinin Ukraynaya qarşı tutduğu belə mənfi münasibət bu ölkəyə nə vəd edir, hansı problemlər yarada bilər?

“Polşa Ukrayna ilə bağlı güzəştləri azaltmaqda davam edərsə, bu, Kiyev üçün müəyyən problemlər yarada bilər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, indiki kritik dönəmdə Polşanın yeni prezidentinin belə mövqe sərgələməsi Ukrayna üçün zərərlidir: “Düzdür, Polşa buna qədər Ukraynaya dəstək verən əsas Avropa İttifaqı ölkələrindən biri olub. Ancaq o da var ki, Polşanın 2022-ci ildə verdiyi dəstək son üç ildə azalıb. Hətta Polşada buna etiraz edənlərin sayı artır. Yəni müharibə uzandıqca, bu, ölkədaxili siyasi problemə çevrilir. Millətçi Navrotskinin seçkilərdə qalib gəlməsi məhz elə buna görə mümkün oldu. İki il əvvəl ucuz Ukrayna taxılının Polşa fermerləri üçün problem yaratması ilə əlaqədar iki ölkə arasında gərginlik yaşandı. Polşa fermerləri yolu bağlayıb etiraz etdilər. Bundan başqa, Polşada məskunlaşan Ukrayna qaçqınlarına münasibət birmənalı deyil. Hətta məktəblərdə, digər obyektlərdə tərəflər arasında gərginlik də yaşanır. Polşada belə fikirlər var ki, Ukrayna qaçqınlarına görə yerli əhali işsizlikdən əziyyət çəkir. Çünki yüz minlərlə ukraynalı qaçqın Polşada məskunlaşıb. Onlar bunun ölkə üçün sosial problemlər yaratdığını bəyan edirlər. Yəni deməyim odur ki, prezident Navrotskinin belə mövqe sərgiləməsi təsadüfi deyil. Polşa Ukrayna ilə bağlı güzəştləri azaltmaqda davam edərsə, bu, Kiyev üçün müəyyən problemlər yarada bilər. Çünki Polşa Ukrayna üçün əsas logistik və tranzit ölkədir. Qərbdən göndərilən silahların, digər yardımların böyük hissəsi Polşa vasitəsilə bu ölkəyə çatdırılır. Başqa bir tərəfdən, Varşavanın dəyişən siyasəti Aİ ölkələri arasında Ukraynaya yardım məsələsində parçalanmanı dərinləşdirə bilər. Onsuz da Macarıstanla Slovakiya Kiyevə qarşı tənqidi mövqedən çıxış edirlər. Düzdür, Ukraynaya, əsasən Avropanın aparıcı dövlətləri hərbi, iqtisadi-maliyyə yardımları göstərir, amma Polşanın coğrafi-logistik mövqeyini nəzərə alsaq, bu cür siyasət mənfi nəticələr doğura bilər. Həm də ona görə ki, Polşa da bir slavyan dövlətidir”.

Vidadi ORDAHALLI

Избранный
22
baki-xeber.com

1Источники