RU

Xaricdə təhsil: kimlər tam təqaüdlə, kimlər valideyn hesabına oxuya bilir?

Son illər Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərən abituriyentlərin bir qismi təhsillərini xarici ölkələrdə davam etdirməyi üstün tutur.

Xüsusilə ABŞ, Kanada, Türkiyə, Almaniya, Niderland və digər ölkələrdə yerləşən universitetlər azərbaycanlı gənclər üçün daha cəlbedici seçimə çevrilib.

Yüksək nəticə göstərən abituriyentlərin xarici universitetləri seçməsi əsasən hansı səbəblərlə bağlıdır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu praktika ilə illərdir qarşılaşırıq:

166737

“Xüsusilə də yüksək bal toplayan və qəbul ola bilməyən abituriyentlərin xarici ali təhsil müəssisələrini seçməsi halları çox müşahidə olunur. Yüksək bal toplayanlardan danışırıqsa, nüfuzlu ali təhsil müəssisələrinə əsasən şəxsi hesablarına, öz vəsaitləri ilə gedə bilirlər. Çünki nə qədər bal toplasalar da, əgər SAT balı, olimpiada nəticəsi, IELTS kimi göstəriciləri yoxdursa, onlara güzəştli şərtlər tətbiq olunmur. Bu abituriyentlər əsasən öz vəsaitləri ilə təhsil alırlar.

Bəzi imkanlı ailələr sosial status baxımından da xaricdə oxumağa maraqlıdırlar. Həm də bəzən ölkədaxili ali məktəblərə qəbul olsalar da, həmin müəssisəni bəyənmirlər. Amma nəzərə almaq lazımdır ki, xaricdə oxumaq istəsələr də, təqaüd ala bilməyəcəklərsə, bütün xərcləri valideyn ödəməlidir. Çünki təqaüd üçün xüsusi nailiyyətlər və beynəlxalq nəticələr tələb olunur.

ABŞ, Kanada, Türkiyə, Almaniya, Niderland kimi ölkələrdə təhsil səviyyəsi yüksək olduğu üçün bu ölkələrə maraq daha çoxdur. Çünki bu ölkələrdə təhsil almaq gələcəkdə daha yaxşı iş imkanları deməkdir. Dövlət və ya özəl sektorda da xaricdə oxuyanlara daha çox üstünlük verilir. Xarici universitetlərin təklif etdiyi imkanlara gəldikdə isə, əsas fərq maliyyə məsələsidir. Əgər valideynin imkanı varsa, uşağını xaricdə oxutmağa çalışır.

Təqaüd və güzəştlər isə qeyd etdiyim kimi, yalnız nailiyyətlər əsasında verilir. Əgər bu göstəricilər yoxdursa, ali təhsil tamamilə ailənin hesabına başa gəlir. Bəzi hallarda isə sadəcə müəyyən faiz güzəşt edilir, məsələn, 15 min dollar olan təhsil haqqı 10 min dollara endirilir. Tam təqaüdlü oxumaq isə yalnız dövlət proqramları və ya beynəlxalq təqaüdlərlə mümkündür”.

Halbuki, Azərbaycanda da ADA Universiteti, UNEC, Bakı Ali Neft Məktəbi kimi ali məktəblər var ki, təhsilin səviyyəsi kifayət qədər yüksəkdir.

“Üstəlik, ikili diplom proqramları da təklif olunur. Yəni, tələbə eyni anda həm yerli, həm də xarici diplom ala bilər. Bu, daha səmərəli və rasional seçimdir. Valideynlər üçün tövsiyəm odur ki, yüksək vəsaitlə xaricdə oxutmaq əvəzinə, bu cür proqramlardan faydalanmağa çalışsınlar. Xaricdə oxumaq meyli bəzən sosial nüfuz məsələsinə də dayanır. “Uşaq harada oxuyur?” sualına "Almaniyada", "Amerikada" cavabını verə bilmək istəyirlər.

Azərbaycandakı universitetlərin yüksək bal toplayan tələbələri cəlb edə bilməməsi fikrinə isə qismən razı deyiləm. ADA Universiteti, məsələn, çox nüfuzludur və qəbul balları yüksəkdir. UNEC və Bakı Ali Neft Məktəbində də vəziyyət belədir. Bu universitetlərdə təhsil səviyyəsi də çox yüksəkdir və xaricdəki universitetlərdən geri qalmır”.

Избранный
14
azedu.az

1Источники