RU

Tanınmış alim Arif Acaloğlunun öldüyü qəza ilə bağlı məhkəmədə zərərçəkmiş tərəfə barışıq üçün məbləğ təklif olunub

Bakıda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, zərərçəkmiş tərəfin hüquqi varisinin vəkilləri məhkəmədə iştirak edə bilməyəcəklərini və prosesin təxirə salınması ilə bağlı elektron ərizə təqdim edib.

Ərizəyə münasibət bildirən vəkil Musa Abdinov etiraz etmədiyini və barışıq üçün qarşı tərəfə təkliflərin verildiyini bildirib:

“Ötən prosesdən sonra biz onlara məbləğ təklif etdik. Bununla yanaşı onlara müəyyən müddət ərzində aylıq ödənişin edilə bilinəcəyini də demişik. Onlardan cavab gözləyirik”.

İş üzrə təqsirləndirilən Azər Maqsudov vəkili ilə razı olduğunu, barışıq üçün addımların atıldığını, mümkün olan bütün təkliflərin irəli sürüldüyünü, qarşı tərəfin hələ cavab vermədiyini bildirib.

Dövlət ittihamçısı baxılan cinayət işi üzrə qarşı tərəfin iştirakının zəruri olduğunu əsas gətirərək işin təxirə salınmasını bildirib.

Məhkəmə qarşı tərəfin vəkillərinin ərizəsini təmin edək.

Proses sentyabrın 8-dək təxirə salınıb.

Bildirilib ki, vəkil tərəfindən verilmiş vəsatətə danışıqların nəticəsindən sonra baxılacaq.

Xatırladaq ki, qəza 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.

Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.

Избранный
25
8
apa.az

9Источники