Böyük Britaniyada orta statistik ailənin enerji xərcləri oktyabr ayından etibarən 35 funt sterlinq bahalaşacaq.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, ölkənin enerji bazarlarını tənzimləyən “Ofgem” qurumu tariflərdə 2 faiz artım nəzərdə tutulduğunu bildirib. Bununla da illik orta hesabla enerji haqqı 1720 funtdan 1755-ə yüksələcək.
Əvvəllər aparılan proqnozlarda isə oktyabr ayından qiymətlərin təxminən eyni məbləğdə ucuzlaşacağı bildirilirdi. Ötən ay verilən açıqlamaya görə, aprel-iyun dövründə tətbiq olunan yuxarı hədd ilə müqayisədə enerji haqları təxminən 7 faiz azaldılmışdı. Bu dəyişiklik əsasən enerji topdansatış qiymətlərinin və təchizatçıların xərclərinin azalması ilə əlaqələndirilmişdi.