RU

Laçında tənha qəhrəman məzarı..

Yazını böyüt
Yazını kiçilt

Laçının Bəylik kəndində bir tənha məzar var... Əslində tənha deyildi o gün. Əslən Qərbi Azərbaycandan olan şairlər, yazıçılar, ziyalılar, kənd sakinləri başına toplaşmışdılar. Güllər gətirmiş, dua oxumuş, bir şəhidin xatirəsini diriltmişdilər. Şəhid Camal Quliyev Birinci Qarabağ müharibəsində könüllülər sırasında Laçın, Qubadlı, Zəngilan uğrunda döyüşüb. Uzun illər “itkin” sayılsa da, onun nəşinin qalıqları 44 günlük Vətən müharibəsindən sonra azad edilən Xudafərin torpağında tapılıb və doğma Laçında torpağa tapşırılıb.

Hafta.az xəbər verir ki, Laçın rayonunun Bəylik kəndində keçirilən görüşdə əvvəlcə Azərbaycanın müstəqilliyi, dövlətimizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla anılıb. Tamxil Ziyəddinoğlu bildirib ki, görüş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi azərbaycanlı repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi çərçivəsində həyata keçirilir.

Şair Ramazan Səməroğlu ata yurduna illərdən sonra ayaq basıb. O deyir:

“Xalqımıza vurulan yaralar o qədər dərindir ki, hər sevinəndə, hər güləndə belə o yaralar sızlayır...”

Onun oxuduğu şeirlərdə də bu sızıltı vardı.

Şair Zöhrə Xəlili isə Zəngəzur həsrəti ilə danışdı. 32 il həm Qarabağ, həm də doğulduğu mahalın dərdini daşıdığını söylədi. Onun səmimi sözləri ürəklərə toxundu:

“Mən bu dağın o üzündə doğuldum... amma orada böyüyüb boya-başa çatmadım...”

Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı, yazıçı Elman Rüstəmov isə çıxışında ötən əsrin 90-cı illərinin ağır günlərinə qayıtdı:

“Dövlət müstəqilliyimizi elan edən kimi dörd bir yandan düşmən üstümüzə gəldi. Ordumuz yox idi. Əliyalın könüllülər döyüşə atıldı. O vaxt heç kim dövlətdən heç nə ummurdu, hər kəs düşünürdü ki, mən dövlətimə nə edə bilərəm? Biz söz birliyi, güc birliyi ilə torpaqlarımızı azad etdik...”

Fəal ictimaiyyətçi, jurnalist Azadə Novruzova isə görüşə oğlunu - yenicə ali məktəbə qəbul olmuş Nicat Elxanoğlunu gətirmişdi. Onun sözləri isə xüsusi təsir bağışladı:

“İstədim ki, oğlum bu kəndin havasını sinəsinə çəksin. Harada yaşasa da, ruhuna hopan bu hava onu bir gün ata yurduna çəkəcək...”

Doğma ocaqlarına üç ay əvvəl dönən kənd sakinləri Oktay İsmayılov, Qərib Səlimov, Asif İsayev, Şahin İsgəndərov, Sadiq Məmmədov danışarkən Laçınsız keçən 33 ilin nə qədər ağır olduğunu söylədilər. Amma onların üzündə də bir ümid vardı:

“Bir gün Qərbi azərbaycanlılar da öz doğma yurdlarına qayıdacaqlar”.

Görüşün sonunda kitablar hədiyyə olundu, xatirə şəkilləri çəkildi. Laçınlılar isə qonaqları təkidlə ailə süfrələrinə dəvət etdilər.

O gün Bəylik kəndində bir məzar tənha deyildi. Çünki onun başında həm şəhidin ruhu, həm də Vətənin yaddaşı vardı. /AZƏRTAC/

Избранный
4
4
hafta.az

5Источники