RU

Ballıqaya qətliamından 33 il ötür

Ballıqaya faciəsi Azərbaycan xalqının yaddaşında etnik təcavüz və işğalın dəhşətini simvolizə edən bir hadisə kimi qaldı

Ballıqaya qətliamı Azərbaycan tarixində erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı törətdiyi ən qanlı faciələrdən biridir. 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə baş verən bu hadisə təkcə hərbi təcavüz aktı deyil, həm də insanlığa qarşı cinayət idi. Qadınların, uşaqların, qocaların amansızcasına qətlə yetirilməsi erməni terrorunun miqyasını bir daha açıq şəkildə nümayiş etdirdi. Bu gün həmin faciəni xatırlamaq, tarixi həqiqətləri yeni nəsillərə çatdırmaq və beynəlxalq ictimaiyyətin diqqətinə təqdim etmək Azərbaycan tarixçilərinin, ziyalılarının və media nümayəndələrinin üzərinə düşən mənəvi borcdur.

Məhz bu məsələlər ətrafında fikir mübadiləsi etmək üçün AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva ilə həmsöhbət olduq.

Müsahibimiz Ballıqaya qətliamının tarixi kontekstdə yeri, erməni silahlı dəstələrinin bu cinayəti törətməkdə məqsədləri, faciənin Azərbaycan ictimai-siyasi həyatına və beynəlxalq aləmdə ölkəmizin mövqeyinə təsiri, həmçinin gələcək nəsillərin yaddaşında bu qətliamın necə yaşadılmalı olduğuna dair fikirlərini bölüşdü.

– Ballıqaya qətliamı hansı tarixi və siyasi şəraitdə baş verdi?

- 1987-ci ilin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı prosesi başladı. Bu işğal zamanı ermənilər kəndləri və rayonları ələ keçirərkən yerli əhalini vahiməyə salmaq, digər bölgələrdə yaşayanlara psixoloji təsir göstərmək üçün qətliamlar törədirdilər. Almatı şəhərində Azərbaycan Respublikası adından 1991-ci il dekabrın 21-də imzalanmış Müstəqil Dövlətlər Birliyinə daxil omaq haqqında sazişin təsdiq edilməməsi barədə qərar qəbul edildikdən sonra Rusiyanın yardımlarını daha da artırması nəticəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü daha da genişləndi. Mülki əhalinin amansızlıqla qətlə yetirliməsi davam etdirildi.Belə faciələrdən biri də Laçın rayonundan məcburi köçkün düşərək Goranboy rayonunun Ballıqaya yaylağında məskunlaşan sakinlərin başına gətirildi.

– Qətliam nəticəsində neçə nəfər həyatını itirdi və onların sosial tərkibi necə idi?

- Ballıqayada əsasən Laçından didərgin düşmüş və heyvandarlıqla məşğul olan ailələr məskunlaşmışdı. 1992-ci ilin avqustunda Ermənistan silahlı dəstələrinin hücumu nəticəsində kənddə dəhşətli qətliam törədildi. Ümumilikdə 24 nəfər amansızcasına qətlə yetirildi ki, onlardan 6-sı uşaq, 13-ü qadın idi. Bundan əlavə, 9 nəfər yaralandı, onların 5-i ağır, 4-ü isə yüngül xəsarət aldı. Qətlə yetirilənlərin bir hissəsi Bərdədə dəfn edildi, işğaldan azad edildikdən sonra isə Ballıqayada kütləvi məzarlıq aşkarlandı.

– Hadisədən sağ çıxan şahidlərin verdiyi məlumatlar tarixi araşdırmalarda necə istifadə olunub?

- Sağ qalanların ifadələri tarix elmi üçün çox böyük əhəmiyyət daşıyır. Onlar hadisələrin görünməmiş tərəflərinin canlı şahidləridir və dedikləri faktların təsdiqlənməsinə kömək edir. Tarixi araşdırmalarda “şifahi tarix” metodu geniş istifadə olunur: tarixçilər sağ qalanlarla müsahibələr aparır, onların xatirələrini sistemləşdirir, arxivləşdirir və təhlil edirlər. Bu, yalnız hadisələrin xronikasını yaratmır, həm də gələcək nəsillərin empatiya qurmasına imkan verir. Eyni zamanda, soyqırımların inkarına qarşı güclü dəlil rolunu oynayır.

– Qətliamın Azərbaycan cəmiyyətinə psixoloji və sosial təsirləri nədən ibarət oldu?

 Ballıqaya qətliamı təkcə bir kəndin faciəsi deyil, bütün Azərbaycan cəmiyyətinə ciddi psixoloji zərbə vurdu. Ailələr tamamilə məhv edildi, uşaqlar, qadınlar qətlə yetirildi. Bu, xalqın yaddaşında dərin iz buraxdı və müharibə dövründə məcburi köçkünlərin həyatında yeni travmalar yaratdı. İnsanlar yalnız torpaqlarından yox, həm də yaxınlarından, uşaqlarından, ailə üzvlərindən ayrı düşdülər.

– Hadisə ilə bağlı beynəlxalq təşkilatlar və insan haqları qurumlarının reaksiyası necə oldu?

- Ballıqaya qətliamı da daxil olmaqla, ermənilərin Qarabağda azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı aktları beynəlxalq təşkilatlar tərəfindən pislənilib. BMT, İslam Əməkdaşlıq Təşkilatı, "Genocide Watch" kimi qurumlar bu cinayətlərə münasibət bildiriblər. "Genocide Watch" hətta Ermənistanın hərəkətlərini soyqırımı təhlükəsi kimi qiymətləndirərək “Genocide Alert” səviyyəsində elan etmişdi. 2008-ci il martın 14-də BMT Baş Assambleyası Azərbaycan torpaqlarının işğalını və etnik təmizləmə siyasətini pisləyən qətnamə qəbul etdi. ABŞ-ın bir sıra ştatları, həmçinin 15-dən çox ölkə Xocalı soyqırımını tanıdı. Ballıqaya ayrıca sənədlərdə xüsusi qeyd olunmasa da, Azərbaycan dövləti beynəlxalq müstəvidə bütün bu qətliamların tanıdılması istiqamətində fəaliyyət göstərir.

– Ballıqaya qətliamına hüquqi-siyasi qiymət verilməsi istiqamətində hansı addımlar atılıb?

- Soyqırımı və etnik təmizləmə beynəlxalq hüquqa görə ən ağır cinayətlərdən sayılır. Tarixçilərin və hüquqşünasların araşdırmaları bu hadisələrin müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırımı kimi təsnif olunmasına imkan yaradır. Bu araşdırmalar həm hüquqi sübut bazası yaradır, həm də dövlətlərin və beynəlxalq təşkilatların məsuliyyət daşımasına zəmin hazırlayır. Azərbaycan tərəfi də beynəlxalq hüquq müstəvisində bu hadisələrə siyasi-hüquqi qiymət verilməsi üçün ardıcıl mübarizə aparır.

– Ballıqaya qətliamının xatirəsi bu gün necə yaşadılır? Hadisənin gənc nəsillərə çatdırılması üçün hansı işlər görülür?

- Hazırda Ballıqaya da daxil olmaqla, soyqırımlar və qətliamlarla bağlı xatirələr həm məktəb dərsliklərində, həm də memorial komplekslərdə yaşadılır. Azərbaycanın müxtəlif bölgələrində memorial yerlər yaradılıb, muzeylər fəaliyyət göstərir. Gənclər bu məkanlara aparılır, tarixi öyrənmələri üçün şərait yaradılır. Bundan başqa, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası da bu hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.

– Tarixçilər və tədqiqatçılar üçün bu qətliamın araşdırılması niyə vacibdir?

- Ballıqaya kimi qətliamların araşdırılması yalnız tarixi faktları üzə çıxarmaq üçün deyil, həm də ədalətin bərpası və gələcək nəsillərə düzgün yaddaşın ötürülməsi üçün mühümdür. Tarixi sənədləşdirmək, şahidlərin ifadələrini qorumaq, bu hadisələri hüquqi və siyasi müstəviyə çıxarmaq tarixçilərin üzərinə düşən vəzifədir. Bu tədqiqatlar həm beynəlxalq aləmdə inkarçılığa qarşı ən güclü vasitədir, həm də Azərbaycan xalqının yaddaşında milli kimlik və ədalət hissini möhkəmləndirir.

- Son olaraq, Ballıqaya qətliamı və Qarabağda baş verən digər faciələrin Azərbaycan tarixindəki yeri və önəmi barədə nə demək istərdiniz?

- Bu hadisələr yalnız itkilər və acılardan ibarət deyil; onlar xalqımızın birliyini, iradəsini və milli şüurunu gücləndirdi. Bu faciələrdən çıxarılan dərslər, vətənpərvərlik ruhu və xalqın azadlıq arzusu nəticəsində Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı. Ballıqaya soyqrımı qurbanlarının ruhu şaddır. Bu yaddaş, həm tarixi ədaləti bərpa etmək, həm də gələcək nəsillərə vətənpərvərlik nümunəsi təqdim etmək baxımından əvəzsizdir.

Nigar Orucova, “İki sahil”

Избранный
31
ikisahil.az

1Источники