RU

Biz işğalçı deyilik, ərazimizi azad edən ölkəyik!

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəziləri Azərbaycanın Zəngəzuru tutacağı, İran–Ermənistan sərhədini bağlayacağı barədə şayiələr yayırdı…

İndiyə qədər olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin xarici media qurumuna verdiyi budəfəki müsahibəsi də əhatə etdiyi mövzuların çeşidi, bölgə və dünya üçün aktuallıq kəsb edən məsələlərin coğrafiyası, eləcə də 8 avqust Vaşinqton razılaşmalarının tarixi əhəmiyyəti və bu zaman şəxsiyyət amilinin rolu barədə açıqlamaları təhlilə və ciddi analizə ehtiyac duyur. Dövlətimizin başçısının, xüsusilə 2020-ci ilin noyabrından sonra Azərbaycanın müəllifi olduğu yeni reallığın fonunda yeni geosiyasi situasiya, Ermənistanla paraflanmış sülh müqaviləsinin dönməzliyi, Azərbaycan–ABŞ, Azərbaycan–İran münasibətləri, Zəngəzur dəhlizi və digər məsələlər ətrafında fikirləri maraq doğurdu. Onun Bakı–Tehran əlaqələri barədə açıqlamaları isə ayrıca qeyd olunmalıdır.

“Biz siyasətimizi İran xalqı tərəfindən seçilən və öz vəzifəsini yerinə yetirmək səlahiyyətinə malik olan, yəni Prezident kimi siyasətçilərə əsasən qururuq. Hazırda müşavir adlandırılan bəzi keçmiş rəsmilər tərəfindən müəyyən fikirlər səsləndirilir. Nə məsləhətlər verirlər, bilmirəm. Dərhal reaksiya oldu. Bu mövqe bizim üçün heç cür əhəmiyyətli deyil. Bizim üçün bunun əhəmiyyəti sıfırdır, çünki dövlətlərarası münasibətlərimiz hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də dırnaqarası müşavirlərin yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq. Beləliklə, bizim üçün hər şey aydındır. Prezidentin mövqeyi tamamilə məntiqlidir və ona əsaslanır ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib. Eyni zamanda İran Prezidenti Məsud Pezeşkianla, o cümlədən iki prezidentin administrasiyaları arasında münasibətlərin konstruktiv, mehriban olduğunu bəyan edib. Dövlətimizin başçısı bildirib ki, İranın yeni hadisələrlə bağlı rəsmi mövqeyinə gəlincə, Azərbaycan bunu çox əsaslı və çox müsbət hesab edir: “Mən rəsmi mövqe deyəndə Prezidentin, xarici işlər nazirinin mövqeyini nəzərdə tuturam. Bu, rəsmi mövqe hesab olunur”.

Bakı və Tehran arasındakı münasibətlərin mövcud durumuna, xarakterinə və perspektivinə aydınlıq gətirərkən, İlham Əliyev cənubdan bəzilərinin ikitərəfli təmaslara kölgə sala biləcək açıqlamalar səsləndirməsinə konkret və kəskin reaksiya verdi. Burada söhbətin İranın Ali rəhbəri Xameneinin müşaviri, sabiq xarici işlər naziri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizinin açılmasına qarşı etdiyi çıxışlarından getdiyi hamıya məlumdur.

Öz növbəsində, Zəngəzur dəhlizinin bölgə üçün vacibliyini vurğulayan telekanalın əməkdaşı bunun ardınca İran Prezidentinin Azərbaycana səfəri üzərinə gəldi. O, soykökü etibarı ilə azərbaycanlı olan Pezeşkianın Bakıda Azərbaycan dilində danışmasına diqqət çəkərək geosiyasi dəyişikliklərdən sonra iki ölkə arasında münasibətlərin səviyyəsi barədə sual ünvanladı. Suala cavabında İran Prezidentinin Azərbaycana səfərindən, onunla çox yaxşı işgüzar münasibətlər qurmasından söz açan İlham Əliyev Pezeşkianın bu il Azərbaycana iki dəfə səfər etdiyini xatırlatdı: “Birincisi rəsmi səfər idi, ikincisi isə Xankəndi şəhərində, azad edilmiş Qarabağda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatıldı. Bəli, siz tamamilə haqlısınız, o, azərbaycanlıdır, mənim kimi eyni qanı daşıyır. Eyni dildə danışırıq, tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır”.

***

Müsahibədə bir daha o zaman bəzi media orqanlarında, internet saytlarında Azərbaycanın Zəngəzuru işğal edəcəyinə, İran–Ermənistan sərhədini bağlayacağına dair planları barədə yayılan şayiələri yada salan İlham Əliyev məsələyə son nöqtəni qoydu: “Bizim belə bir niyyətimiz yoxdur. Hər halda, etmək istəsəydik, edərdik. 2020-ci ilin noyabr ayında bunu etmək çox asan idi. Bu son beş il ərzində də bunu etmək çox asan idi. Cəmi 40 kilometrdir, hərbi baxımdan çox vaxt aparmayacaqdı. Sadəcə hər iki istiqamətdən – Naxçıvandan və Azərbaycanın bu tərəfindən gəlirsən və ərazini götürürsən”.

Məsələyə bu qədər şəffaf və konkret münasibət bildirən Azərbaycan liderinin açıqlamasına “Əl-Ərəbiyyə”nin müxbirinin ölkəmizin Zəngəzuru almaq üçün yetərli gücə sahib olub-olmadığı barədə sualına isə Prezident İlham Əliyevin cavabı birmənalı və qətiyyətli idi: “Əlbəttə, var və bunu hamı bilir. Hətta pis məsləhətlər verənlər də bilirlər ki, bunun üçün bizim gücümüz kifayət qədərdir. Biz təcavüzkar olmadığımız üçün bunu etmədik. Biz işğal edən ölkə deyilik, biz əraziləri azad edən insanlar və ölkəyik. Bizim işimiz bundan ibarət idi və bizim müharibəmiz də ədalətli idi. Müharibəmiz azadlıq müharibəsi idi. Müharibəni öz torpaqlarımızda, ədalətin bərpası naminə aparmışıq. Beləliklə, bu baxımdan hesab edirəm ki, bizim indi Ermənistan–İran sərhədini kəsməyi planlaşdırdığımızla bağlı aparılan söz-söhbətlər tamamilə əsassızdır. Bunu hamı bilir”.

Son beş ildə Ermənistanın Zəngəzur dəhlizinin açılmasına mane olması səbəbindən rəsmi Tehranla İran ərazisindən əlavə yolun çəkilməsi barədə razılığa gəlindiyini, həmin marşrutun Araz çayının adı ilə – “Araz dəhlizi” adlandırıldığını və Ermənistandan yan keçmək üçün çayın üzərində körpünün inşasına xeyli vəsait xərcləndiyini ərəb jurnalistin nəzərinə çatdıran dövlətimizin başçısı layihəni təfərrüatı ilə izah etdi: “Xəritəyə baxsanız, bunun çətin olmadığını görəcəksiniz. Siz, sadəcə olaraq, Ermənistan–Azərbaycan sərhədinə çatırsınız, sonra sola dönürsünüz, çay üzərində körpü tikirsiniz və İran ərazisində 40 kilometr gedirsiniz, sonra yenidən Naxçıvana daxil olursunuz. Bu layihə artıq icra mərhələsindədir. Ermənistandan keçən dəhliz açılanda bizim iki yolumuz olacaq, yükləri çatdırmaq üçün daha çox imkanlarımız olacaq - bir yolla İrandan, digər yolla Ermənistandan. Biz İran hökumətindəki həmkarlarımızla onu da müzakirə etdik ki, çayın digər sahilində, İran ərazisində dəmir yolunun tikintisi zərurəti yarana bilər. Belə olarsa – İran həmin yolu inşa etsə, yüklərin bir hissəsi İrandan keçəcək. Daha önəmlisi odur ki, yanlış məsləhətlər verən bəzi müşavirlər də başa düşmürlər ki, bu, təkcə Azərbaycanla Azərbaycan arasında deyil, təkcə Şərqlə Qərb arasında deyil, həm də Şimalla Cənub arasında bağlantıdır”.

***

Azərbaycanın Rusiya sərhədindən İran sərhədinədək dəmir və avtomobil yolları əlaqəsinin olduğunu xüsusi vurğulayan Prezident İlham Əliyev bunun tamamilə Azərbaycan ərazisində tikilmiş həqiqi Şimal-Cənub dəhlizi olduğunu bu barədə sual verən “Əl-Ərəbiyyə”nin əməkdaşının diqqətinə çatdırdı. Hazırda inşası yarımçıq qalmış hissənin İran ərazisində olduğunu, təxminən 150 kilometrlik yolun çəkilməsinin vacibliyini qeyd etdi: “Lakin bu, müəyyən vaxt aparacaq, bəlkə də bir neçə il. Bəs Şimalla Cənub arasındakı əlaqələr necə qurulacaq? Zəngəzurdan keçə bilər. Xəritəni göz önünə gətirsəniz, həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola, - və oradan isə bizim İranla dəmir yolu əlaqəmiz var, - və onunla Fars körfəzinə çıxmaq olar. Deməli, əslində Zəngəzur dəhlizi təkcə Şərq–Qərb deyil, həm də Şimal–Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal–Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq – Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana”.

Beləliklə, Azərbaycan lideri bölgədə maraqlarını güdən aktorlara belə bir mesaj verdi ki, “Tramp marşrutu”nun işə düşməsi ilə hamının udacağı vəziyyət yaranacaq. Yəni bundan heç kim itirməyəcək. İran hökumətinin də bunu başa düşdüyünü xüsusi olaraq vurğulayan İlham Əliyev Azərbaycanın bundan sonra da bölgə ölkələri arasında əməkdaşlığı gücləndirməkdən ötrü əlindən gələn hər şeyi etməyə hazır olduğunu bəyan edib.

Dövlətimizin başçısının Səudiyyə Ərəbistanı telekanalına müsahibəsini dinləyən xarici ölkə vətəndaşında Azərbaycanın yalnız sülhə və əməkdaşlıq bağlarına söykənən münasibətlər quran ədalətli bir ölkə olduğu barədə qənaətin formalaşacağı şübhəsizdir. Digər tərəfdən, İlham Əliyevin müsahibəsi Azərbaycan ətrafında şayiələr, dezinformasiya yaymağa çalışanlara və bölgədə yaratdığımız yeni reallığa şübhə ilə yanaşanlara verilən çox tutarlı və ədalətli cavab sayılmalıdır.

İmran BƏDİRXANLIXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
1
xalqqazeti.az

2Источники