RU

Laçında MDB ölkələrinin Gənclər Düşərgəsinin bağlanış mərasimi olub

Laçın şəhərində MDB ölkələrinin Gənclər Düşərgəsinin bağlanış mərasimi olub.

“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov layihənin bu il "MDB-nin mədəniyyət paytaxtı" olan Laçın şəhərinin beynəlxalq aləmdə tanıdılmasına töhfə verdiyini bildirib.

Xüsusi nümayəndə Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş digər torpaqlarımız kimi, Laçın rayonunda da geniş infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, Laçın şəhərində gənclərin istedad və bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili üçün də lazımi şərait yaradılıb. Şəhərdə qurulan kinostudiya, yaradıcılıq mərkəzi, qalereyalar və s. burada mədəni mühitin canlandırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fərrux Cumayev isə 26 avqust - Laçın Şəhəri Gününə həsr olunan gənclər düşərgəsinin MDB ölkələri arasında mədəni inteqrasiyaya töhfə verməklə yanaşı, dövlət tərəfindən dirçəldilən Laçın şəhərində yaradıcı mühitin inkişafında da rol oynayacağını vurğulayıb.

Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu icraçı direktorunun müavini Elvira Dolya, Gənclər Fondunun nümayəndəsi Orduxan Qəhrəmanzadə çıxış edərək layihənin əhəmiyyətini qeyd ediblər.

Sonra tədbir iştirakçıları Laçının "MDB-nin mədəniyyət paytaxtı" elan olunmasına və gənclər düşərgəsinə həsr edilən videoçarxları izləyiblər.

Sonda Azərbaycandan və xaricdən düşərgəyə qatılan gənclərə, eləcə də layihənin reallaşmasında iştirak edən könüllülərə sertifikatlar təqdim olunub.

Bağlanış mərasimi bədii hissə ilə başa çatıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə keçirilən düşərgədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistandan gənclər iştirak ediblər. Laçın Şəhəri Günü çərçivəsində eyni zamanda "MDB ölkələrinin Beynəlxalq Kino Günləri" də gerçəkləşib.

Избранный
12
7
ikisahil.az

8Источники